Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7559/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə və qızıl-zinət əşyalarının qaytarılması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4736/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək övladı xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən nömrəsiz evə köçürülmələri, evin daha böyük ölçüyə malik 1 otağının onun və övladının istifadəsinə verilməsi, mətbəxin, dəhlizin, sanitar qovşağın və həyətyanı torpaq sahəsinin ümumi istifadədə saxlanılmaqla evdən istifadə qaydalarının müəyyən edilməsi, iddiaçıya hədiyyə kimi alınmış cəmi dəyəri 4500 manat təşkil edən qızılların, o cümlədən 1 dəst komplektin - bilərzik, üzük, klon sep, sırğa, bir ədəd yolka qolbaq, bir ədəd nişan üzüyünün cavabdehdən alınıb ona verilməsi, habelə onun cavabdehə hədiyyə kimi aldığı 1 ədəd kostyumun, 1 ədəd yun köynəyin, 1 ədəd yay gödəkçəsinin, 1 ədəd bəy səbətinin, 1 ədəd hamam səbətinin və ya onların 400 manat dəyərinin, həmçinin cavabdeh üçün alınmış bir ədəd briliyant üzüyün və ya onun 970 manat dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4736/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı azyaşlı övladı – xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən nömrəsiz evə köçürülməsi, qiyməti 4500 manat olan bir dəst qızıl komplektin - bilərzik, üzük, klon sep, sırğa, bir ədəd yolka qolbaq və bir ədəd nişan üzüyü, onların natura şəklində verilməsi mümkün olmadığı halda isə dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı, məhkəmə iclaslarında iştirakının təmin edilməsi, işə aidiyyət qaydalarının pozularaq baxılması arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarına bu kontekstdə araşdıraraq və mübahisənin mahiyyətinə qiymət verməyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, işə ərazi aidiyyəti qaydalarının pozuntusu ilə baxıldığından qətnamə ləğv edilərək (şikayətin dəlillərindən asılı olmadan) iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, övladı xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən nömrəsiz evə köçürülmələrini, evin daha böyük ölçüyə malik 1 otağının onun və övladının istifadəsinə verilməsini, mətbəxin, dəhlizin, sanitar qovşağın və həyətyanı torpaq sahəsinin ümumi istifadədə saxlanılmaqla evdən istifadə qaydalarının müəyyən edilməsini, həmçinin qızıl-zinyət əşyalarının qaytarılmasını istəməkdədir; hazırkı apellyasiya baxışı zamanı isə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx xxxx 1993-cü il sərəncamına əsasən iddiaçının köçürülməsini tələb etdiyi evin Sabunçu Rayonunun inzibati ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Başqa sözlə iddiaçı mübahisəsi gedən torpaq ev üzərində sahiblik və istifadə hüququnun bərpasını istəmişdir. Bu səbəblə də, mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4736/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7559/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7559/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver