Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-755/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İsgəndər qızının, Cavabdeh X1 iştirakı ilə, İddiaçı İsgəndər qızının cavabdeh X2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)-208/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsgəndər qızı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iki özbaşına tikilinin həyətlərinin bir-birindən ayrılması məqsədi ilə hasarın çəkilməsi üçün yaranan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə cavabdehin oğlu X4 ilə nikaha daxil olmuş və həmin nikahdan bir övladları doğulmuşdur. Evləndikdən sonra Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ev 10 ünvanında yerləşən özbaşına tikiliyə köçmüş və evliliklərinin ilk vaxtlarında həmin evdə yaşamışlar. Həmin ev həm şəraitsiz olduğundan, həm də qaynanası ilə münasibətləri normal olmadığından orada yaşamaq mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçının və onun anasının maddi köməkliyi ilə 2014-cü ildə həmin həyətdə ayrıca bir ev tikdirmişlər. 2016-cı ildə həyat yoldaşı və qaynanası onu döyərək yeni tikdirdikləri evdən qovmuş, bu hadisədən sonra onun bir daha həmin evə getməyi qeyri-mümkün olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə onun azyaşlı övladı ilə həmin özbaşına tikiliyə köçürülməsi qət olunsa da, qətnamə bu günə qədər icra olunmamışdır. Buna görə də onun həmin evə köçürülməsini və maneəsiz yaşayışını təmin etmək məqsədilə bir həyətdə tikilmiş iki özbaşına tikili arasında hasar çəkilməsi zəruridir. Cavabdeh tərəfindən hasar çəkilməsinə maneçilik törədildiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 208/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən bir torpaq sahəsi daxilində iki fərdi yaşayış evini bir-birindən ayıran hasarın tikintisinə icazə tələb olunmur. Belə olan halda, müvafiq icra hakimiyyəti orqanının razılığının olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsi qanuna ziddir. Məhkəmə qərar qəbul edərkən şəhərsalma və tikinti normalarını nəzərə almamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza rəyinə əsasən, hasar çəkilməsinə hər hansı maneə mövcud deyil və sərhəd hasarın inşa olunması mümkündür. Bir həyətdə inşa olunmuş özbaşına tikililər arasında hasar çəkilməməsi onun istifadə hüququnun tanındığı evə köçməsini və məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün etmişdir. Məhkəmə qeyd olunanları nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 208/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(008)-2268/2017 saylı qətnaməsi ilə İddiaçı İsgəndər qızının övladı xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 10 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 01/263 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evləri arasındakı sahədə heç bir tikili və digər qurğu olmadığı üçün hasarın tikilməsinə hər hansı maneə mövcud deyil və iki yaşayış evinin arasında yerləşən boş torpaq sahəsinin üzərində sərhəd hasarın inşa olunması mümkündür. İşin faktiki hallarına əsasən ünvan 4 ünvanında yerləşən yaşayış evləri özbaşına tikilidir. Nə iddiaçının, nə də cavabdehin həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqları yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan maddələrin tələbinə əsasən iddiaçının belə bir iddia tələbi irəli sürməsi üçün ilk öncə o, əmlakın mülkiyyətçisi olmalıdır. Lakin iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyator tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə istinad olunması əsassız olmuşdur. Həmin maddəyə görə, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Maddənin məzmunundan göründüyü kimi, həmin maddə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisi ilə bağlı icazənin zəruri olmamasını təsbit edir. İş materiallarından göründüyü kimi, İddiaçı özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin nə mülkiyyətçisi, nə icarəçisi, nə də qanuni istifadəçisidir. Bundan əlavə, iddiaçının tələbi nə qonşu torpaq sahəsi ilə sərhəddə, nə də küçə boyunca yerləşən hasarın tikintisinə maneənin aradan qaldırılması ilə bağlı olmamışdır. Məhkəmə tikinti texniki ekspertizasının rəyinin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 103ş1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyinə əsasən hasarın tikilməsinə hər hansı maneənin mövcud olmaması və iki yaşayış evinin arasında yerləşən boş torpaq sahəsinin üzərində sərhəd hasarın inşa olunmasının mümkün hesab edilməsi hazırkı iddianın təmin edilməli olmasına əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının hazırkı iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmamışdır. Hazırkı iddianın təmin olunmamasının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(008)-2268/2017 saylı qətnaməsinin icrasız qalmasına səbəb olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə qərarlarının icrası qaydasında qətnamənin məcburi icrasını tələb etmək hüququna malikdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İsgəndər qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 208/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-755/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver