Məhkəmə qərarları › İş №2(103)-7521/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7521/2022

14.11.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7521/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov küçəsində yerləşən ev 11-ə dəymiş 15704 manat ziyanın və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdeh «Atəşgah" Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-dən 14850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, keçirilmiş məhkəmə ekspertizası xərcinin 45 manatı (qırx beş) Atəşgah” Sığorta Şirkəti ASC-dən, 5 (beş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülməsi qət edilmişdir.

3. Cavabdeh Sığorta Şirkəti xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 239/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

4. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Atəşgah” Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. Cavabdehin verdiyi şikayət Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.

9. Belə ki, mülki işdə olan xəbərnamədən görünür ki, Cavabdeh Sığorta Şirkəti sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almış, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

10. Rayon məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Apellyasiya şikayəti müddətin sonuncu günü saat 24:00-a qədər rabitə orqanlarına verilsəydi müddət ötürülməmiş hesab edilərdi.

11. MPM-in 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

12. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

13. Məcəllənin 129.2-ci maddəsinə əsasən, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

14. Məcəllənin 129.3-cü ci maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

15. Hazırkı iş üzrə müddətin son günü qeyri iş günü olan xx.xx.2022-ci il tarixə, yəni bazar gününə düşdüyündən, ondan sonrakı iş günü, yəni xx.xx.2022-ci il tarix müddətin son günü olmuş, cavabdeh də elə həmin elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir.

16. Göründüyü kimi cavabeh tərəfindən apelyasiya şikayəti vaxtında verildiyindən, rayon məhkəməsi şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarmaqda haqlı olmamışdır.

17. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv edilməli və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş şikayət təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və Cavabdeh Sığorta Şirkəti tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)- 239/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar