Məhkəmə qərarları › İş №2(103)-7524/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7524/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7524/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)-2948/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5110 manat borcun, dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2007-ci il tarixdə “Həsənoğlu” firmasında işləmiş, sonuncu ondan dəfələrlə borc pul almış, lakin qaytarmamışdır. Cavabdehin ondan borc olaraq hissə-hissə aldığı pulun ümumi məbləği 3110 manat təşkil edir. Bundan başqa cavabdeh dəyəri 1800 manat təşkil edən 2 ədəd “Samsung Galaxy S6” mobil telefonları kreditə götürməyi, kredit borcunu və faizləri ödəyəcəyinə dair iddiaçını aldatmış, telefonları öz mənfəəti üçün satıb, pulu qaytarmamışdır. Həmçinin cavabdeh taksidə işləməsi üçün 2020-ci il tarixdə iddiaçıdan 200 manat da pul almış, tezliklə pulları verəcəyinə dair öhdəlik götürmüş, lakin yenə də qaytarmamışdır. Son zamanlar isə cavabdeh telefon zənglərinə belə cavab vermir. Bununla bağlı Binəqədi rayon 5-ci Polis Bölməsinə şikayət etmiş, lakin şikayəti mülki xarakterli olduğu üçün rayon məhkəməsinə müraciət etməyi bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2948/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin maddi və prosessual hüquq normalarının pozulmasını, hərtərəfli, tam və obyektiv araşdırma aparmamasını, cavabdehin səs yazısına dair SD distikinin və telefon yazılarının olması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin kimi əsaslandırmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehə borc pul verməsinə dair aralarında hər hansı yazılı sənəd, müqavilə tərtib olunmamışdır. Bu səbəbdən də məhkəməyə sübut təqdim edə bilməmişdir. İki ədəd telefona görə nisyə alqısatqı müqaviləsi onunla deyil, qohumu ilə bağlanmış, cavabdeh isə ödənişləri mağazaya etməli idi. Lakin, həmin ödənişləri də etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf cavabdehin ondan müxtəlif vaxtlarda borc pul aldığını, onu kreditə telefon götürməyə vadar etdiyini, nəticədə cavabdehin ona 5110 manat məbləğində borcunun yarandığını iddia etsə də, iş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmişdir. İddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci madddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehə hissələrlə hansı tarixlərdə, hansı məbləğlərdə və hansı şərtlərlə borc pul verməsinə, borcun qaytarılma vaxtının çatmasına və s. bu kimi zəruri hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı cavabdehin təklifi ilə kreditə iki ədəd mobil telefon almasını, kreditin cavabdeh tərəfindən qaytarılmalı olmasını da iddia etmiş, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir (həmçinin, iddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında həmin telefonlara görə müqavilənin onunla deyil, yaxını olan digər şəxslə bağlandığını bildirmişdir). İddiaçı apellyasiya şikayətində cavabdehin səs yazısına dair SD distikinin və telefon yazılarının olması qeyd etsə də, birinci instansiya məhkəməsinə həmin sübutları təqdim etməmişdir (apellyasiya şikayətinə də əlavə olunmamışdır). Halbuki, iş materiallarına əsasən iddaçı məhkəmə iclaslarında iştirak etmiş, sübutlarını təqdim etmək imkanında olmuşdur. Məhkəmə iclas protokollarından da göründüyü kimi, iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin sübutun tələb olunması ilə bağlı vəsatət verməmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı da özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)- 2948/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)- 2948/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar