Məhkəmə qərarları › İş №2(103)-7550/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7550/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7550/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh1 Firiddun oğlunun nümayəndəsi, həmçinin, cavabdeh Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(003)-1661/2021 nömrəli qətnaməsindən İddiaçı Oktay qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Oktay qızı cavabdehlər X4 və Cavabdeh2 qarşı – onun, oğlu X9 və qızı X5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzilinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 5 oktyabr 2004-cü ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra 2004-cü il tarixdən 2016-ci ilə qədər gəlin köçdüyü ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşamışdır. Mənzili 4 otaqdan ibarətdir. Həmin nikahdan iki uşaqları-02.06.2006-ci il tarixdə X9 və 19.09.2010-cu il tarixdə X5 anadan olmuşdular. 2004-cü ilin 5 oktyabr tarixindən 2016-ci ilin sonuna qədər o, cavabdehlər Cavabdeh2 və X4 məxsus mənzildə övladları ilə birlikdə gəlin olaraq onların ailə üzvü kimi yaşamışdır. Hal-hazırda Cavabdeh2 ilə rəsmi nikahdadır. Ona məxsus cehiz əşyaları gəlin köçdüyü vaxtdan hamısı ünvan 2 ünvanında indiyə qədər oradadır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Mərdəkan qəsəbəsi,Q.İsmayılov küçəsi ev 1, mənzil 27 ünvanında yerləşən 4 otaqlı ev 2005-ci ildə bölünmüşdür. 2 otaqda onunla həyat yoldaşı və uşaqları yaşayıb, o biri 2 otaqda qaynatası ilə qaynanası yaşayır. Həyat yoldaşı ilə onlar bir yerdə 2 otaqda yaşaya bilmirdilər və məcburriyyət qarşısında qalaraq onun ucbatından əsəb stress xəstəliyinə düçar olaraq evdən çıxıb getmişdir. 2016-ci ildən o, azyaşlı uşaqları ilə həmin evi tərk etmiş, lakin bir il keçəndən sonra yəni 2017-ci ildə gəlin köçdüyü evə uşaqları ilə qayıtmaq istəyəndə onlar yəni cavabdehlər qaynatası X8 və həyat yoldaşı Cavabdeh2 ona bildirmişlər ki, onun burda evi yoxdur o burda uşaqlarla qala bilməz, onlar icazə vermirləlr qalmağa. Dəfələrlə o, uşaqları ilə gəlin köçdüyü evə qayıdıb qalmaq istəyəndə onu mənzilə uşaqları ilə birlikdə buraxmayıblar. Cavabdehlər ona demişlər ki, onun burda yaşamaq haqqı yoxdur, o, burda uşaqlarla birlikdə yaşamayacaq və evin qıfılın dəyişmişlər. Bir sözlə onu gəlin köçdüyü ünvan 3 ünvanında yerləşən evə uşaqları ilə birlikdə yaşamağa qoymurlar. O, hal-hazırda uşaqları ilə kirayə evdə qalır başqa yaşayış yeri olmadığından hesab etmişdir ki, iki azyaşlı uşaqları X9 və X6 ilə ünvan 2 ünvanda yerləşən 2 otağlı mənzilə köçürülərək istifadə hüququ tanınmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-1661/2021 nömrəli qətnaməsi ilə İddiaçı Oktay qızının cavabdehlər X4 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Oktay qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1661/2021 saylı iş üzrə 06.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin əsaslandığı dəlillər mübahisə predmetini mahiyyətinə və konkret hallarına uyğun deyildir. Hesab edir ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarıldığına görə ləğv edilməli, iddia isə əsaslı olduğuna görə təmin olunmalıdır. İddiaçı Cavabdeh2 Noruz oğlu ilə 05 oktyabr 2004-cü ildə rəsmi nikaha daxil olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cii maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə. "yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır". Qeyd olunan müddəaların mənası baxımından hesab edir ki, iddiaçı cavabdeh ilə uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi mənzildə yaşadığından, özünün və himayəsində olan azyaşlı uşaqların oraya köçürülmələrini tələb etməkdə haqlıdır. Bundan başqa qeyd edir ki, iddiaçı ilə cavabdeh 2004-cü ildə nikaha daxil olduğundan tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri tətbiq oluna bilməzdi. Cavabdehlər iddiaçını aldadaraq evdən çıxartmışlar, iddiaçı həmin zaman yaranmış gərgin münasibətlərin onun səhhətinə və uşaqlarına mənfi təsir edəcəyindən ehtiyatlanmışdır. İddiaçıya məxsus cehiz əşyalarının və məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təvsirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 108318 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzili X2 adına 18.09.2002-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 Noruz oğlu ilə İddiaçı 05.10.2004-cü il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından 02.06.2006-ci il tarixdə X9 və 19.09.2010-cu il tarixdə X5 doğulmuşdur. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev cavabdeh X3 mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Oktay qızı ilə Cavabdeh2 5 oktyabr 2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra iddiaçı ailə üzvləri ilə birlikdə qaynatası - digər cavabdeh Noruz Nuriyeva məxsus ki, Bakı şəhəri, Xəzər rayonu, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzilə köçmüşlər. Daha sonra ailə münasibətləri baş tutmadığından onlar arasında olan nikah pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzilinə mülkiyyət hüququ 18.09.2002-ci il tarixdə Noruz Nuriyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda uşaqları ilə birlikdə Noruz Nuriyevə məxsus həmin mənzilə köçürülməsini xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı nikaha girdikdən sonra qaynatası - digər cavabdeh Noruz Nuriyevə məxsus yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 18.09.2002-ci il tarixdə cavabdeh Noruz Nuriyevin adına qeydə alınmışdır. İddiaçının həmin yaşayış sahəsindən köçməsi ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi cavabdeh Noruz Nuriyevə münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Oktay qızının Noruz Nuriyevə məxsus yaşayış sahəsinə istifadə hüququnun tanınmaqla himayəsində olan azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Oktay qızının cavabdehlər X4 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-1661/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar