Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7534/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğvi, işə bərpa, boşdayanmaya görə əmək haqqının və mənəvi ziyanın tutulması və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-279/2021 saylı 18.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, boşdayanmaya görə əmək haqqının və mənəvi ziyanın tutulması tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, aralarında imzalanmış müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, "Adore Kompani” MMC tərəfindən barəsində qəbul edilmiş 14 avqust 2020-ci il tarixli, 162/k nömrəli əmrin ləğv edilməsi, 14 avqust 2020-ci il tarixli 162/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun "xxxx" MMC-yə məsləhətçi vəzifəsinə bərpa olunması və qanunsuz işdən çıxarılmasına görə 14 avqust 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh "xxxx" MMC- dən tutularaq ona ödənilməsi, "xxxx" MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09 iyul 2015-ci il tarixdə Cavabdeh MMC (əvvəlki ideal şirkəti ilə) ilə rəsmi əmək müqaviləsi bağlayaraq məsləhətçi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi 5 il ərzində hər zaman əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmiş və dəfələrlə təltif olunmuşdur. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar 27 mart 2020-ci il tarixdə Bakı şəhəri, Ağa Neymətullah 42 ünvanında yerləşən “İdeal" Mağazası müvvəqqəti olaraq bağlanmışdır. 27 aprel 2020-ci il tarixdə mağaza yenidən fəaliyyətə başlamış və o, 27 aprel 2020-ci il tarixdən 22 iyun 2020-ci il tarixə qədər həmin mağazada əmək funksiyasını icra etmişdir. 22 iyun 2020-ci il tarixdə yenidən mağaza bağlanmışdır. 10 avqust 2020-ci il tarixdən yenidən "İdeal" mağazası fəaliyyətə başlamışdır və o, 10.08.2020-ci il tarixdə saat 08:45 radələrində Bakı şəhəri, Ağa Neymətulla 42 ünvanında yerləşən İdeal Mağazasına gedərək işə başlamışdır. Saat 13:45 radələrində mağazanın müdiri ona yaxınlaşaraq bildirib ki, rəhbərlik zəng vuraraq bir daha işə gəlməməyini və mağazanı tərk etməyini tələb edir. O işdən hansı əsasla uzaqlaşdırıldığını soruşub. Müdir deyib ki, bilmir rəhbərliyin qəti göstərişidir, o, mağazada qala bilməz. O, məcburiyyət qarşısında qalıb mağazadan çıxıb. 11 avqust 2020-ci il tarixdə iş yoldaşı zəng edərək bildirmişdir ki, RiTEL rəhəbəri onu 12 avqust saat 15:00 da ofisdə gözləyir. O, 12 avqustda Nobel prospekti, 25 E ünvanında yerləşən "Adore Kompani” MMC-nin baş ofisinə getmişdir. Pərakəndə satış şöbəsinin direktoru Həzrət müəllim ondan işdən çıxma barədə ərizə yazmağını tələb edərək, rəhbərliyin qəti göstərişi olduğunu vurğulamışdır. Bildirmişdir ki, onu başqa maddə ilə çıxartmaq məcburiyyəti qarşısında qoymasın. Qeyd etmişdir ki, 13 avqust gəlsin baş ofisə HR yaxınlaşaraq öz istəyi ilə işdən çıxma barədə yazılı ərizə yazsın. O, elə bir ərizə yazmaq istəmədiyini, işini çox sevdiyini və ərizə yazmayacağını bildirmiş və hansı əsasla onu işdən çıxartdıqlarını soruşmuşdur. O, isə bildirmişdir ki, bu rəhbərliyin qəti göstərişidir. Onu burda görmək istəmir. 13 avqust 2020-ci il tarixdə 09:25 radələrində o Bakı şəhəri, Ağa Neymətullah 42 ünvanında yerləşən İdeal Mağazasına işə gedərək bioskana barmaq izini vuraraq işə başlamaq istəmişdir. Əynini dəyişərək işə başlamaq istədikdə müdir baş ofislə danışaraq onun mağazanı tərk etməli olduğunu bildirmişdir. O, səbəbini soruşduqda rəhbərliyin qəti göstərişi olduğunu bildirmişdir. Onun himayəsində 5 yaşında azyaşlı övladı və yaşlı anası olmasını qeyd edərək ailəsinin yeganə qazancı məhz, onun işidir deyib bu işə çox ehtiyacı olduğunu vurğulamışdır. Lakin məcburi qaydada mağazadan çıxarılmışdır. Mağazadan çıxdıqdan sonra dərhal Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1ynar xəttinə zəng edərək məlumat vermişdir. 13 avqust 2020-ci il tarixdə yenidən rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Əmək Müffətişliyinə rəsmi qaydada müraciət etmişdir. "xxxx" MMC 17 avqust 2020-ci il tarixdə, 12 avqust 2020-ci il tarixli, 0686 saylı məktub ünvanlayaraq göstərir k, onunla "Adore Kompani” MMC arasında imzalanmış 16.07.2015- tarixli 341 nömrəli müddətli Əmək Müqaviləsinin 6 (altı) ay ödənişsiz məzuniyyətdə olduğu zaman 16.07.2020-ci il tarixdə başa çatmışdır. Halbuki, 09 iyul 2015-ci il tarixdə "xxxx" MMC (indiki Cavabdeh MMC) ilə arasında rəsmi əmək müqaviləsi bağlanmışdır. 09 iyul 2020-ci il tarixdə cavabdeh təşkilat ilə bağlanmış müddətli əmək müqaviləsinin 5 ili tamam olmuşdur. Qanunvericliyin tələbinə əsasən isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Belə ki, onun ilə Cavabdeh MMC arasında bağlanmış 07 iyul 2015-ci il tarixli əmək müqaviləsi fasiləsiz olaraq 5 il davam etdiyinə görə 07 iyul 2020-ci il tarixdən artıq müddətsiz əmək müqaviləsi hesab edilir. Bildirmişdir ki, o işçi olaraq 6 ay ödənişsiz məzuniyyət ilə bağlı işəgötürənə müraciət etməmişdir, işəgötürən ilə arasında hər hansı bir razılıq olmamışdır və 6 ay ödənişsiz məzuniyyətdə olmamışdır. 27 aprel 2020-ci il tarixdən 22 iyun 2020-ci ilə tarixə qədər Bakı şəhəri, Ağa Neymətullah 42 ünvanında yerləşən “İdeal'’ Mağazasında əmək funksiyasını icra etmişdir. Bu halı bioskan da olan barmaq izləri təsdiq edir. Yeni növ koronavirus (COVlD-19) xəstəliyi 2020-ci ilin mart ayından X2 tərəfindən dünyada pandemiya elan olunmuşdur. Mövcud Pandemiya ilə əlaqədar olaraq 23 iyun 2020-ci il tarixdə yenidən mağazanın müvəqqəti olaraq fəaliyyətinin dayanması səbəbindən o işə getməmişdir. 10 avqust 2020-ci il tarixdə yenidən “İdeal Mağazası”na işə çıxmışdır. Sonradan sonra, iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında imzalanmış 16.07.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Cavabdeh MMC tərəfindən onun barəsində qəbul edilmiş 14 avqust 2020-ci il tarixli, 162/k nömrəli əmrin ləğv edilməsi, 14 avqust 2020-ci il tarixli 162/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun "xxxx" MMC-yə məsləhətçi vəzifəsinə bərpa olunmağı və qanunsuz işdən çıxarıldığına görə 14 avqust 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh "Adore Compani” MMC-dən tutularaq ona ödənilməsi, "Adore Compani” MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. "xxxx" MMC tərəfindən 07 mart 2020- ci il tarixdə "İdeal” mağazasının Nərimanov filialı üzrə Kenzo və Jvanji firmasının brendləri üzrə müştəri günü keçirilməsi ilə əlaqədar onun 1-ci yer əldə etdiyi üçün ona təyin edilən pul mükafatının, onun Chanell brendi üzrə fevral 2020-ci il tarixə təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğdən 10% artıq satış həyata keçirməsi ilə əlqədar təyin edilən pul mükafatının, iyun 2020-ci il tarixə və mart 2020-ci il tarixə təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğin 90% hissəsində satış həyata keçirilməsi ilə əlaqədar təyin edilən pul mükafatlarının miqdarının müəyyənləşdirilərək cavabdeh “Adore Kompani" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Xəzər rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 341 saylı əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 16.07.2015-ci il tarixindən 1 il müddətinə satıcı vəzifəsinə qəbul işə edilmişdir. İş materiallarında olan 12.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən 14.08.2020-ci il tarixdə xitam veriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan 14.08.2020-ci il tarixli əmr 162/K surətindən görünür ki, 16.07.2015-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 14.08.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya işdən azad olmasına dair 14.08.2020-ci il tarixli 162/K nömrəli əmrin surəti məktuba əlavə olunmaqla göndərilmişdir. İş materiallarında olan 16 oktyabr 2020-ci i tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericliyinin tələbləri pozulduğundan və son haqq-hesab sonuncu iş günü ödənilmədiyindən Cavabdeh MMC barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 11.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati protokol əsasında qəbul edilmiş 26 oktyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 093 saylı, 19.06.2020-ci il tarixli əmrin surətindən görünür ki, 21.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixədək ticarət obyektlərində iş dayandırılmış və işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 03.07.2020-ci il tarixli “19.06.2020-ci il tarixli, 093 saylı “Ticarət obyektlərində işin dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması haqqında” əmrə 01 saylı əlavənin surətindən görünür ki, 21.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri, 05.07.2020-ci il tarixdən 20.07.2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 20.07.2020-ci il tarixli “19.06.2020ci il tarixli, 093 saylı “Ticarət obyektlərində işin dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması haqqında” əmrə 02 saylı əlavənin surətindən görünür ki, 21.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri, 21.07.2020-ci il tarixdən 05.08.2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 05.08.2020-ci il tarixli “19.06.2020ci il tarixli, 093 saylı “Ticarət obyektlərində işin dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması haqqında” əmrə 03 saylı əlavənin surətindən görünür ki, 21.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri, 05.08.2020-ci il tarixdən 31.08.2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 115/2 saylı, 10.08.2020-ci il tarixli əmrin surətindən görünür ki, ticarət obyektlərində iş bərpa edilmiş və işçilər ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 2739 saylı, 14.08.2020-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, Cavabdeh MMC tərəfindən ödəniş təyinatı son haqq-hesab olan 2212.77 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 14.08.2020-ci il tarixli xidməti məktubun surətindən görünür ki, İddiaçı kart hesabına son haqq-hesab olaraq 732.46 manat məbləğində pul vəsaiti ayrılmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı müəssisədə işlədiyi dövr ərzində həm əmək müqaviləsi əsasında təyin edilmiş əmək haqqını, həm də satışlara görə mükafatları tam və əksiksiz olaraq almışdır. Bütün dünyada baş vermiş pandemiya səbəbindən ölkədə də bəzi tədbirlər alınmış, mağazalar bir müddət bağlı qalmışdır. 2020-ci ilin aprel-may aylarında dövlət tərəfindən işçilərin maaşlarının 50 faizi hissəsinin ödənilməsi üçün maddi yardım edilmiş, şirkət isə digər 50 faiz hissəsini özü təmin edərək işçilərin əmək haqlarını tam şəkildə ödəmişdir. Həmçinin, İddiaçı 14.08.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi və şirkət tərəfindən müddətin uzadılmamasına görə işdən çıxsa da onun satışdan əldə etdiyi mükafatlar 2020-ci ilin sentyabr və oktyabr aylarında əmək haqqı kartına köçürülmüşdür. Həmin bank çıxarışında Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən mükafatlar 06.02.2020-ci il üçün 1100.53, 18.02.2020-ci il üçün 100, 26.02.2020-ci il üçün 50, 05.03.2020-ci il üçün 1032.18, 03.04.2020-ci il üçün 1100.53, 04.05.2020-ci il üçün 1100.53, 22.05.2020-ci il üçün 550, 04.06.2020-ci il üçün 550.53, 06.07.2020-ci il üçün 804.2, 14.08.2020-ci il üçün 732.46, 04.09.2020-ci il üçün 114.7, 09.10.2020-ci il üçün 405 hesablanması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 16.07.2015-ci il tarixdən 16.07.2016-cı il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68. 69. 70. 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki İddiaçı ilə Cavabdeh MMC arasında 16.07.2015-ci il tarixdən 16.07.2016-cı il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək münasibətləri hər il bir il müddətinə uzadılmaq şərti ilə 16.07.2020-ci il tarixədək davam etdirilmişdir. Lakin COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Cavabdeh MMC fəaliyyətini müvəqqəti dayandırmış və bu səbəblə iddiaçı 19.06.2020-ci il tarixdə ödənişsiz məzuniyyətə buraxılmışdır. Daha sonra 10.08.2020-ci il tarixdə iddiaçı məzuniyyətdən geri çağırılmışdır. Əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Göründüyü kimi MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin müddəti 16.07.2020-ci il tarixdə bitməli idi. Lakin İddiaçı müqavilənin bitdiyi tarixdə ödənişsiz məzuniyyətdə olduğundan onun əmək müqaviləsinə xitam verilə bilməzdi. İddiaçı 10.08.2020-ci il tarixdə məzuniyyətdən geri çağırılmış və 14.08.2020-ci il tarixdə onun əmək müqaviləsinə müddət bitdiyindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasdır.” Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.” Göründüyü kimi iddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bir təqvim həftəsi keçmədən xitam verilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. İddiaçı sonuncu iş günü 14.08.2020-ci il tarix, yəni əmək müqaviləsinin xitam verildiyi gündür. İş materiallarından müəyyən edilmişdir ki, işçiyə ödəniləcək son haqq-hesab ilə bağlı ödəniş tapşırığı 14.08.2020-ci il tarixdə icraçı bank olan "xxxx" ASC-yə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 115/2 saylı əmri ilə iddiaçı 10.08.2020- ci il tarixindən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. İddiaçı əmək müqaviləsinin müddəti bitdiyi zaman ödənişsiz məzuniyyətdə olduğundan cavabdeh tərəfindən həmin vaxt onun əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu addəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində qaldığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı məzuniyyətdən geri çağırıldıqdan sonra 1 təqvim həftəsi keçmədən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Bununla da,Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə 14.08.2020-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7534/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7534/2021
30.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver