Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-751/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı “əmrin ləğv olunması, işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(007)-2456/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uzun müddətdir ki, Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının poliklinika şöbəsində böyük tibb bacısı vəzifəsində əmək müqaviləsinə əsasən işləmiş, həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İstər əvvəllər, istərsə də hazırda işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmiş, heç bir intizam tənbehi olmamışdır. Lakin xəstəxana üzrə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrlə o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. O, işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Lakin bu hallarla əlaqədar heç bir əsaslandırma aparılmamış, əsassız olaraq əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(007)- 2456/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, izahat baş həkimin təsiri altında onu aldadaraq və hədə-qorxu altında yazılmışdır. Cavabdeh istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 19 sentyabr 1992-ci il tarixli 127 nömrəli Əmrindən görünür ki, İddiaçı poliklinikanın şöbəsinin prosedur otağına tibb bacısı, 01.01.1993-cü il tarixdə həmin poliklinikanın şöbəsinin baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası üzrə Tibbi Şuranın 23.04.2021-ci il tarixli 1 nömrəli protokolundan çıxarışdan görünür ki, poliklinikanın baş tibb bacısı İddiaçı qeydiyyatçı vəzifəsində işləyən Kərimova Səadətin gətirdiyi tanışını 50 manat pul müqabilində vaksin vurulmadan vurulmuş kimi göstərmişdir. Bu barədə İddiaçı və Gülnarə Qasımova yazılı izahat vermişlər. Göstərilənlər nəzərə alınaraq, hər ikisi ilə də bağlınmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. İddiaçı 23.04.2021-ci il tarixli izahatında göstərmişdir ki, təxminən bir həftə öncə qeydiyyatçı Kərimova Səadət ona xahişlə yaxınlaşaraq demişdir ki, onun qohumunun allergiyası var, təzyiqlidir, trombları var və vaksin vurulmasından qorxur, işdən məcbur göndərmişlər. Xahiş etmişdir ki, yola vermək lazımdır. Portaldan keçib. Ona yaxınlaşaraq xahiş etmişdir ki, ona vaksin vurulmasın, buna görə ona 50 manat hörmət etmişlər. Ona COVİD-19 vaksini vurmamışdır. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 24 aprel 2021-ci il tarixli 107- K nömrəli Əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 18 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrə əsas kimi İddiaçı izahatı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vəkil sorğusuna cavab məktubunda göstərilmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü, X3 həmin Məcəllənin 32.4, 308.1 və 32.4, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair istintaqı aparılmış və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilən ********* nömrəli cinayət işi üzrə şahid qismində X2 əməlində cinayət tərkibi olmadığından 23 avqust 2021-ci il tarixli qərar ilə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bunu o öz etiraf ərizəsində də təsdiq etmişdir. “İşəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçı izahatı hədə-qorxu və baş həkimin təsiri altında yazdığını bildirsə də, bu hallar müəyyən edilməmişdir. İddiaçının şəxsə vaksin vurulmadan vurulmuş kimi qeydiyyat aparması işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dispozisiya şərtlərini yaradır. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçının barəsində cinayət işinin başlanılmasının rədd edilməsi onun işdən azad edilməsi barədə əmrin qanunsuz olması və hazırki iddianın təmin edilməli olması qənaətinə gəlməyə əsas verən hal deyildir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2456/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-751/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-751/2022
24.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver