Məhkəmə qərarları › İş №2(103)-755/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-755/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-755/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu(sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X2 42304,51 ABŞ dolları əsas borc, 3976,24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 47613,84 ABŞ dolları borcun və 60,4 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına X3 borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin X4 qaytarılması qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsinin “mənzilin açıq hərracda ilkin satış qiyməti satış anında olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması” hissəsində dəyişdirilməsi, mənzilin açıq hərracda ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh X4 münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılan qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

2. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 aprel 2021-ci il, 07 may 2021-ci il tarixli bildirişlərlə 05 may 2021, 19 may 2021-ci il tarixlərdə, saat 11:00-da keçiriləcək hərraclar barədə məlumat göndərilmiş, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvan 2 ünvanına, həmçinin iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi ünvana - Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 14, mənzil 13-ə göndərilmişdir. ünvan 2 ünvanına göndərilən bildirişlər iddiaçı orada yaşamadığına görə təqdim olunmamışdır. Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 14, mənzil 13-ə göndərilən bildirişlərə gəldikdə isə iddiaçı ilkin hərrac barədə bildirişi xx.xx.2021-ci il tarixdə şəxsən imzalamaqla qəbul etmiş, təkrar hərrac barədə bildiriş isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. “Market” reklamlar və elanlar qəzetinin xx.xx.2021, xx.xx.2021-ci il tarixli nəşrlərində hərracın keçirilməsi barədə elanlar dərc edilmişdir.

4. İpoteka predmetinin ilkin satış qiyməti 105000 manat olmaqla xx.xx.2021-ci il tarixə təyin olunmuş birinci hərrac baş tutmamışdır.

5. Hərrac təşkilatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2021-ci il saat 11:00-ə təyin olunmuş təkrar hərrac barədə məlumat verilmiş, «Market» qəzetində hərracın keçirilməsi barədə elan dərc edilmişdir.

6. xx.xx.2021-ci il tarixdə ipoteka predmetinin 15% aşağı qiymətə, 89250 manat satış qiymətilə keçirilmiş hərracı baş tutmamışdır.

7. İpoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana təklif göndərilmiş, təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir.

8. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bank ipoteka predmetini 66937,50 manata əldə etmişdir. Hazırda mübahisəli mənzil "xxxx" ASC-nin mülkiyyətindədir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və həmin protokolun əsasında Bank BTB-nin mülkiyyət hüququnun qeydə alınmasına dair – qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2021-ci il olan danışmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının xəbəri və məlumatı olmadan hərracdan "xxxx"-yə satılmışdır. Həmin hərracın təşkili və keçirilməsi qanunsuz və əsassızdır. Çünki hərrac “kredit borcu üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mübahisəyə məhkəmədə baxılan zaman həyata keçirilmişdir. Halbuki həmin əmlakı iddiaçının satın almaqda üstünlük hüququ var. Hərracın keçirilməsinə dair bildiriş ona təqdim olunmamışdır. Halbuki hərracın keçirilməsi barədə məlumat hərracın keçirilməsinə 30 gün qalmış verilməlidir. Bununla qanunvericiliyin tələbləri ciddi pozularaq hərrac bildirişi iddiaçıya vaxtında çatdırılmadığına görə o bu barədə məlumatlı olmamışdır. Hərracda onun iştirak etmək imkanını təmin edilməmişdir.

11. Bakı şəhəriYasamal Rayon Məhkəməsinin 2(004)-3295/22 saylı 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia rədd edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Market” reklam və elanlar qəzetində elan yerləşdirilmiş, iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iş materiallarında olan bildirişin surəti bildirişin onun ünvanına göndərilməsini təsdiq edən mötəbər sübut deyildir, bu səbəbdən məhkəmənin qeyd olunan əsaslandırması qanunsuzdur. Bundan əlavə, şikayət olunan məhkəmə qətnaməsindən görünür ki, cavabdeh tərəfindən hərracın keçirilməsi barədə rəsmi saytlarda elan verilməsi barədə iş materiallarında heç bir sübut olmamışdır. Beləliklə, cavabdeh tərəfindən qanunvericiliyin normaları kobud şəkildə pozularaq hərracın keçirilməsi barədə ona bildiriş göndərilməmiş və rəsmi saytlarda elan verilməmişdir. Bu səbəbdən hərrac etibarsız hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. 11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçnın nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 414.1.Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

20. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

21. Maddə 415. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

22. Maddə 416. Bu Məcəllədəmüəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:

23. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

24. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydasıhaqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

27. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

28. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

29. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş hərrac sənədləri nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri, təyin olunan hərraclar barədə iddiaçıya onun özünün də hazırkı iddia ərizəsində göstərdiyi ünvan üzrə rəsmi qaydada məlumatlar göndərilmiş, qəzetdə elanlar dərc edilmişdir.

34. İşin 111-114-cü vərəqlərində olan bildirişlərdən görünür ki, hərraç təşkilatçısı keçirilən hərraclar barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı məlum ünvanlarına bildirişlər göndərmişdir. Qeydiyyatda olduğu ünvana göndərilən bildirişlər orada yaşamadığına görə təqdim olunmamışdır. Lakin faktiki yaşadığı və mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 14, mənzil 13ə göndərilən ilkin hərrac barədə bildiriş xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imzalanmaqla qəbul edilmiş, təkrar hərrac barədə bildiriş isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır (i.v.113-114).

35. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

36. Həmçinin, ipoteka predmeti hərraca qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş qiymət əsasında çıxarılmışdır. “İpoteka haqqında” Qanuna müvafiq olaraq təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər. Hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ala bilər.

37. Baxılan iş üzrə ilkin və təkrar hərrac baş tutmadığı üçün ipoteka predmeti hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 66937,50 manata tələbkara təklif edilmiş və onun tərəfindən əldə edilmişdir.

38. Məhkəmə kollegiyasının qənaətinə görə hərracın nəticələrinin etibrasız hesab edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

39. Apellyasiya şikayətinin əsas dəlillərindən biri yuxarıda qeyd olunduğu kimi, hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc olunmaması, bu barədə məhkəməyə sübut təqdim edilməməsi barədədir.

40. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, keçirilmiş hərraclar barədə “Market” reklam və elanlar qəzetində və “Nedelya” qəzetində elanlar dərc olunmuş və qəzetin nüsxələri işə əlavə olunmuşdur. Bu, işin 115-120-ci vərəqlərində olan sənədlərlə bir daha sübut olunur.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar