Məhkəmə qərarları › İş №2(103)-7543/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7543/2022

11.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7543/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Suraxanı RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Suraxanı RM-nin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə iddiaçının ərizəsi təmin edilməsin. İddiaçının şikayətində tələb olunub ki, xx.xx.2022-ci il tarixli qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Belə ki, xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi ona görə baxılmamış saxlanılıb ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflər üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasına gəlməyiblər. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan 1 il sonra – xx.xx.2022-ci ildə iddiaçının vəkili və nümayəndəsi X1 RM-nə müraciət edərək xx.xx.2021-ci il tarixli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş edib. O, həmin müraciəti “şikayət” adlandırsa da, müraciət məzmunca vəsatətdir. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün MPM-də 2 imkan müəyyən edib: 1) həmin qərardaddan şikayət verilməsi (maddə 267); 2) həmin qərardadın ləğv edilməsi üçün vəsatət verilməsi (MPM, maddə 260.5). Şikayət mahiyyət etibarilə işdə iştirak edən şəxsin məhkəmə aktından narazılığını ifadə edir, yəni şikayətçi ərizənin baxılmamış saxlanılması barədə qərardadın qanunvericiliyin tələbinin pozulması ilə qəbul edildiyini iddia edir və buna görə də qərardadın ləğv edilməsini tələb edir. Vəsatət də mahiyyət etibarilə işdə iştirak edən şəxsin məhkəmə aktından narazılığını ifadə edir, lakin şikayətdən fərqli olaraq vəsatət verən şəxs ərizənin baxılmamış saxlanılması barədə qərardadın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini iddia etmir, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verdiyini iddia edərək bu barədə sübutlar təqdim edir. İddiaçının vəkili və nümayəndəsi Şaban Məmmədov müraciətində qeyd edib ki, iddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılıb, lakin səhhətində yaranmış problem ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyib. Bu müraciət vəsatət sayılır, MPM-in 260.5-ci maddəsinin göstərişinə uyğun həll edilməlidir. Həmin maddəyə görə, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı səhhətində yaranmış problem barədə məhkəməyə sübut təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni (vəsatəti) təmin etməyib, yəni ərizənin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edib. Beləliklə, xx.xx.2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar