Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7544/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X5 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi, Ərizəçi Bakı şəhəri İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3343/2020 saylıiş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxx 1996-cı il tarixli 980 nömrəli sərəncamı ilə Nardaran bağlar sahəsində 26 nömrəli BTK nəzdində 0.12 ha 987D nömrəli bağ sahəsinin X1 verilməsinə dair 39 nömrəli orderdə “Ələsgər” sözü əvəzinə “Əliəsgər” sözün yazılması hüquqi əhəmiyyətli olan faktı və həmin orderin Ərizəçi məxsus olmasının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx xxxx 1996-cı il tarixli, 980 nömrəli qərarına əsasən Nardaran bağlar sahəsində 0.12 ha olan 987D nömrəli bağ ona ayrılıb. Həmin sənəddə onun soyadı və atasının adı düzgün göstərilsə də, adında hərf səhvinə yol verilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində adı Əliəsgər olduğu halda X4 tərəfindən ona verilən 39 nömrəli orderdə səhvən “Ələsgər” göstərilmişdir. Bu sənəddə adında “i” hərfinin yazılmaması səbəbindən orderə əsasən ona verilmiş torpaq sahəsini özəlləşdirə bilmir. Adı çəkilən faktın müəyyən edilməsini başqa qaydada ələ edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə ərizə təqdim edilərək Səmədov Ələsgər (Ələscər kimi yazılmışdır) Əhmədəli oğlunun Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş istehsalat idarəsi X2 Nardaran Bağlar sahəsindəki 96 nömrəli kooperativ tərəfindən verilmiş 39 nömrəli orderdə göstərilən Səmədov Ələsgər (Ələscər kimi yazılmışdır) Əhmədəli oğlu ilə eyni şəxs oması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-3343/20 saylı qətnaməsi ilə ərizə təmin edilərək Ərizəçi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş istehsalat idarəsi X2 Nardaran Bağlar sahəsindəki 96 nömrəli kooperativ tərəfindən verilmiş 39 nömrəli orderdə göstərilən X3 ilə eyni şəxs oması faktı müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin faktiki halları AR MPMnin 14-cü maddəsinin tələblərinə zidd olaraq tam, hərtərəfli və obyektiv olaraq araşdırılmamış, araşdırılmış hesab edilən hallara düzgün hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qərarı qəbul edilmişdir. Bu baxımdan qeyd edilən məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla, eləcə də formal mülahizəyə əsaslandığından ləğv edilməli və ərizəçinin xahişi təmin olunmamalıdır. Əvvəla qeyd edilməlidir ki, hazırkı iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində qoyulmuş olsa da, onun işə baxılmasında iştirakı lazımi qaydada təmin olunmamışdır. Eyni zamanda məhkəmə qətnaməsindən ərizəçinin ilkin olaraq hazırkı məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib-etməməsi məlum olmur. Daha sonra məhkəmə qərarı ilə Bakı ŞİH-nin üzərinə hər hansı bir öhdəliyin qoyulması da məlum deyildir və bu halda məntiqi bir sual yaranır ki, Bakı ŞİH-ti hansı məqsədlə iş üzrə maraqlı şəxs qismində tanınmışdır. Nəhayət, qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri hüquqi varislik müəyyən edilmədən ləğv olunmuşdur. Eyni zamanda sözügedən Sərəncamın 2.1-ci maddəsinə əsaslanaraq ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivləri yalnız saxlanc üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermədən hesab edir ki, ərizə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından qətnamə ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə icraatın iddia icraatı və xüsusi icraat növlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 306.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat qaydasında baxılan işlərin dairəsi isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (305.1.1). Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (306.4). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndndə göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 1.6-cı bəndndə göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Kollegiya qeyd edir ki, əvvəla ərizəçi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulduğu kimi, məhkəməyə müraciət edərkən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməsi barədə sübutu təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. MPM-nin yuxarıda göstərilən tələblərinə riayət olunmaması iddiia ərizəsinin geri qaytaılması (maddə 152), əgər iddia icraata qəbul edilibsə və hakimin tvsiyəsinə əsasən sonradan həmin nöqsanlar aradan qaldırılmayıbsa, ərizənin baxzılmamış saxlaılması üçün əsasdır (maddə 259.0.12). Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. MPM-ə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (maddə 387.1). Göstərilənlərə əsasən və MPM-in 259.0.12, 306.4, 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3343/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Bakı şəhəri İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçi izah edilsin ki, yenidən ümumi qaydada məhkəməyə ərizə vermək hüququna malikdir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7544/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7544/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver