Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7553/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(008)-1184/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus mağazada aşbaz köməkçisi kimi işlədiyi dövrdə cavabdeh tərəfindən iş yerinə buraxılmamasının qanunsuz hesab edilməsi, cavabdehin 26 oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə aşbaz köməkçisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 aprel 2018-ci ildə fərdi sahibkar Cavabdeh ilə rəsmi qaydada əmək müqaviləsi bağlayaraq ona məxsus “Möcüzə” marketdə aşbaz köməkçisi vəzifəsində işə başlamış, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Aylıq əmək haqqı ilə bağlı müxtəlif vaxtlarda əmək müqaviləsinə dəyişikliklər olmuşdur. İş rejimi bir gundən bir istirahət verilməklə gundəlik 14 saat (08:00-dan 22:00dək) təşkil etmişdir. Çalışdığı müddət ərzində nizam-intizam qaydalarına tam olaraq riayət etmiş və işində hər hansı bir səhlənkarlığa yol verməmişdir. 01 sentyabr 2020-ci il tarixdə növbə yoldaşının məzuniyyətə çıxması ilə əlaqədar o fasiləsiz olaraq həm öz, həm də həmin işçinin növbəsinə gündəlik 14 saat olmaqla işə çıxmağa rəhbərlik tərəfindən şifahi göstərişlə məcbur edilmişdir. Bu hala etiraz etdiyi üçün işdən kənarlaşdırılmışdır. Cavabdeh 26 oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmri ilə onun əmək müqaviləsinə 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada, yəni işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Elə həmin tarixdə də ona məktub göndərilərək guya əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğu qeyd olunmuşdur. O barəsində çıxarılan 1030 nömrəli əmrlə razı deyil və hesab edir ki, həmin əmr və işdən azad olunmağı qanunsuzdur. Qeyd olunan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilir. Əmrdən görünür ki, əmrin məzmununda işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsini birtərəfli qaydada, yəni işəgötürənin təşəbbüsü ilə ləğv etmişdir. Lakin cavabdeh qeyd olunan maddədə nəzərdə tutulmuş hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı əmək vəzifələrini kobud şəkildə pozmağını əmrdə göstərməmiş və əsaslandırmamışdır. Belə ki, o, 04 sentyabr 2020-ci il tarixdə saat 07:50-də iş yerində olmuş, lakin mühafizəçilər tərəfindən işə buraxılmağı ilə bağlı İnsan resursları bölməsinin əməkdaşı Nigar xanımı gözləməli olduğu ona bildirilmişdir. Nigar xanım gəldikdən sonra ona müdiriyyətin göstərişinə əsasən öz xahişi ilə işdən azad olunması barədə ərizə təqdim etməyini ondan təkidlə tələb etmişdir. Beləliklə, o, işə buraxılmamış, ona bildirilmişdir ki, ərizəni yazıb öz xahişi ilə işdən ayrılsın, bunu etmədiyi təqdirdə iş yerini tərk etmək ondan tələb olunmuşdur. 05 sentyabr 2020-ci il tarixdə onun istirahət günü olmuş, 06 sentyabr 2020-ci il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 şikayət etmişdir. Bundan sonra o, yazılı formada rəsmi qaydada işəgötürənə müraciət edərək iş yerinə buraxılmağını xahiş etmiş, həmçinin cavabdehin ona göndərdiyi məktublara da rəsmi cavab vermişdir. 06 sentyabr 2020-ci il tarixdə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 müraciət edərək pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işdən çıxmaqla bağlı ərizə yazmadığı və bununla bağlı hər hansı əmr verilmədiyi halda işdən qanunsuz olaraq kənarlaşdırıldığını bəyan etmişdir. X2 yazılı izahatını da təqdim etmiş və izahatında 02 sentyabr 2020-ci il tarixdən etibarən əmək haqqının ödənilməsi və tutduğu vəzifə öhdəliklərini yerinə yetirmək üçün işə bərpa olunmasını da xahiş etmişdir. Onun azyaşlı uşaqları var, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində o, işsiz qalmış, ailəsinin qazanc yeri kəsilmiş və bu hal güzəranlarına mənfi təsir göstərmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbi ilə razı deyil, iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı yalnız əmək müqaviləsində qeyd olunan saatlarda işə gəlib getmiş, mağazada iş vaxtından artıq işləməmişdir. Cavabdehin iddiaçını işdən azad etmək fikri olmamış, lakin iddiaçı uzun müddət üzrsüz səbəbdən işə çıxmadığından cavabdeh məcburiyyət qarşısında qalaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. İddiaçıya işə gəldiyi günlər üçün əmək haqqı və son haqq-hesab onun əmək kartına köçürülmüşdür. İddiaçı 04 sentyabr 2020-ci il tarixdən heç bir üzrlü səbəb olmadan və cavabdehi xəbərdar etmədən işə çıxmamışdır. Onun hansı səbəbdən işə çıxmamasını zəng edib soruşduqda iddiaçı kobud şəkildə bildirmişdir ki, işə gəlmək istəmir. Tərəflərin münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir mübahisə olmamışdır. Cavabdeh iddiaçının işə gəlməsi barədə ona məktublar göndərmiş, lakin iddiaçı işə gəlmək əvəzinə qərəzli olaraq cavabdehdən X3 Xidmətinə şikayət etmişdir. İddiaçının heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə X3 Xidmətinə məktublarla məlumat verilmişdir. Lakin buna baxmayaraq iddiaçı yenə də işə gəlməkdən imtina etmişdir. İddiaçının ünvanına işə qayıtması ilə bağlı 11 sentyabr 2020-ci il və 21 sentyabr 2020-ci il tarixlərdə məktublar göndərilərək işə çıxması xahiş olunmuş və xəbərdarlıq olunmuşdur ki, heç bir üzrlü səbəb olmadan işə gəlməsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən azad etmək məcburiyyətində qalacaqlar. Eynu zamanda iddiaçıya bildirilmişdir ki, əgər işdən özü könüllü çıxmaq istəyirsə, gəlib işdən çıxması barədə ərizə yazsın. Lakin iddiaçı bunların heç birini etməyərək cavabdehin yazdığı məktublara əhəmiyyət verməmişdir. İddiaçı 04 sentyabr 2020-ci il tarixdən üzrlü səbəb olmadan işə çıxmadığı üçün onun barəsində 25 sentyabr 2020-ci il və 24 oktyabr 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Beləliklə də, iddiaçı 52 gün üzrlü səbəb olmadan işə çıxmamış və onun işə çıxması barədə məktub göndərilsə də işə çıxmaqdan imtina etmişdir. Ona görə də cavabdeh məcburiyyət qarşısında qalaraq 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən 1030 nömrəli əmrlə əmək müqaviləsinə xitam vermiş və iddiaçıya həmin əmrin surəti göndərilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır və onun rədd olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(008)- 1184/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin məzmunu iddia tələbinə yazılı etirazın məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı və onun nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(008)- 1184/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər Vergilər Departamentinin 3 saylı filialı tərəfindən 13.07.2004-cü il tarixdə verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında 08 aprel 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdehə məxsus marketə aşbaz köməkçisi vəzifəsinə müddətsiz olaraq işə götürülmüşdür. İş materiallarında olan 13 mart 2019-cu il və 20 avqust 2020-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış 08 aprel 2018-ci il tarixli əmək müqaviləsinə maaş dəyişikliyi ilə əlaqədar dəyişikliklər edilmişdir. İş materiallarında olan, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatdan görünür ki, iddiaçı pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işdən qanunsuz olaraq kənarlaşdırıldığını bildirərək 02 sentyabr 2020-ci il tarixdən etibarən əmək haqqının ödənilməsi və tutduğu vəzifə öhdəliklərini yerinə yetirmək üçün işə bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan mübahisə və pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işdən qanunsuz olaraq kənarlaşdırılması barədə 06 sentyabr 2020-ci il tarixdə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, məcburi qaydada normadan artıq iş saatlarına çıxarılması və bununla da əmək müqaviləsi şərtlərinin pozuntusunu əsas tutaraq problemin həlli ilə bağlı ona kömək göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı 25 sentyabr 2020-ci il tarixli və 07 oktyabr 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçı tutduğu vəzifədə öhdəliklərini yerinə yetirməsi üçün işə buraxılmasını cavabdehdən xahiş etmişdir. İş materiallarında olan, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 11 sentyabr 2020-ci il və 21 sentyabr 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıya üzrsüz səbəbdən işə gəlmədiyi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunacağı barədə xəbərdarlıq edilmiş, öz xahişi ilə işdən azad olunmaq istəyirsə bu barədə ərizəsini təqdim etmək təklif olunmuşdur. İş materiallarında olan 25 sentyabr 2020-ci il və 24 oktyabr 2020-ci il tarixli aktlara əsasən, Cavabdeh məxsus mağazada aşbaz köməkçisi vəzifəsində işləyən İddiaçı 04 sentyabr 2020-ci il tarixindən 24 oktyabr 2020-ci il tarixinə qədər heç bir üzrlü səbəb olmadan işə çıxmamış, işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı işə çıxması barədə dəfələrlə məktub göndərilsə də, o, işə çıxmaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 26 oktyabr 2020ci il tarixli məktubdan görünür ki, iddiaçıya əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğu bildirilmiş, əmrin surəti ona göndərilərək əmək kitabçası üçün müəssisənin kadrlar şöbəsinə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarında olan, oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmrdən görünür ki, İddiaçı 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən aşbaz köməkçisi vəzifəsindən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 26 oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmr 26 oktyabr 2020-ci il tarixdə elektron sistemə daxil edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı şikayət məktubu ilə əlaqədar Xidmətin sorğularına 21 sentyabr 2020-ci il, 07 dekabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli məktublarla cavab verərək iddiaçının şikayətinin əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış 08 aprel 2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehə məxsus marketə aşbaz köməkçisi vəzifəsinə işə götürülmüş, oradakı fəaliyyəti dövründə əmək funksiyalarını yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına riayət etmiş, işində hər hansı bir nöqsan aşkar olunmamış, barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməmişdir. 04 sentyabr 2020-ci il tarixdən etibarən işə buraxılmadığına görə 06 sentyabr 2020-ci il tarixdə iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 elektron qaydada şikayət etmiş, eyni zamanda, izahat verərək pandemiya ilə əlaqədar elan olunmuş karantin müddətində işdən qanunsuz olaraq kənarlaşdırıldığını bildirmiş, tutduğu vəzifə öhdəliklərini yerinə yetirmək üçün işə bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. Bundan sonra tərəflər arasında olan məktublaşmalara əsasən, İddiaçı Cavabdeh tutduğu vəzifədə öhdəliklərini yerinə yetirməsi üçün işə buraxılmasını xahiş etməsi, cavabdehin isə iddiaçıya üzrsüz səbəbdən işə gəlmədiyi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunacağı barədə xəbərdarlıq edərək öz xahişi ilə işdən azad olunmaq istədiyi təqdirdə bu barədə ərizəsini təqdim etməsini təklif etdiyi müəyyən olunmuşdur. Cavabdehin oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmri ilə İddiaçı 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq aşbaz köməkçisi vəzifəsindən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı qanunvericiliyin ona verdiyi imkandan istifadə edərək əmək hüquqlarının bərpası və işəgötürənlə arasındakı fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin maddənin ikinci bəndinə görə isə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında baş vermiş mübahisə ilə əlaqədar, iddiaçı 04 sentyabr 2020-ci il tarixdə işçi kimi vəzifəsini yerinə yetirərək işə gəlsə də, işə buraxılmamış, işdən azad olunması barədə əmr olmamasına baxmayaraq, iş yerinə daxil olaraq əmək funksiyalarını yerinə yetirməsinə imkan verilməmişdir. Bu halın əksini sübut edən faktlar və dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və beləliklə də iddiaçını iş yerinə buraxmamaqla cavabdeh kobud pozuntuya yol vermiş və bu da iddiaçının əmək hüquqlarının birbaşa pozulmasına səbəb olmuşdur. İddiaçı işə buraxılmaması barədə X3 Xidmətinə müraciət etmiş, işəgötürən isə İddiaçı 52 gün üzrsüz səbəbdən işə gəlmədiyi halda onunla bağlanmış əmək müqaviləsinə yalnız 26 oktyabr 2020-ci il tarixdə xitam verməsini əsaslandırmamışdır. Bundan əlavə, əmrdə İddiaçı hansı əmək funksiyasını yerinə yetirməməsi açıqlanmamış, əmr əsaslandırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər məlumatlar göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi barədə 1030 nömrəli əmrindən də görünür ki, əmrin tarixi hissəsində gün göstərilməmişdir. İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün işəgötürənlə mübahisəsindən qısa müddət, yəni 2 gün sonra işə bərpa olunmasına köməklik edilməsi üçün aidiyyəti orqana, həmçinin cavabdehin özünə dəfələrlə müraciət etmiş, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamış, əksinə iddiaçıdan öz xahişi ilə işdən çıxması barədə ərizə təqdim etməsi tələb olunmuşdur. Həmçinin Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Sadalanan faktiki halları, qeyd edilən hüquq normalarını və apelyatorun şikayətinin dəlillərini təhlil edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(008)- 1184/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7553/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7553/2021
28.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver