Məhkəmə qərarları › İş №2(103)-7569/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7569/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7569/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nə vurduğu 6691,69 manat zərərin əvəzinin və 30 manat dövlət rüsumunun ondan İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehla daha öncəki tarixlərdə, ən son isə 21.04.2020-ci il tarixdə 04-1090 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış, İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10030 saylı abonent kodu verilmişdir. Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyindən Birliyin əməkdaşları tərəfindən 12.02.2016-cı il tarixli 092648 saylı akt əsasında 99,30 manat, 26.12.2016-cı il tarixli ******* saylı akt əsasında 377,20 manat, 25.01.2017-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, 21.02.2017-ci il tarixli ******* saylı akt əsasında 116,6 manat, 27.02.2017-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, 16.03.2017-ci il tarixli ******* saylı akt əsasında 149,20 manat, 11.04.2017-ci il tarixli ******* saylı akt əsasında 168,4 manat, 30.05.2017-ci il tarixli ******* saylı akt əsasında 105,8 manat, 11.08.2017-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 197,60 manat, 25.04.2018-ci il tarixli 58/2525 saylı akt əsasında 219,60 manat, 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 128,80 manat, 24.07.2018-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat, 29.08.2018-ci il tarixli akt əsasında 133,20 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 219,60 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat olmaqla cəmi 5376,10 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Bundan əlavə cavabdehin 2016-cı ilin fevral ayına qədər 1269,50 manat qalıq borcu qalmışdır və beləliklə də ümumilikdə 6691,69 manat borc məbləği Cavabdeh tutulmalıdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcmini artırmış, cavabdehin 2021-ci ilin aprel ayına kimi ümumi borcunun 6957,49 manat təşkil etdiyini, həmin borcun 286,20 manat hissəsinin faktiki istifadə olunmuş qaz sərfinə görə yaranmış borc olduğunu, 25,80 manat hissəsinin yeni tarifə keçidlə əlaqədar yarandığını, 546,50 manat hissəsinin aktlar tərtib olunduğu günə qədər smart qaz kartında mövcud olan ödənilməmiş qalıq borc, qalan hissəsinin aktlar üzrə yaranmış borc olduğunu bildirmiş, cavabdehdən 6957,49 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4922,50 manat dəymiş maddi zərərin əvəzi və 286,20 manat təbii qazdan istifadəyə görə borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 5238 (beş min iki yüz otuz səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, işə iştirakı olmadan baxıldığı, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, barəsində tərtib olunmuş aktların əsassız olduğunu və heç bir mötəbər sübutla təsdiq edilmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahi etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olmasına dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşin müəyyən olunan halına əsasən, ünvan 2 ünvanında yerləşən evdə yaşayan Cavabdeh İddiaçı İB-nin abonentidir; 21.04.2020-ci il tarixdə onunla İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, İddiaçı İB-nin əməkdaşları tərəfindən 12.02.2016-cı il tarixdə 092648 saylı; 26.12.2016-cı il tarixdə ******* saylı; 25.01.2017-ci il tarixdə ******* saylı; 21.02.2017-ci il tarixdə ******* saylı; 27.02.2017-ci il tarixdə ******* saylı; 16.03.2017-ci il tarixdə ******* saylı; 11.04.2017-ci il tarixdə ******* saylı; 30.05.2017ci il tarixdə ******* saylı; 11.08.2017-ci il tarixdə ******* saylı; 31.01.2018-ci il tarixdə ******* saylı; 28.02.2018-ci il tarixdə ******* saylı; 27.03.2018-ci il tarixdə ******* saylı; 25.04.2018ci il tarixdə 58/2525 saylı; 29.05.2018-ci il tarixdə ******* saylı; 24.07.2018-ci il tarixdə ******* saylı; 29.08.2018-ci il tarixdə ******* saylı; 30.11.2018-ci il tarixdə ******* saylı; 28.12.2018-ci il tarixdə ******* saylı; 31.01.2019-cu il tarixdə ******* saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 28.06.2019-cu il tarixdə ******* saylı; 31.07.2019-cu il tarixdə ******* saylı; 30.08.2019-cu il tarixdə ******* saylı; 30.09.2019-cu il tarixdə ******* saylı; 30.10.2019-cu il tarixdə ******* saylı; 29.11.2019-cu il tarixdə ******* saylı; 30.12.2019-cu il tarixdə ******* saylı; 30.01.2020-ci il tarixdə ******* saylı; 28.02.2020-ci il tarixdə ******* saylı; 30.03.2020ci il tarixdə ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda Cavabdeh qazdan sayğacdan kənar istifadə etdiyi və ya sayğaca müdaxilə etdiyi göstərilmiş, ona ümumilikdə 5376,10 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Kollegiya hesab edir ki, İddiaçı İB Cavabdeh barəsində tərtib olunmuş sözügedən aktlarda göstərilən xüsusatların həqiqiliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir; bununla belə iş materiallarında olan abonent saldosundan aydın olur ki, cavabdehin barəsində 12.02.2016-cı il tarixdə 092648 saylı akt tərtib edilənə və onunla qazdan istifadəyə görə müqavilə bağlanana qədər də o, təbii qazı istehlak etmiş, 2020-ci ilin may ayına qədər qazdan istifadəyə görə ödəniş həyata keçirməmiş, sayğacın quraşdırıldığı 21.04.2020-ci il tarixindən sonra 2893 m3 qaz (289,3 manat) istehlak etmiş, 2020-ci ilin may ayında 3 manat ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə görə isə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin yuxarıda göstərilən müəyyən olunan hallarına görə cavabdeh təbii qazdan 2010-cu ildən etibarən istifadə etsə də, onunla müqavilə 21.04.2020-ci il tarixdə bağlanmış, 12.02.2016-cı il tarixdə onun qazdan sayğacdan kənar istifadə etdiyi və bu tarixədək 1269,50 manat borcunun yarandığı hesablanmış, 21.04.2020-ci il tarixinə qədər qazdan sayğacdan kənar istifadə etdiyi irəli sürüldüyü halda qaz təchizatı dayandırılmayaraq hər ay barəsində formal aktlar tərtib edilmiş, beləliklə də qazdan sayğacsız (sayğacdankənar) istifadə etməsinə bilavasitə İddiaçı İB-nin əməkdaşları tərəfindən şərait yaradılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, müvafiq dövrdə Cavabdeh qazdan sayğacdan kənar istifadə etməsinin məsuliyyəti İddiaçı İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır və yalnız ilk akta görə hesablanmış ödəniş məbləğinin ondan tutulması həm qanunvericiliyə, həm də işgüzar adətlərə uyğundur. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə (birinci akt istisna olmaqla) hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 12.02.2016-cı il tarixli akt əsasında hesablanmış 99,30 manat və onun evinə sayğacın quraşdırıldığı 21.04.2020-ci il tarixindən 2021-ci ilin fevral ayına qədər sayğac göstəriciləri əsasında yaranmış 286,3 manat (3 manat ödəniş etdiyi nəzərə alınmaqla), yəni cəmi 385,60 manat borc, eləcə də 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı İB-nin “yeni tarifə keçidlə əlaqədar yaranmış 25,80 manatın və aktlar tərtib olunduğu günə qədər smart qaz kartında mövcud olan ödənilməmiş qalıq borc qismində 546,50 manatın cavabdehdən tutulması” tələbi üzrə isə kollegiya hər hansı əsaslandırma aparılmasını zəruri hesab etmir; çünkü bu tələbin araşdırılmasını zəruri edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin olunsun. Cavabdeh 12.02.2016-cı il tarixli 092648 saylı akt əsasında hesablanmış 99,30 manat və evinə sayğacın quraşdırıldığı 21.04.2020-ci il tarixindən 2021-ci ilin fevral ayına qədər sayğac göstəriciləri əsasında yaranmış 286,3 manat olmaqla cəmi 385,60 manat borc, eləcə də 30,40 manat dövlət rüsumu, yəni cəmi 416 (dörd yüz on altı manat) manat tutularaq İddiaçı İB-nə ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar