Məhkəmə qərarları › İş №2(103)-757/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-757/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-757/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-423/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC və cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 136133,67 manat əsas borc, 11204,48 manat faiz borcu, 5518,45 manat cərimə borcu, cəmi 152856,6 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 31000 manat və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6 və Cavabdeh7 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 01.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 20 ay müddətinə, illik 20% olmaqla 139115 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi, ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0707 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Cavabdehə kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Binəqədi rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 136133,67 manat əsas borc, 11204,48 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 148338,15 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqının tutularaq “xxxx” KB ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 121.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına “xxxx”KB ASC-yə olan borcun ödənilməsinin təmin edilməsi və əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı “xxxx” KB ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, tələbin ipoteka predmeti Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 31000 manat məbləğində müəyyən edilməsi, habelə fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamədə “11204,48 manat faiz borcu və 1000 manat cərimə borcu” və “ipoteka predmetinin ilkin satış qiyməti 121000 manat” hissələrini ləğv edərək, faiz və cərimə borcunu silməklə və ipoteka predmetinin real bazar dəyərini müəyyən etməklə yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC və cavabdeh X1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 121.000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı bankın nümayəndəsi, habelə Cavabdeh1 nümayəndəsi və vəkili hər biri öz şikayətlərinin dəlillərinə uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Kollegiya göstərilənləri nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsini yalnız “Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 121.000 manat müəyyən edilməsi” hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin mübahisələndirilən digər hissələri artıq yeni apellyasiya baxışının predmeti deyildir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “...İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq, həmçinin izahatlara qiymət verərək, kollegiya hеsаb еdir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq təkrar apellyasiya baxışı zamanı qiymətləndirmə təyin olunmuş və rəyin verilməsi “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Həmin qiymətləndirmə təşkilatının 19 aprel 2021-ci il tarixli rəyində Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin likvid qiymətinin 130.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Kollegiya, təkrar apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın müəyyən etdiyi qiyməti əmlaın real bazar qiymətinə daha uyğun hesab edir. Həmin rəyin real bazar qiymətlərini əks etdirmədiyi barədə irəli sürülən mülahizələrlə bağlı isə kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-423/2019 saylı, 04 noyabr 2019cu il tarixli qətnaməsi “Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 121000 manat müəyyən edil” hissəsində dəyişdirilsin. Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 130.000 (yüz otuz min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar