Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7520/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X2, X10, X4 və X14 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzil istifadə hüququnun tanınması və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 02.07.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan tərəflərin 23.05.2012-ci il təvəllüdlü X19 və 27.01.2014-cü il təvəllüdlü X17 adlı iki övladı anadan olmuşdur. El adətinə uyğun olaraq toyları olmuşdur və iddiaçı cavabdehin faktiki yaşadığı ünvana gəlin köçmüşdür, cehiz əşyaları da həmin mənzildə yerləşdirilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 02.07.2011-ci il tarixli nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı məcbur olub cehiz əşyalarını atasının evinə gətirmişdir. Hal-hazırda iddiaçı valideynlərinin himayəsində darısqal bir evdə yaşayır. Uşaqları məktəbli olduğu üçün dərslərə hazırlaşmaları, sağlamlıqlarının qurunması və normal bir vətəndaş kimi böyümələri bu darısqal mənzildə yaşamaqla qeyri-mümkündür. Ona görə də, azyaşlı uşaqlarının normal şəraitdə yaşayıb böyümələri üçün cavabdehin qeydiyyatda olduğu yuxarıda qeyd olunan mənzilə köçürülməsi və pasport qeydiyyatına alınmalarına zərurət yaranmışdır. Beləliklə cavabdeh tərəfindən öz azyaşlı uşaqlarının hüquqları kobud şəkildə pozulur. İddiaçı cavabdehin yaşadığı evə uşaqları ilə birlikdə köçə və qeydiyyata düşə bilmir. Cavabdehin Bakı şəhərində özünün və başqa şəxslərin adına bir-neçə məzili olduğu halda iddiaçı bu mənzillərin birinə köçərək pasport qeydiyyatına düşə bilmir. Axı cavabdeh uşaqların atasıdır. Azərbaycan Respublikasının qanunları ilə təsbit olunmuş vəzifələri bir ata kimi yerinə yetirməyə borclu olmalıdır. Hal-hazırda iddiaçı heç yerdə işləmir. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh uşaqlarla əlaqədar üzərinə qanunla qoyulan vəzifələri yerinə yetirmir. Bütün qeyd olunan vəzifələrin yerinə yetirilməsi uşaqların normal mənzil şəraitində yaşamalarının təmin olunmasından birmənalı olaraq asılıdır. Göstərilənlərə əsasən iddiaçının azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus ünvan 2 ünvandakı mənzilə istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri, mənzilə pasport qeydiyyatına alınmaqları və mənzildən istifadə qaydasının müəyyən edilməs barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı X11, X20, X7, X18, X6, X23, X5, X15 və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişlər. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş şəxslər apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 19.11.2019-cu il tarixdə verilmiş AZ-İ № 338462 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 19.11.2019-cu il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 442 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 27.07.2012-ci il tarixdə verilmiş AZ-İİ № 929706 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 33 may 2012-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 27.02.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 257165 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 27 yanvar 2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********82-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X4, X12, X3, X10, X6, X14, X1, X8 və X9 paylı mülkiyyətindədir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Deməli, göstərilən mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin qeyd olunan normalarının və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının mənasından göründüyü kimi, hüquq normaları yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında olan istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyir. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi isə Cavabdeh mülkiyyətində deyildir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmadığından, İddiaçı qeyd olunan yaşayış sahəsinə istifadə hüququ tanınması üçün qanuni əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7520/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7520/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver