Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7517/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğlunun, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-3065/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğlu Cavabdeh qarşı “pul tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 43000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, müştərisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən “Lənkəran” kafesinin müdiri X1 ona Cavabdeh Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışdığını, müxtəlif dövlət orqanlarında tanışlarının olduğunu bildirmişdir. Bundan sonra, Cavabdeh ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbələrinin birində müfəttiş düzəldəcəyini vəd etmişdir. Cavabdeh ilə ilkin danışığında onu həmin vaxt işlədiyi Bakı Sənaye Pedaqoji Kollecində əvvəlcə şöbə müdiri qoyduracağına söz vermişdir. Bunun müqabilində ondan 5000 manat pul tələb etmiş, o da, Ədalətin və Samirin dediklərinə inanıb 5000 manatı, səhərisi gün kafedə Ədalətin yanında Samirə vermişdir. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh ona ilkin təklif etdiyi vəzifəni yox, həmin vaxt işlədiyi kollecdə direktor müavini vəzifəsinə qoyduracağını bidirmiş və ondan əlavə olaraq, təxminən 2013-cü ilin iyun ayında 15.000 manat, 2013-cü il iyul ayının sonlarında isə 8000 manat pul almışdır. Bir müddət keçdikdən sonra onunla görüşüb işlədiyi kollecdə direktor vəzifəsinə təyin etməsini bildirmiş, o da razılaşmışdır. 2013-cü il avqust ayının axırlarında 10000 manat, həmin vəzifə ilə bağlı 2013-cü ilin oktyabr ayında isə 5000 manat Samirə pul vermişdir. Lakin, aradan 5 ay keçməsinə baxmayaraq, hər dəfə ondan işi ilə bağlı soruşduqda o, müxtəlif bəhanələrlə və yalan vədlər verərək tezliklə vəd etdiyi vəzifəyə təyin etdirəcəyini bildirirdi. Hətta, onun günahı ucbatından işə getməməsi və bu səbəbdən işdə yaranan problemlərlə əlaqədar olaraq, işlədiyi kollecdən onu müəllim vəzifəsindən azad etmişlər. Sonradan ona məlum oldu ki, Cavabdeh həqiqətən təcrübəli dələduzdur və ondan başqa, onlarla adamı aldadaraq dələduzluq yolu ilə küllü miqdarda pullarını mənimsəmişdir. Onun barəsində 18-ci polis bölməsinə ərizə ilə müraciət etmiş, bununla əlaqədar, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-133/2016 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. Cavabdeh onun ümumilikdə vahid niyyətlə 43.000 manat məbləğində pulunu mənimsəmişdir və zərərçəkmiş şəxs kimi ona küllü miqdarda ziyan vurmuşdur. Onun günahı ucbatından maddi vəziyyəti ağırlaşaraq pis vəziyyətə düşmüşdür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-3065/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 43000 (qırx üç min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğluna verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-3065/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə aktı qəbul olunan zaman maddi və prosessual hüquq normaları pozulmuş, o, cavabdeh kimi işə baxılmasına cəlb edilməmiş, iş üzrə izahatı alınmamış, sübutların araşdırılmasına cəlb edilməmiş, tətbiq olunmalı qanun tətbiq olunmamış, nəticədə prosessual hüquqları və Konstitusiyada təsbit olunmuş müdafiə hüquqları pozulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı haqqında xəbərdar və işə cəlb edilməmiş, məhkəmə iclasında iştirakı təmin edilmədiyindən sübutların araşdırılmasında iştirak edə bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(101)-133/16 №-li hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə, 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarı ilə cəzası 5 il müddətə endirilmişdir. Həmin cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 178.3.2,-ci maddəsi ilə təqsirli bilinsə də, nə ibtidai araşdırma, nə də məhkəmə araşdırması zamanı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğlundan hər hansı bir məqsədlə və hər hansı bir məbləğdə pul almadığını bildirmiş, ona qarşı cinayəti törətməyi və qeyd olunan məbləğdə ona maddi ziyan vurmağına dair işdə mötəbər sübut olmamış, məhkəmə iş üzrə zərərçəkmiş şəxsin qeyri-mötəbər, əsası olmayan ifadələrinə əsaslanmaqla ittiham hökmü çıxarmışdır. Cinayət işinə baxılan zaman iş üzrə zərərçəkmiş şəxs kimi dindirilmiş hazırkı iş üzrə iddiaçı-Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğlu bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, yalnız şifahi izahata əsaslanmış, məhkəmə də onun əsassız sözlərinə etimad etmişdir. İştirakının təmin olunmadığı məhkəmə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin tərəfindən edilməsi qənaətinə gəlməklə səhv nəticəyə gəlmişdir. Barəsində belə bir məhkəmə qətnaməsinin olmasından 2020-ci ilin avqust ayında Xətai rayon İcra və Probasiya Şöbəsindən xəbər bilmiş, 2020-ci il avqustun 20-də qətnamənin surətinin ona verilməsi üçün yazılı müraciət etmiş və 2020-ci il avqustun 24-də hazırki qətnamənin surəti ona rəsmi qaydada təqdim olunmuş, ona görə də apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət üzrlü səbəbdən tərəfindən ötürülmüşdür. Məhkəmə iclasında iştirakı təmin olunmadığından iş birtərəfli araşdırılmış, sübutlar təhrif olunmuş, onun prosessual hüquqları pozulmuşdur. Qeyd olunan hallar məhkəmənin qanunun tətbiqində səhvə yol verdiyini, tətbiq olunmalı qanunu tətbiq etmədiyini, nəticədə düzgün olmayan qərar qəbul etdiyini göstərir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğlu apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-133/2016 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Hüseyn Türkmən oğlu Sadıqlını Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbələrinin birində müfəttiş vəzifəsinə düzəldəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə sonuncudan 2013-cü ilin iyun ayında 5.000 manat, 2013-cü il iyun ayının axırlarında 15.000 manat və 2013-cü il iyul ayının sonlarında 8.000 manat, 2013-cü il avqust ayının axırlarında 10.000 manat, 2013-cü ilin oktyabr ayında 5.000 manat, vahid niyyətlə ümumilikdə 43.000 manat məbləğində pulunu alıb ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Cavabdeh tərəfindən eyni dələduzluq hərəkətləri digər şəxslərə qarşı da edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, iş üzrə zərər çəkmiş şəxslərə, o cümlədən, iddiaçı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğluna 43.000 manat təşkil edən maddi ziyan ilə əlaqədar mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə sasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən Cavabdeh tərəfindən dələduzluq yolu ilə iddiaçı Sadıqlı (Sadıqbəyli) Hüseyn Türkmən oğluna 43000 manat məbləğində ziyan vurulmasını nəzərə alaraq düzgün olraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Kollegiya cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarına əsasən cavabdeh məhkəməyə teleqram göndərərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 3065/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7517/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7517/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver