Məhkəmə qərarları › İş №2(103)-7559/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7559/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7559/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: hesablanmış borcun silinməsi, yenidən hesablama aparılması və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi, yenidən hesablama aparılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1433/2022 saylı 26 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan **********290 kodlu abonent İddiaçı ilə ASC arasında içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edən 44126052 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslə bağlanan” müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, istehlakçının istifadə etdiyi 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0.30 manat müqabilində aparılır.

2. ASC-nin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/13939 nömrəli məktubdan müəyyən edilir ki, istehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Bu Qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM) smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmi belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilmiş sənədlərə istinadən xx.xx.2021-ciil tarixdə 44126052 nömrəli müqavilə bağlanaraq **********290 saylı abonent kodu açılmış və mənzilinizin su xətti üzərində quraşdırılmış SSS-15 markalı, 779336 nömrəli mexaniki su sayğacının göstəricisinə əsasən hesabat aparılır. Hazırda sayğac göstəricisi 1875 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə gorə abonent hesabınızda 136 manat borc var. Qeyd edilən borc sayğac göstəricinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirilmişdir ki, Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək, abonent hesabında yaranmış qalıq borcunu öyrənə və ödəyə, hesab fakturalarına və ödənişlərinə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-nə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilər. Eyni zamanda bildirir ki, “Sudan istifadə Qaydaları”nın 7.15-ci yarımbəndinə uyğun olaraq göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissəhissə ödəyə bilər. Bunun üçün Nizami rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalaması tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən su təchizatının müvafiq qaydada dayandırılacğı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

3. Cavabdeh ASC-nin elektron sistemindən müəyyən edilir ki, abonent İddiaçı xx.xx.2021-ci il tarixdən 2021-ci ilin sonunadək olan borcu 136 manat təşkil edir, o cümlədən il ərzində 60 manat məbləğində ödəniş edilmişdir.

4. Mexaniki su sayğacının laborator yoxlamadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş iş əmrində göstərilmişdir ki, abonentin müraciəti əsasında mənzilin sayğacı laborator yoxlamadan keçirilməsi üçün çıxarılaraq abonentə təhvil verildi. Sayğacın zavod plombu mövcuddur. Cavabdeh ASC-yə məxsus plombu yoxdur. xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, suölçən cihaz təmirə və istismara yararsızdır.

5. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışa əsasən abonentin xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 100 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur.

6. xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışa əsasən abonentin xx.xx.2021xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 122 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur.

7. 12.04.2022-ci il tarixli hesab-fakturasından çıxarışa əsasən abonentin xx.xx.2021xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 169 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur.

8. xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışa əsasən abonentin xx.xx.2021xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 193 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur.

9. ASC-nin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/3558 nömrəli məktubdan müəyyən edilir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-ci il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Qeyd olunan ünvanda yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2021-ci il tarixində 44126052 nömrəli müqavilə bağlanaraq **********290 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat 779336 nömrəli, SSS- 15 markalı mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Qeyd edilən sayğac xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-nin X2 İdarəsinin “X1 Laboratoriyası”na göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixində verdiyi 79336/0155791 saylı rəyə əsasən, sayğac təmirə və istismara yararsız hesab edilmişdir. Sözügedən sayğac xx.xx.2022-ci il tarixdə son göstərici 2069 m3 olmaqla su xətti üzərindən sökülmüş və yerinə 21755252 nömrəli, İSS-15M markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda sayğacın son göstəricisi 12 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 122 manat təşkil edır. Qeyd edilən borc istismardan çıxarılmış və yeni quraşdırılmış su sayğacının göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirir ki, Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalarına və ödənişlərinə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilər. Eyni zamanda bildirilmişdir ki, “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Nizami rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacağı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvandakı mənzildə (**********290 saylı abonent kodu) cavabdeh tərəfindən sudan istifadəyə görə hesablanmış borcun ləğv edilməsi, həmin mənzildə ASC tərəfindən sudan istifadəyə görə 2021-ci ilin aprel ayının 19-dan 2022-ci ilin yanvar ayının 26-dək olan dövr üçün yenidən hesablama apararaq, aylıq ailəvi normaya (20 manat) uyğun olaraq, ödədiyi vəsait də nəzərə alınmaqla yeni borc müəyyən edilməsi, ASC tərəfindən qüsurlu mal satılması nəticəsində istehlakçı hüquqları pozulduğu üçün ona dəymiş 3000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə (cəmi 4 nəfər) 2021-ci ilin mart ayından etibarən ünvan 2 ünvanında yerləşən mənzildə faktiki yaşayır. xx.xx.2021-ci il tarixində cavabdeh ilə həmin mənzilin su təchizatı ilə bağlı 44126052 nömrəli müqavilə (bundan sonra - Müqavilə) bağlamışdır. Müqaviləyə uyğun olaraq mənzili üzrə **********290 saylı abonent kodu açılmış və mənzilində sudan istifadənin həcmi 779336 nömrəli mexaniki su sayğacının göstəricilərinə əsasən hesablanmağa başlanmışdır. Həmin vaxt sayğacın ilkin göstəricisi 1682 olaraq müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin qaynar xəttinə müraciət edərək, yaşadığı mənzildə bir aydan da az müddətdə 136 manat borc yazılmasını əsassız hesab edərək, sayğacın yoxlanılmasını xahiş etmişdir. Həmin vaxt, əvvəlki ay üçün də faktiki istehlakdan dəfələrlə çox - 60 manat borc yazılmışdır. Müraciəti ilə bağlı ASC-nin əməkdaşı mənzildəki sayğaca vizual baxış keçirmiş və yazılan borcun gündəlik istehlaka uyğun gəlmədiyini şifahi şəkildə təsdiq etsə də, heç bir dərin yoxlama aparmamışdır. Lakin, buna baxmayaraq, mənzilə yazılan borc hələ də aktiv qalmış, müraciətinə verilmiş cavabda sayğac göstəricisinin nəticələrinə uyğun olaraq ödəniş etməyinin məcburiliyi bildirilmişdir. Həmin vaxt yay dövrünə düşdüyündən, sudan istifadənin çox ola bilməsi, axıntı olması, həmçinin etdiyi ödənişlərin Cavabdehya çata bilməməsi ehtimalını nəzərə alaraq, bir müddət bu məsələnin üzərində çox dayanmamışdır. Lakin cari ilin yanvar ayında yeni hesab faktura daxil olarkən müəyyən olundu ki, xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixinədək olan dövrdə mənzilindəki sayğacın göstəricisi 2019-dan 2058-ə qədər dəyişmiş, yəni 34 gün ərzində 39 m3 su istifadə olunmuşdur. Bu rəqəmin heç bir halda real ola bilməyəcəyinə əmin olduğundan, özü sayğacı yoxlamağı qərara almışdır. Müəyyən etmişdir ki, sayğac 2059 897 rəqəmini göstərərkən, 19 litr su istifadə etdikdən sonra yeni göstərici 2059 929 (yəni, 32 litr) olmuşdur. Əminlik üçün eksperimenti bir daha təkrarlamış, bu dəfə sayğacın göstəricisi 2059 929-dan 2059 865-ə qədər (36 litr) dəyişmişdir. Artıq sayğacın mövcud sərfiyyatdan xeyli çox sərfiyyat qeydə aldığına əmin olduqdan sonra, onun yoxlanması üçün “ASAN kommunal” xidmətinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində müraciəti ilə bağlı Elsevər adlı (mobil telefon: *** *** ** **) əməkdaş digər bir əməkdaşla birlikdə sayğaca baxış keçirdilər. Yenə onların iştirakı ilə yuxarıda qeyd etdiyi eksperimenti təkrarlamış, sayğac 2069 164 rəqəmini göstərərkən, 19 litr su istifadə etdikdən sonra yeni göstərici 2069 196 (yəni, 32 litr) kimi qeydə alınmışdır. Eksperiment bir dəfə də təkrarlandı, əməkdaşlar sayğacın faktiki istifadə edilən sudan xeyli artıq yazdığını təsdiq edərək onu dəyişdilər. Ötən ilin aprel ayının 19-dan, cari ilin yanvar ayının 17-dək olan dövrdə sayğac üzrə sərf edilən suyun həcmi 2058-1682=376 m3 olmuşdur. Bu rəqəmi həmin dövrdəki ayların sayı üzrə bölsək aya təqribən 42 m3 düşür. Halbuki, yeni sayğacın göstəricilərinə əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (yəni yarım ay ərzində) istifadə edilən suyun həcmi 11 m3, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək istifadə edilən suyun həcmi isə 18 m3 təşkil etmişdir. Həmin rəqəmlər əsasında orta aylıq normanı müəyyən etsək onda sudan aylıq istifadənin həcmi cəmi 22 m3 təşkil edir. Hazırda yaşadığı mənzil üçün müəyyən edilən borc məbləği 140 manat təşkil edir ki, bu rəqəmin yaranmasının səbəbi də məhz sayğac göstəricisinin düzgün olmamasıdır.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 avqust 2022-ci il tarixli 2(007)-1433/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sayğac qüsurlu olması səbəbindən artıq hesablanmış borc istismardan çıxarılmış və yeni quraşdırılmış su sayğacının göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsi iddiaçıdan tələb edilmişdir. Buna görə də, sudan istifadəyə görə hesablanmış borcun ləğv edilməsi, həmin mənzildə ASC tərəfindən sudan istifadəyə görə 2021-ci ilin aprel ayının 19-dan 2022-ci ilin yanvar ayının 26-dək olan dövr üçün yenidən hesablama apararaq, aylıq ailəvi normaya (20 manat) uyğun olaraq, ödədiyi vəsait də nəzərə alınmaqla yeni borc müəyyən edilməsi hissədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur.

14. Həmçinin göstərilmişdir ki, iddiaçının adına quraşdırılmış sayğac mənzilin daxilində “şaxta”da quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacına kənar şəxs tərəfindən müdaxilələr edilməsi qeyri-mümkündür, o cümlədən sayğacın yararsız hala düşməsinin məhz cavabdehlə əlaqəli olması işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Sözügedən sayğacdakı qüsur abonentin rəsmi müraciətindən sonra aradan qaldırılmış, mənzilə yeni sayğac quraşdırılmış və qüsurlu sayğacın hesabladığı borc əsas borcdan silinmişdir.

15. Buna görə də, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əsassız borcun hesablanması müəyyən edilmədiyi halda, məhkəmə hesab etmişdir ki, iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsində də təmin edilməsi yolverilməzdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na, Mülki Məcəllə 21.2, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsi verilərkən özündə olan bütün mümkün sübutları təqdim etmiş, iş üzrə başqa sübutların da təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə sübutların tələb edilməsi barədə vəsatət vermiş, göstərmişdir ki, xx.xx.2022-ci il tarixində müraciəti ilə bağlı, Cavabdeh ASC-nin Elsevər adlı (mobil telefon: *** *** ** **) əməkdaşı digər bir əməkdaşla birlikdə sayğaca baxış keçirmiş və onun faktiki istifadə edilən sudan xeyli artıq yazdığını təsdiq edərək onu dəyişmişlər. Digər tərəfdən Cavabdeh ASC-nin X2 İdarəsinin “X1 Labaratoriyası”nın xx.xx.2022-ci il tarixli rəyinə əsasən, mənzilində quraşdırılmış sayğac yararsız vəziyyətdə olmuşdur. Mənzildəki sayğacın dəyişdirilməsində iştirak etmiş Elsevər adlı və digər əməkdaşın şəxsiyyətlərini müəyyən edərək şahid qismində prosesə cəlb etməsinin və həmin mənzildən çıxarılmış sayğacla bağlı X2 İdarəsinin “X1 Labaratoriyası”nın xx.xx.2022-ci il tarixli rəyinin sübut kimi məhkəməyə təqdim edilməsini xahiş etsə də, həmin sübutların təqdim edilməsinin zəruriliyini əsaslandırmağına baxmayaraq işə baxan hakim tərəfindən hər dəfə müxtəlif bəhanələrlə vəsatətə baxılmamış və həmin sübutları araşdırmadan qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən, sözügedən sayğacdakı qüsur abonentin rəsmi müraciətindən sonra aradan qaldırılmış, mənzilə yeni sayğac quraşdırılmış və qüsurlu sayğacın hesabladığı borc əsas borcdan silinmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Mənzilində quraşdırılmış qüsurlu sayğacın hesabladığı borc əsas borcdan silinməmişdir və ümumiyyətlə iddianın predmeti bu olmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları»nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

23. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir, iddia qismən təmin edilməlidir.

32. Göründüyü kimi iddiaçıya məxsus mənzildə 19 aprel 2021-ci il tarixdə sayğac quraşdırılıb, 27 yanvar 2022-ci il tarixdə isə yeni sayğac quraşdırılmışdır. Əvvəlki sayğacın yararsız olduğu müəyyən edilmişdir.

33. İş materiallarından müəyyən edilir ki, iddiaçının ünvanında olan köhnə sayğac üzrə orta hesabla hər ay 43 m3 su sərfiyyatı olmuşdur. Yeni sayğac quraşdırıldıqdan sonra isə müəyyən edilmişdir ki, yeni sayğaca əsasən hər ay orta hesabla 22 m3 su sərfiyyatı olur.

34. Aşkardır ki, köhnə sayğacın göstəricisi səhv olmuş, verilmiş rəydən də müəyyən edilir ki, sayğac yararsız olmuşdur. Belə olan halda həmin sayğacın göstəriciləri əsasında abonentdən tutulmalı olan sudan istifadə üçün vəsaitin həcminin müəyyən edilməsi yolverilməzdir.

35. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçıya məxsus ünvan sayğac olmayan mənzil kimi qiymətləndirilməli və “Sudan istifadə Qaydaları»nın 7.4-cü bəndində müəyyən olunmuş qaydada, yəni mübahisəli dövr üçün verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi iddiaçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilməlidir.

36. Beləliklə iddia tələbi bu hissədə qismən təmin edilməli və köhnə sayğacın olduğu xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün iddiaçıya məxsus ünvan üzrə hesabat (borc) ləğv edilməli və həmin dövr üçün sayğacsız mənzil kimi qiymətləndirilərək “Sudan istifadə Qaydaları»nın 7.4-cü bəndinə uyğun müəyyənləşdirilməlidir.

37. İddia tələbi digər hissədə isə əsassız olduğu üçün rədd edilməlidir.

38. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1433/2022 saylı iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzildə (**********290 saylı abonent kodu) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün cavabdeh tərəfindən sudan istifadəyə görə hesablanmış borc ləğv edilsin və həmin dövr üzrə “Sudan istifadə Qaydaları»nın 7.4-cü bəndinə uyğun olaraq verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi iddiaçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilsin (həmin dövrdə aparılmış faktiki ödənişlərin məbləği nəzərə alınmaqla). İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar