Məhkəmə qərarları › İş №2(103)-754/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-754/2025

04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-754/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı İldırım qızının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh Mərkəzin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı cavabdeh Mərkəzə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Mərkəzin xx.xx.2024-cü il tarixli, 3-24-2/3- 01-k-66/2024 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - Mərkəzin Təhsil, təlim və tədris şöbəsinin tədris proqramları ilə iş sektorunun metodisti vəzifəsinə bərpa edilməsi, işə bərpa olunana qədər buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi ödəncin cavabdeh Mərkəzdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mərkəz xx.xx.2024-cü il tarixində attestasiya keçirərək iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmiş və iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Attestasiya qərəzli olmuşdur. Belə ki, Mərkəzin işçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Mərkəzin Attestasiya Komissiyasının yaradılması haqqına xx.xx.2024-cü il tarixli, 3-24-2/3-01-f- 20/2024 nömrəli əmr Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmış, eyni zamanda Attestasiya Komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın “Novruz bayramından” sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün bir ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin iki əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “WhatsApp” platformasında qrup yaradılmış və iddiaçı həmin qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd iddiaçıya təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər “Novruz bayramı” tətilindən sonra işə qayıtdıqda WhatsApp” platformasında yaradılmış qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçının və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçı və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzudan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz edən iddiaçı isə təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda “Əmək kitabçalarının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral tarixində Mərkəzin direktor vəzifəsini Akif Maarifli icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il və 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yalnız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə və digər qurumlara müraciət etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən mediasiya təşkilatına müraciəti edilmiş, xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı verilmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh Mərkəzin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, iddiaçı isə mediasiya təşkilatına xx.xx.2024-cü il tarixdə müraciət etməsi, tərəflər arasında mediasiya prosesinə xx.xx.2024-cü il tarixində xitam verilməsi, iddiaçı həmin tarixdən 10 gün keçdikdən sonra – xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq iddiaçı üçün əmək müqaviləsinə xitam verilməsinə dair iddia müddətinin axımı xx.xx.2024cü il tarixdə başlanmış, iddia müddəti isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq həmin ilin may ayının 26-da bitmişdir. İddiaçı isə iddia müddətini xeyli ötürərək yalnız 2024-cü ilin iyul ayında məhkəməyə müraciət etmişdir. Həmçinin tərəflər arasında mediasiya prosesinə xx.xx.2024-cü il tarixində xitam verilsə də, iddiaçı yalnız bu tarixdən 10 gün keçdikdən sonra – xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mediasiya prosesinədək ötürülmüş iddia müddətini əlavə olaraq 8 gün müddətində də ötürmüşdür. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, “Əmək müqaviləsinə” xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdilər.

9. Cavabdeh Mərkəzin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, cavabdeh Mərkəzin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli saylı əmrindən görünür ki, həmin əmr aşağıda göstərilən məsələlərin həyata keçirilməsi məqsədi ilə verilmişdir: “1) İşçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə 9 nəfərdən ibarət Attestasiya Komissiyası (birinci, ikinci) yaradılsın. 2) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olaraq attestasiyadan keçirilsinlər. 3) Hər iki komissiyaya tapşırılsın ki, 3.1) Attestasiya işini aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azerbaycan Respublikasının əmək qanurvericiliyinin, işçilərin attestasiya qaydalarının tələblərinə əməl edilməklə aparsın və rəsmiləşdirsin; 3.2) Attestasiyadan keçən işçilərin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçilərin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etsin; 3.3) Attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə emək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsini təmin etsin; 3.4) Xüsusi bilik tələb edən vəzifələr üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün daha yüksək ixtisasa malik mütəxəssislərin cəlb edilməsi və "Komissiya"nın tərkibinə daxil edilməsi, Komissiya”nın və Attestasiyanın keçirilməsinə 1 ay qalmış attestasiyadan keçən işçilər, attestasiyanın keçirilməsi və attestasiyanın keçirilməsi qaydaları barədə məlumatlandırılması attestasiyanın katibinə (Z.Zeynalova) həvalə edilsin. 3.5) Bu əmrin tələblərinin pozulmasına görə təqsirli bilinən işçilərin intizam məsluiyyətinə cəlb olunması əsas sayılsın”.

12. Cavabdeh Mərkəz tərəfindən iddiaçıya ünvanlanmış 09 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, Mərkəzin direktorunun xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f- 20/2024 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyası yaradılmışdır. İddiaçı, attestasiya olunacaq işçilər kateqoriyasına aiddir. xx.xx.2024-cü il tarixli nömrəli əmrlə təsdiq edilmiş Attestasiya Komissiyasının yaradılması haqqında sənədlə Mərkəzin İnsan resurslarının idarə edilməsi sektorunda tanış ola bilər. Attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunmaqla, tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim etməlidir. Attestasiya zamanı sualların verilməsi nəzərdə tutulmuş məsələlərin siyahısı xəbərdarlı bildirişinə əlavə edilmişdir. Xəbərdarlıq xx.xx.2024-cü il tarixdə qüvvəyə minir.

13. “Attestasiyanın nəticələrinə dair” xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Tədris proqramları ilə iş sektorunun metodisti olan iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmir.

14. Cavabdeh Mərkəz üzrə xx.xx.2024-cü il tarixdə verilmiş 3-24-2/3-01-k-66/2024 əmrdən görünür ki, həmin əmrlə Mərkəzin Təhsil, təlim və tədris şöbəsinin tədris proqramları ilə iş sektorunun metodisti olan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

15. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) göstərilmişdir. İddiaçı həmin əmri yuxarıda göstərilən (bax: hazırkı qətnamənin 2-ci bəndinə) əsaslara görə qanunsuz hesab edir. İşə baxmış Rayon Məhkəməsi isə hesab etmişdir ki, əmr qanunidir, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

16. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər (maddə 65.; bənd 1.). Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər (maddə 65.; bənd 7.). Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır (maddə 67.; bənd 6.).

17. Azərbaycan Respublikasinin Nazirlər Kabinetin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” qərarının 1.2-ci bəndinə görə, müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

17. Həmin Qərarın 2.6-cı bəndinin və “Attestasiya komissiyasının əsasnaməsinin” 6.1.7-ci bəndinin tələblərinə görə, attestasiyanın nəticələri əsasında attestasiya komissiyası işçilərə tutduğu vəzifəyə uyğun gəlməsi yaxud tutduğu vəzifəyə uyğun gəlməməsi qərarlardan birini verir.

18. Attestasiya vərəqindən (xx.xx.2024-cü il tarixli) görünür ki, 270 mümkün baldan iddiaçı cəmi 26 bal toplamışdır. Bu səbəbdən hesab edilməlidir ki, iddiaçı tutduğu vəzifəyə uyğun deyil. Buna görə də iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 77.1. və 14.2.). Lakin hazırkı halda sübutetmə yükü üzərinə düşən iddiaçı tələbin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Həmçinin məhkəmə araşdırması nəticəsində attestasiyanın qanunvericiliklə nəzərdə tutulmuş qaydalardan kənar keçirilməsi və ya bu zaman prosedur pozuntularına yol verilməsi müşahidə olunmur, işçi – iddiaçı topladığı bala münasibətdə qiymətləndirilməklə barəsində işəgötürən – cavabdeh Mərkəz tərəfindən müvafiq qərar verilmişdir. Mərkəzin iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur.

21. Belə olan halda hesab edilməlidir ki, iddiaçı tərəfindən cavabdeh Mərkəzə qarşı irəli sürdüyü iddianın «“Əmək müqaviləsinə” xitam verilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi barədə» hissəsi əsassızdır və işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızıdır.

22. İddia tələbinin “əmrin ləğvi və işə bərpa” barədə iddianın əsassız olması qənaətinə gəlmiş Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdeh Mərkəzə qarşı irəli sürdüyü iddianın “işə bərpa olunana qədər buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi ödəncin cavabdeh Mərkəzdən tutulması barədə” hissəsini də təmin etməmişdir.

23. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Çünki yuxarıda qeyd edilən iddia tələbi təmin edilmədiyi halda qeyd edilən bu tələblərin təmin edilməsi qeyri-mümkündür. Buna görə də hesab edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri də əsassızıdır.

24. Məhkəmə, cavabdeh Mərkəz tərəfindən Rayon Məhkəməsinə verilmiş “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin əsaslılığına qiymət verilməsinə lüzum görmür, çünki iddiaçı tərəfindən cavabdeh Mərkəzə qarşı irəli sürdüyü iddianın əsasız olması aşkardır. Əsassız iddiaya iddia müddətinin tətbiq edilməsinə ehtiyac yoxdur. g) apelyasiyanın nəticəsi

25. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Mərkəz hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

29. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar