Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-752/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı “X6” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16 nömrəli mənzilinə "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. “ASAN 1” tərəfindən verilən ******* saylı Arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16 nömrəli mənzilində qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı “X6” ASC-nin cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 “Unibank” Kommersiya Bankı” ASC-nə qarşı yeni müqavilə bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə yeni kredit müqaviləsi bağlanılması öhdəliyinin həvalə edilməsi və qanunsuz məhkəmə qətnaməsindən sonra hesablanmış faiz borclarının silinməsi, cavabdehin problemli borcların idarə edilməsi şöbəsinin Bəhram və Hafiz adlı əməkdaşlarının vəzifələrindən sui istifadə etməklə onu aldadaraq saxtakarlıqla sənədlərə imza atdıraraq 7000 ABŞ dolları ödətdirilməsinə dair xüsusi qərardad qəbul edərək, Respublika Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı “X6” ASC tələbində göstərir ki, hərrac vasitəsilə ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili almış və mülkiyyət hüququ təsdiq edilmişdir. Mənzildə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır və bu şəxslərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçı "xxxx" ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradələrindən asılı edilməkdədir. Lakin qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" ASC ilə keçmiş mülkiyyətçisi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nədəki belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh1 və ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzildə qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır.
6. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiasını onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehin bankdan 06 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 21 % ödəməklə 50 000 ABŞ dolları kredit alaraq mübahisəli mənzili ipoteka ilə yüklü edərək, sonradan cavabdeh tərəfindən 19.5 % illik dərəcəsi endirilməklə bu günə onun tərəfindən 40000 ABŞ dolları ödənilməsinə baxmayaraq, cavabdeh halhazırda iqtisadi böhranı nəzərə almayaraq, 3 dəfə dolların məzənnəsinin devalvasiyaya uğramasını nəzərə almayaraq, hər dəfə ondan aldatma yolu ilə külli miqdarda pul vəsaiti alınaraq müqavilə bağlanmasına söz verilsə də, bugünə kimi həmin müqavilə bağlanmayaraq növbəti dəfə problemli borcların idarə edilməsi şöbəsinin Bəhram və Hafiz adlı əməkdaşları 2021-ci ilin aprel ayında ona 7000 ABŞ dolları ödətdirərək, öz vəzifə səlahiyyətlərini aşaraq onu aldatmişlar. Onunla yeni müqavilə bağlamaq əvəzinə onu və ailə üzvlərini çölə atmağa çalışırlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2021 saylı, 05 avqust 2021ci il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 “Unibank” Kommersiya Bankı” ASC-yə qarşı iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər isə hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar.
9. Məhkəmə, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 “Unibank” Kommersiya Bankı” ASC-yə qarşı “yeni müqavilə bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müqavilə bağlamağa məcburetməyə yol verilmədiyindən, 3-cü şəxsin iddiası əsassız olduğundan təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi "X6" ASC-nin Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzilə mülkiyyət hüququ verən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddiaya baxılıb qurtarmayınca baxıb hüquqi qiymət verə bilməzdi. Belə ki, əmlakın digər mülkiyyətçisi X3 "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Hərracın nəticələri üzrə protokol və alğı-satqı müqaviləsi etibarsız hesab edilərsə, qaldırılmış hazırkı iddia öz əhəmiyyətini itirir. Məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, o, həyat yoldaşı ilə ailə münasibətlərində olsa da, qeyd olunan mübahisələrə görə 3 ildir ki, ayrı yaşayırlar. O, Salyan rayonu, Alçalı kəndində, özü isə övladları ilə mübahisələndirilən əmlakda yaşayırlar. Ona görə də, onun iddia qaldırmasından xəbəri olmadığından həmin iddia barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, özü tərəfindən keçirilməsi barədə məlumatı olmayan hərracın nəticələrinin etibarsızlığı barədə iddia qaldırmaq üçün Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə müvafiq sənədlərin təqdim edilməsini tələb etsə də, bu günədək həmin sənədlər ona verilməmişdir. Bundan başqa, X3 ona bildirmişdi ki, bankla razılaşıb ödənişlər edib, yeni müqavilə bağlayacaqlar. Lakin ödəniş etsə də, bank müqavilə bağlamaqdan imtina etmişdir. İndi banka çox az borcları qalıb. Bank həm əmlakı alır, həmdə əmlaka yönəlmə qərarından sonra pulu, bu isə onları aldatmaqdır. Hesab edirlər ki, hərracın nəticələri ləğv edilməli və banka olan borcları dəqiqləşdirilib tərəflərindən qalan məbləg ödənilməklə icra işinə xitam verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Cavabdeh X4 vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmədən onun iştirakı olmadan işə baxılmasını və onların xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə isə məhkəməyə dəftərxana vasitəsilə təqdim etdiyi ərizəsində mülki iş üzrə icraarın dayandırılmasını xahiş etmişdir.
14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
20. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni bankın iddiasının təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Belə ki, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2410/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4528/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin 2(102)-4084/2022 saylı 25 iyul 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunan məhkəmə aktları ilə İsmayıl Sadıqovun iddiası təmin edilməmişdir.
27. Cavabdehin şikayətindəki dəlil yalnız prosessual hüquq normalarının pozulması ilə bağlı olmuşdur. Belə ki, o, İsmayıl Sadıqovun hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi və həmin iddiaya baxılıb qurtarmayınca hazırki işə baxılmasının mümkün olmadığını göstərmişdir. Apellyasiya baxışı zamanı onun bu vəsatəti təmin olunaraq icraat həmin işə baxılanadək dayandırılsa da, İsmayıl Sadıqovun qeyd etdiyi iddiası təmin olunmadı və həmin qətnamə qanuni qüvvəsini aldı. Buna baxmayaraq, cavabdeh növbəti dəfə özünün hərracın nəticələri olaraq bağlanmış hərracın yekun protokolu və həmin əmlakın alqısatqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etdiyindən yenidən hazırki işin icraatının dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdehin məqsədi açıq-aşkar hüquqdan pis niyyətlə suiistifadə etməklə iddiaçı banka zərər vurmaq xarakteri daşıyır ki, bu da yolverilməzdir.
28. Cavabdeh mübahisə predmeti olan mənzildən çıxıb və mənzili boşaldıb iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı həmin mənzili hərracın nəticələri olaraq əldə etmiş və iki ildən artıqdır ki, mənzilə mülkiyyət hüququ mövcuddur. Cavabdeh bu halı mübahisələndirməmişdir. Mübahisələndirdiyi yalnız borcunun əksər hissəsinin ödənildiyini və az borcunun qalmasını bəyan etməsidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdeh artıq başqasının mülkiyyətində olan mənzili boşaldıb ona təhvil verməlidir. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər.
29. Cavabdeh apellyasiya şikayətində borcunun az qaldığını bəyan etməklə, faktiki olaraq 4 il əvvəl məhkəmə qətnaməsinə əsasən mövcud olan kredit borcunu bugünədək tam ödəmədiyini etiraf etmiş olur. Ancaq kredit borcunun hissə-hissə ödəməsi hazırki işin predmetinə aid olmadığından, eləcə də borcun hissə-hissə ödənilməsi artıq çıxarılmış qətnamənin icrası qaydasında həll edilməli məsələ olduğundan bu iş üzrə cavabdehin istəyinə və arzusuna uyğun qətnamə qəbul edilə bilməz.
30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.