Məhkəmə qərarları › İş №2(103)-7570/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7570/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7570/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Seyit X7 vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdeh X2 vəkili X3 iştirakları ilə Seyit X8 Cavabdeh, “X16” MMC-nə və X4 qarşı “üzləşmə aktının və müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” barədə ilkin, Cavabdeh Seyit X9 qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Seyit X8 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Seyit X10 Cavabdeh və “X16” MMC-nə (MMC) qarşı iddia ərizəsi, sonradan isə X5 da cavabdeh qismində göstərdiyi iddia tələblərinin dəqiqləşdirilməsi (iddia ərizəsinə əlavə) barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC və X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli üzləşmə aktının və xx xxxx 2019-cu il tarixli 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, MMC tərəfindən X4 ödənilmiş 492 000 manat pul vəsaitinin X1 alınaraq MMC-nin xəzinəsinə qaytarılması, 2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 (üç milyon iki yüz otuz üç min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin MMC-nin direktoru Cavabdeh barəsində xüsusi qərardad qəbul olunaraq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixdə tam xarici investora məxsus "ATK” Yapı malzameleri LTD müəssisəsini təsis etmiş, xx.xx.2002-ci ildə müəssisənin adı dəyişdirilərək "X16” MMC ilə əvəz edilmiş, Cavabdeh 2004-cü ildən ona məxsus digər şirkətin, yəni “xxxx” X13” MMC-nin mühasibatlıq işlərini aparmışdır. Cavabdeh ona İsmayıllıda ucuz torpaq sahəsinin alınmasının mümkünlüyünü və orada tikiləcək yüksəkmərtəbəli binanın inşasının yaxşı gəlir gətirəcəyini bildirdiyindən Cavabdeh xx.xx.2007-ci il tarixdən "X16” MMC-nin direktoru vəzifəsinə təyin etmiş və həmin dövrdən bütün idarəçiliyi ona həvalə etmiş, "xxxx” X13 MMC-nin balansında olan texnika və avadanlıqları inşaatda istifadə olunması üçün "X16”nin sərəncamına vermiş, o cümlədən öz hesabına "X16” MMC-nin adına 2 ədəd yeni "Mersedes” markalı yük maşınları almışdır. Aralarında olan şifahi razılaşmaya uyğun olaraq Cavabdeh direktor olmaqla yanaşı mühasibatlıq işlərini özünəməxsus firmada aparmalı, o isə tikintinin mühəndislik işlərini aparmalı idi. Daha sonra Cavabdeh nizamnamə fonduna 30 faiz məbləğində əmlak qoymaqla Cəmiyyətə təsisçi olmaq istədiyini bildirmiş, buna baxmayaraq o, Cavabdeh Cəmiyyətin 50 faiz nizamnamə payına yiyələnməsinə razılıq vermişdir. xx.xx.2008-ci il tarixdə "X16.” MMC-nin ümumi yığıncağı keçirilmiş, yığıncağın qərarı ilə Cavabdeh "X16” MMC-nin 50 faiz pay hüquqlu təsisçisi olmuş və Cəmiyyətin qanuni təmsilçiliyi ona həvalə edilmişdir. Özünə məxsus “xxxx” X13 MMC-nin balansında olan beton zavodu İsmayıllı rayonunda quraşdırılaraq tikintiyə beton verməklə yanaşı, kənar şəxslərə də beton satışını həyata keçirməyə başlamış, eyni zamanda “xxxx” Memarlıq Mühendislik LTD MMC-nin balansında olan digər texnika və avadanlıqlar tikintidə istifadə olunmaqla yanaşı, digər şəxslərə icarəyə verilmişdir. Beton zavod həmin regionda yeganə zavod olduğuna görə kifayət qədər gəlirlə işləməyə başlamış, lakin bütün bu proseslər Cavabdeh tərəfidən idarə edilməklə, ona bu barədə hər hansı bir hesabat verilməmişdir. Təsisçi kimi Cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsini gözləmiş, bu barədə Cavabdeh dəfələrlə bildirsə də, sonuncu hər dəfə müxtəlif bəhanələrlə mənfəətin bölüşdürülməsindən, bu barədə ona hesabat verməkdən yayınmışdır. Tərəfindən müəssisənin illik maliyyə hesabatının auditor yoxlanışının aparılması üçün auditor cəlb edilmiş, lakin Cəmiyyətin mühasibatlıq əməliyyatlarının qeydə və uçota alındığı mühasibatlıq sənədləri və hesabatları auditə təqdim edilmədiyindən audit tapşırığının icra edilməsi mümkün olmamışdır. Bundan sonra xx.xx.2007-ci il tarixdən başlayaraq “X16” MMC-nin fəaliyyəti ilə əlaqədar olan bütün sənədlərin təsdiqlənmiş surətlərinin təqdim etməyi xahiş etmiş, lakin Cavabdeh yenə də bunu etməkdən imtina etmişdir. MMC-nin 2007-2019-cu illər ərzində qazanmış olduğu mənfəətin məbləği 6 467 200 (altı milyon dörd yüz altmış yeddin min iki yüz) manat təşkil edir. Cavabdeh isə Seyit X9 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək ondan 1 944 092 manat və 7474,24 ABŞ dolları vəsaitin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını belə əsaslandırmışdır ki, Cəmiyyətin nizamnaməsi 2014-cü ildə yenilənərək təsdiqləndikdən sonra X14 cəmiyyətin fəaliyyəti ilə bağlı maraqlanmamış, İsmayıllı rayonu, M.F.Axundov küçəsində üç bloklu çoxmərtəbəli yaşayış evlərinin tikintisində heç bir vəsait cəlb etməmiş, 2007-ci ildən 2019-cu ilə qədər əldə olunmuş xalis mənfəətin 50 faizinin tələb etməsinə baxmayaraq, cəmiyyətə həmin ərəfələrdə cəlb olunan vəsaitin 50 faizini ödəməmişdir; buna görə də onun Cəmiyyətə 3 862 773,62 manat və 14 948 ABŞ dolları məbləğində borcu yaranmışdır və bu borc məbləği ondan öz xeyrinə tutulmalıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən Seyit X7 nümayəndəsi (vəkili) iddianı təmin etmə tədbirinə dair ərizələr təqdim edərək “X16” MMC-nə məxsus “Man yük” markalı H016867 dövlət nömrə nişanlı, “Man yük” markalı H016869 dövlət nömrə nişanlı, “Mercedes 3340K yük” markalı H015042 dövlət nömrə nişanlı, “Mercedes 3340K yük” markalı H015041 dövlət nömrə nişanlı, “Ford 3530D yük” markalı H016864 dövlət nömrə nişanlı, “Ford 3530D yük” markalı H016865 dövlət nömrə nişanlı avtomobillərin və “KOMATSU WB93R-5” markalı AZ 10 R-687 dövlət nömrə nişanlı ekskavatorun, İsmayıllı şəhəri, M. F. Axundov küçəsi 18 ünvanında “X16” MMC-nə məxsus 0,24 ha torpaq sahəsində yerləşən 3 ədəd yaşayış binasının və həmin binada olan yaşayış və qeyriyaşayış sahələrinin üzərinə həbs qoyulmaqla həmin əmlakların satılmasının və ya hər hansı formada özgəninkiləşdirilməsinin qadağan edilməsi, eləcə də müxtəlif banklarda olan MMC-nə məxsus bank hesablarına həbs qoyulmaqla həmin hesablarda olan pul vəsaitlərinin əmək haqqı, vergi və sığorta ödənişləri istisna olmaqla məxaric edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli qərardadına əsasən ərizələr təmin olunmamışdır. Həmin qərardaddan İddiaçı oğlunun nümayəndəsi şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin qanunvericiliyin tələbinə əməl etmədiyi, ilkin iddia ilə görülməsini istədikləri iddianı təmin tədbiri arasındakı əlaqənin, eləcə də ilkin iddia təmin ediləcəyi təqdirdə qəbul olunacaq qətnamənin icrasının mümkünsüzlüyünə səbəb olacaq halların mövcudluğuna dair sübutları nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Seyit X7 (vəkili) Vəkil2 şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını,Cavabdeh və X2 vəkili Ziyamin Güləhmədov isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ilkin iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinin qismən təmin edilməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun göstərilən müddəalarının mənası baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olmaqla, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Qeyd olunmalıdır ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına, eləcə də, cavabdehlərin əmlaklarının, yaxud bank hesablarının mövcud olub-olmadığının məhkəmə tərəfindən xüsusi olaraq araşdırılmasına ehtiyac yoxdur və qərarın icrası istiqamətində tədbirlər görülərkən bu kimi məsələlər aydınlaşdırıla bilər. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, habelə ərizədə cavabdehlər kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Hazırkı mübahisənin halları baxımından məhkəmə kollegiyası nəzərə alır ki, ilkin iddiaçı digər tələblərlə yanaşı, həmçinin 2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icraəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 (üç milyon iki yüz otuz üç min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməli olduğunu bildirir və iş materiallarından müəyyən olunur ki, həmin iddia tələbinin təminatı mövcüd deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, konkret mübahisədə ilkin iddiaçının özünün də “X16” MMC-nin təsisçisi olması, onun digər təsisçi olan Cavabdeh qarşı olan tələbinin mahiyyəti, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtlərindən birinin məhkəmənin yekun aktının reallıqda icra edilməli olması iddianın təmini tədbirinin tətbiqini zəruri edir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Nəzərə alınmalıdır ki, ilkin iddiaçının da təsisçisi olduğu “X16” MMC-nin digər təsisçisi və eyni zamanda qanuni nümayəndəsi olan Cavabdeh müəssisənin əmlaklarını özgəninkiləşdirməsi, yaxud bank hesablarındakı pul vəsaitlərini çıxarması, ilkin iddiaçının tələbinin təmin olunması halında təmin olunmuş hüququn reallaşdırılmasını çətinləşdirə bilər. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunmalı, iş materiallarından MMC-yə aid olduğu müəyyən edilən avtonəqliyyat vasitələrinin, həmçinin ekskavatorun özgəninkiləşdirilməsi qadağan edilməli, eləcə də bank hesablarındakı pul vəsaitlərinin üzərinə ilkin iddia tələbi həcmində həbs qoyulmaqla həmin vəsaitin məxaric edilməsi Cavabdeh və digər şəxslərə qadağan olunmalıdır (əmək haqqı, vergi və sığorta ödənişləri istisna olmaqla). Bununla yanaşı kollegiyanın qənaətinə görə, İsmayıllı şəhəri, M. F. Axundov küçəsi 18 ünvanında 0,24 ha torpaq sahəsində yerləşən 3 ədəd yaşayış binasının və həmin binada olan yaşayış və qeyri-yaşayış sahələrinin “X16” MMC-nə məxsus olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən, həmçinin sözügedən binadakı mənzillərin kimlərə məxsusluğu qeyri-müəyyən olduğundan, həmin əmlakla bağlı tədbir görülə bilməz və müvafiq sübutlar təqdim ediləcəyi təqdirdə bu məsələyə yenidən baxıla biləcəyi ilkin iddiaçıya izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Seyit X7 nümayəndəsinin iddianı təmin etmə tədbirinə dair ərizələri qismən təmin olunsun. Seyit X8 Cavabdeh, “X16” MMC-nə və X4 qarşı “üzləşmə aktının və müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” barədə ilkin, Cavabdeh Seyit X9 qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, “X16” MMC-nə məxsus “Man yük” markalı H016867 dövlət nömrə nişanlı (buraxılış ili 2012, şassi №-si WMA25WZZ6CM599739), “Man yük” markalı H016869 dövlət nömrə nişanlı (buraxılış ili 2008, şassi №-si WMAHW3ZZ19M539983), “Mercedes 3340K yük” markalı H015042 dövlət nömrə nişanlı (buraxılış ili 2007, şassi №si NMB**********5921), “Mercedes 3340K yük” markalı H015041 dövlət nömrə nişanlı (buraxılış ili 2007, şassi №-si NMB**********6049), “Ford 3530D yük” markalı H016864 dövlət nömrə nişanlı (buraxılış ili 2008, şassi №-si NM0C62TEDE8K71128), “Ford 3530D yük” markalı H016865 dövlət nömrə nişanlı (buraxılış ili 2008, şassi №-si NM0C62TDE8K71446) avtomobillərin və “KOMATSU WB93R-5” markalı AZ 10 R-687 dövlət nömrə nişanlı ekskavatorun özgəninkiləşdirilməsi qadağan edilsin. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək “X16” MMC-nin Azərbaycan Respublikasının banklarında olan bank hesablarının üzərinə ümumilikdə 3 233 600 (üç milyon iki yüz otuz üç min altı yüz) manat həcmində həbs qoyulsun. “X16” MMC-nin bank hesablarından ümumilikdə həmin məbləğdə pul vəsaitinin məxaric olunması Cavabdeh, habelə üçüncü şəxslərə qadağan edilsin. Qərardad dərhal icra olunsun və onun icrası Bakı şəhəri Nərimanov rayon İcra (Probasiya) şöbəsinə, “X16” MMC-nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X15 (avtomobillərə aid hissədə), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə (“KOMATSU WB93R-5” markalı AZ 10 R-687 dövlət nömrə nişanlı ekskavatora aid hissədə), habelə “X16” MMC-nin bank hesablarının olduğu banklara həvalə edilsin. Bu qərardadın, “X16” MMC-nin bank hesablarından əmək haqqı, vergi və sığorta ödənişləri üçün pul vəsaitlərinin məxaric edilməsinə maneə yaratmadığı nəzərə alınsın. İddianı təmin etmə tədbirinə dair ərizələr qalan hissədə təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar