Məhkəmə qərarları › İş №2(103)-7540/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7540/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7540/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-3489/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(005)-3489/2021) görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı irəli sürdüyü iddianın qismən təmin edilməsi, cavabdehlərin ünvan 1 ünvanında yerləşən “X2” yaşayış kompleksindəki “B” blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə İcra Şöbəsinin icra məmuru Azər Əliyev ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı (İş № 2(006)-4849/2020) ilə mənzilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulduğunu bildirmiş və belə olan halda mənzilin boşaldılması ilə bağlı icra vərəqəsinin izah olunmasını xahiş etmişdir. İcra məmurunun verdiyi “icra vərəqəsinin izah olunması barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin təmin edilməsini, icra sənədinə əsasən boşaldılmalı olan mənzil üzərində Nəsimi Rayon Məhkəməsinin 2(006)-4849/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qadağanın olmasının nəzərə alınması qərara alınmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və icra məmurunun “icra vərəqəsinin izah olunması barədə” ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsni və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “icra vərəqəsinin izah olunması barədə” icra məmurunun ərizəsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4849/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər X5 və İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi mübahisəli mənzilin üzərinə həbs qoyulması və həmin mənzil üzərində özgəninkiləşdirmə, alqı-satqı, payçı, lizinq, icarə, bağışlama, ipoteka və sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanması və qeydiyyatı cavabdehlər X4, İddiaçı, "xxxx" MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qadağan edilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular Aidə Məmmədova və Cavabdeh1 mübahisəli mənzildən çıxarılmalıdırlar. Göründüyü kimi, cavabdehlərin çıxarılmalı olduğu mənzillə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadı mövcuddur. Bu səbəbdən qətnamənin icrasında çətinlik yarandığından icra məmuru mübahisəli mənzilin boşaldılması ilə bağlı müvafiq izah verilməsini xahiş etmişdir. Rayon Məhkəməsi “icra sənədinə izah verilməsi barədə” icra məmurunun ərizəsinə baxaraq, onun təmin edilməsi barədə nəticəyə gəlsə də, icra sənədinə faktiki izah verməmiş, icra vərəqəsində göstərilmiş və aydın olmayan tələblərə aydınlıq gətirməmiş, qəbul etdiyi qərardadda yuxarıda qeyd edilən məhkəmə aktlarını faktiki sadalamaqla kifayətlənmiş, qətnaməyə əsasən boşaldılmalı olan mənzil üzərində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qoyulmuş qadağaların nəzərə alınmalı olması kimi izah vermişdir. Bununla da Rayon Məhkəməsi “İcra haqqında” Qanunun 14.1-ci maddəsinin tələbini pozmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad səhvdir, bu səbəbdən də şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və “qətnaməyə izah verilməsi barədə” ərizəyə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Beləliklə də göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 12 oktyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyevin “qətnaməyə izah verilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar