Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-754/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)-4126/2021 saylı qətnaməsindən maraqlı şəxsin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonun Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il tarixində Ağdam rayonun Şıxbabalı kəndində anadan olmuş, 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu Şıxbabalı kəndində M.Əsədov adına üzümçülük sovxozunda fəhlə kimi çalışmışdır. Məcburi köçkün düşəndən sonra həmin faktı təsdiq edən sənədləri işğal altında olan Ağdam rayonu Şıxbabalı kəndindən gətirə bilməmişdir. Hazırda həmin faktı yalnız şahidlər təsdiq edə bilər. O, əmək pensiyasının təyin olunması üçün müraciət edərkən 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu Şıxbabalı kəndində M.Əsədov adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləməsinin məhkəmə tərəfindən təsdiq edilməsindən sonra müraciətinin müsbət həll ediləcəyini ona bildirmişlər. Maraqlı şəxs məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, “...Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və va həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin İ bölməsinin 1-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, is stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş stajını (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Bu cür işlərdə bir nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir. Buna görədə hazırki iş üzrə ən azından Ərizəçiylə eyni müəsssədə işləmiş və işləməyini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə Ərizəçi M. Əsədov adma üzümçülük sovxozunda işləməsi faktının sübuta yetirilməsi üçün azı 2 nəfər şahid mövcud olmalı, ərizəçi ilə şahidlərin sovxozda işlədiyi illər üst-üstə düşməli, şahidlər ərizəçi ilə eyni sovxozda əmək fəaliyyəti ilə məşğul olmalı və hər birinin əmək fəaliyyətini təsdiq edən hüquq müəvvənedici sənədləri mövcud olmalıdır. Ərizəçinin müvafiq sovxozda işləməsi faktının sübuta yetirilməsi məqsədi ilə məhkəmə iclasında dindirilən 3 şahiddən heç biri yuxarıda qeyd edilən şərtlərə cavab verməmişdir...”. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)- 4126/2021 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 1970-ci il tarixdən 1992ci ilin noyabr ayına qədər Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs apelyasiya qaydasında şikayət verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən sovxoz arayışı əlyazma olmaqla staj təsdiqedici sənədlər siyahısında yer almır, dövlət arxivinin arayışı deyildir. Şahidlərin sovxozda əmək fəaliyyətini təsdiq edən sənədlər tələb edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ərizəçi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin aşağıdakı halları müəyyən edilmişdir. AA 221783 nömrəli Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi Ağdam rayonundan məcburi köçkün olmaqlıa Suraxanı rayonu ünvanında müvəqqəti məskunlaşmışdır. ünvan 2toru tərəfindən imzalanmış və şahidlərin ifadələrinə əsasən tərtib olunmuş 05 dekabr 2019-cu il tarixli 197 saylı Arayışdan görünür ki, Ərizəçi 1970-ci ildən 1993-cü ilə qədər sovxozun üzümçülük briqadasında fəhlə işləmişdir. İş materiallarında olan BA-02392-2021nömrəli 04 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan görünür ki, Ərizəçi 1992-ci ilin noyabr ayından Bakı Tikiş Fabrikində işə qəbul olunmuşdur. Ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində prosessual məqsəd aydındır. Hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir. Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, 01 dekabr 1959-cu tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuşdur. Ərizəçi da həmin kənddə doğulduğundan onu uşaqlıqdan tanıyır. Həmçinin, 70-ci illərdən onunla birlikdə Şıxbabalı kəndində yerləşən M.Əsədov adına sovxozda işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 və X3 ifadələrində şahid X4 göstərdiyi xüsusatları bildirərək ərizəçinin onlarla birlikdə Şıxbabalı kəndində yerləşən M.Əsədov adına sovxozda işlədiyini təsdiq etmişlər. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Muğanlı kəndində ərizəçi ilə eyni məktəbdə oxumuşdur. Ərizəçi məktəbi bitirdikdən sonra sovxozda fəhlə işləməyə başlamışdır. Məktəbi bitirdikdən sonra universitetə daxil olmayanlar sovxozda müvəqqəti işləməyə başlayırdılar. O da iki il sovxozda işləmişdir. Əvvəlcə 1972- 1973-cü illərdə işləmiş, daha sonra isə 1986-ci ildə bir il işləmişdir. Ərizəçi Əzim Qurbanov adlı şəxsin briqadasında, o özü isə Ənvər adlı şəxsin briqadasında işləmişdir. Sonra ərizəçi ailə qurmuş, o isə ərizəçinin yaşadığı kənddə tibbi bacısı işləməyə başlamışdır. Ərizəçi kəndləri işğal olunana qədər orada fəhlə işləmişdir. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 göstərmişdir ki, ərizəçini uşaqlıqdan tanıyır. Atası briqadir olmuş, ərizəçi ailəsi ilə birlikdə atasının briqadasında işləmişdir. Özü də 1976-ci ildən həmin sovxozda işləmişdir, təxminən 10 il müddətində orada işləmişdir. Lakin sənədləri hamısı Ağdamda qalmışdır. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 göstərmişdir ki, ərizəçi ilə kənddə qonşu olmuşlar, eyni briqada da işləmişlər. Təxminən 1972-1973-cü illərdən etibarən sovxozda işləməyə başlamışdır. Ərizəçi də 10-cu sinfi bitirdikdən sonra onunla birlikdə həmin sovxozda Əzim Qurmanovun briqadasında işləmişdir. Ağdam rayonu işğal olunana qədər orada işləmişlər və bütün sənədləri də orada qalmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçinin 1970-ci ildən Ağdam rayonun Şıxbabalı kəndində yerləşən M.Əsədov sovxozunda fəhlə işləməsinə dair sənədlər Ağdam rayonunun işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçinin həmin sovxozda fəhlə işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq etmişlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan ərizəçinin 1992-ci ilin noyabr ayından Bakı Tikiş Fabrikində işə qəbul olunduğuna dair məlumatını nəzərə alaraq ərizəçinin 1970-ci ildən məhz həmin tarixə qədər (1992-ci ilin noyabr ayı) Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. Kollegiya hesab edir ki, ərizəçi öz tələbini əsaslandıra bilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin sorğuya cavab məktubunda göstərilmişdir ki, M.Əsədov adına sovxozun arxiv sənədləri işğalda qaldığı üçün Şıxbabalı kənd sakinləri M.Əsədov adına sovxozda işləmiş X5, X6 və X1 şahidliyi ilə məlum olmuşdur ki, Ərizəçi 1970-cı il tarixdən 1993-cü il tarixədək M.Əsədov adına sovxozda fəhlə kimi işləmişdir. İş materiallarından göründüyü kimi, ərizəçi üzrlü səbəbdən əmək kitabçasını təqdim edə bilmir. İş materiallarından və birinci instansiya məhkəməsində, həmçinin apelyasiya baxışı zamanı dindirilmiş şahid ifadələrindən, həmçinin qeyd olunan sorğuya cavab məktubundan da ərizəçinin 1970-cı il tarixdən Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsi faktı təsdiq edilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Maraqlı şəxsin apelyasiya şikayətində ərizənin təmin edilməməsinə əsas verəcək hər hansı bir konkret dəlil göstərilməmişdir, apellyasiya şikayəti əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)- 4126/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-754/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-754/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver