Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-285/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Zülfüqarov Malik Əli oğlunun və onun nümayəndəsi vəkil Qasımov Zaur Ərəstun oğlunun, Cavabdeh və onun nümayəndəsi vəkil Məmmədov Vüqar Zirəddin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Ağayev Abbas Bahaddin oğluna qarşı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülmə tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh və Ağayev Abbas Bahaddin oğluna qarşı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülmə barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi, cehiz əmlakların, qızıl-zinət əşyaların və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi, ümumi əmlakdan payın ayrılması, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin xeyrinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, birgə yaşayış dövründə inşa etdikləri Astara rayonu Tüləgüvan kəndində yerləşən fərdi yaşayış evinə 16 fevral 2014-cü il təvəllüdlü Ağazadə Zəka Araz oğlu və 19 iyun 2019-cu il təvəllüdlü Ağazadə Zəhra Araz qızı ilə birlikdə evə köçürülməyi, ümumi dəyəri 15159 manat olan cehiz əmlaklarının və yaxud dəyərinin, 12750 manat dəyərində olan qızıl-zinət əşyalarının və yaxud dəyərinin, 3700 manat dəyərində olan ümumi əmlakdan payın ayrılması, ödənilmiş 185 manat dövlət rüsumunun və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğin Cavabdeh alınaraq xeyrinə verilməsi barədə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(018)-907/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi, cehiz əmlakların, qızıl-zinət əşyaların və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi, ümumi əmlakdan payın ayrılması, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin xeyrinə verilməsi tələbinə dair iddiası üzrə mülki işin fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi tələbinə dair hissəsi və cehiz əmlakların, qızıl-zinət əşyaların və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi, ümumi əmlakdan payın ayrılması, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin xeyrinə verilməsi tələbinə dair hissəsi bir-birindən ayrı icraatda baxılması qərara alınmışdır. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. 20 aprel 2013-cü il tarixdə qız toyu və 26 aprel 2013-cü il tarixdə oğlan toyu olmuşdur. Evləndikdən sonra o, keçmiş ərinin valideynlərinə məxsus olan Astara rayonu Tüləgüvan kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikahlarını isə 15 yanvar 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Bu münasibətlərindən 16 fevral 2014-cü il təvəllüdlü Ağazadə Zəka Araz oğlu və 19 iyun 2019-cu il təvəllüdlü Ağazadə Zəhra Araz qızı adlı iki uşaqları anadan olmuşdur. Birgə nikah dövründə o, Cavabdeh tərəfindən səbəbsiz olaraq döyülmüşdür. Cavabdeh ilə 2020ci il tarixədək keçmiş qaynatasına məxsus olan fərdi yaşayış evində yaşamışlar. Sonradan 2020-ci il tarixdə inşa edilmiş iki mərtəbəli evə köçmüşlər və orada 08 aprel 2022-ci il tarixədək yaşamışlar. 08 aprel 2022-ci il tarixdə cavabdeh uşaqları ilə birlikdə onu evdən qovmuşdur. Yaşamağa başqa bir yeri olmadığı üçün o, valideynlərinin yaşadığı evə getmişdir. Hazırda cavabdehlər inşa edilmiş fərdi yaşayış evinə onun azyaşlı uşaqları ilə birlikdə köçürülməsinə imkan vermədiklərini bildirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə evləndikdən sonra bir müddət onun atasına məxsus evdə yaşamışlar. Əgər hazırda mübahisə predmeti olan evi birgə nikahda olduqları dövrdə tikdirməmişlərsə və ya həmin ev onlar üçün tikilməmişdirsə, o zaman onlar və uşaqları niyə 2020-ci ildə həmin evə köçüb orada yaşayırdılar. Onlar evləndikdən sonra yaşadıqları evdə də yaşamağa davam edərdilər. Əgər ev cavabdeh Abbas Ağayevin idisə və ya o, həmin evi özünə və ya başqa bir şəxsə tikdirirdisə, o zaman onların ora köçüb yaşamaqlarına mane olardı. İşə baxan məhkəmə isə iş üzrə cavabdehin mübahisə predmeti olan evin qanuni mülkiyyətçisi olmadığı halda, onu sözügedən evin gözlənilən mülkiyyətçisi kimi qiymətləndirmişdir. İddiaçı nümayəndəsi Zülfüqarov Malik Əli oğlunun və onun nümayəndəsi vəkil Qasımov Zaur Ərəstun oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh və onun nümayəndəsi vəkil Məmmədov Vüqar Zirəddin oğlu izahatlarında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən və Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)- 907/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İş üzrə cavabdeh Ağayev Abbas Bahaddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan arayışdan görününr ki, İddiaçı Astara rayonu Ojakəran kəndində yaşayır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, Əlizadə Fəridə Malik qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Ağazadə Zəka Araz oğlu və xx.xx.2019-cu il təvəllüdlü Ağazadə Zəhra Araz qızı doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, iddiaçı Əlizadə Fəridə Malik qızı ilə Cavabdeh arasındakı nikah xx.xx.2014-cü ildə Astara rayon Kijəbə qəsəbə nümayəndəliyində rəsmiləşdirilmişdir. İş materiallarında olan Astara RİHB-nın Kijəbə QİƏDN tərəfindən verilmiş arayışa əsasən İddiaçı 20 aprel 2013-cü ildə Tüləgüvan kəndində yaşayan Cavabdeh ərə getmişdir. Yaşadıqları fərdi yaşayış evinin tikintisi 2011-ci ildə başlamış və 2020-ci ilədək davam etmişdir. 2020-ci ilin fevral ayında həmin fərdi yaşayış evinə köçüblər. Evin texniki sənədi yoxdur. İş materiallarında olan Astara RİHB-nin Kijəbə QİƏDN tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh Tüləgüvan kəndində birgə yaşamış olduqları ev Cavabdeh atası Ağayev Abbas Bahaddin oğlu tərəfindən tikilmiş bir mərtəbəli dörd otaqlı fərdi yaşayış evidir. İş materiallarında olan 11 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ağayev Abbas Bahaddin oğluna məxsus Tüləgüvan kəndində yerləşən fərdi yaşayış evinin tikintisi üçün lazım olan bütün növ tikinti materiallarını 2011-2020-ci illər ərzində hissə-hissə Əliyev Sarvan Zeynal oğluna məxsus tikinti materialları mağazasından şəxsən özü almış və dəyərini özü ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli **********26 saylı məktubdan görünür ki, Cavabdeh mülkiyyətində yaşayış sahəsi (fərdi ev və mənzil) aşkar olunmamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş və iş üzrə əsaslı nticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, İddiaçı Mail qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(018)-907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-285/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-285/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver