Məhkəmə qərarları › İş №2(103)-7574/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7574/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7574/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2020-ci il tarixli qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X1 və Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ondan aldıqları pul məbləğinin qaytarılması məqsədi ilə 36.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə mənzil almaq üçün anası və nişanlısı Elxanla birlikdə Vəli adlı və ev alğı-satqısı ilə məşğul olan qonşusu ilə görüşəndə, sonuncu, ünvan 1 ünvanında “X5” MMC-nin inşa etdiyi binanın 11-ci mərtəbəsində olan mənzilin sahibləri olan digər cavabdehlər Abbas və Natiq tərəfindən 37.000 manata satıldığını demiş və onlar də həmin mənzili almaq istədiyini bildirmişlər. 3-4 gün sonra Vəli mənzilin sahibi kimi təqdim etdiyi cavabdeh Abbas adlı şəxslə onları görüşdürmüş və sonuncu ilə mənzilin qiymətini 36.000 manata razılaşmışlar. Daha sonra 10-15 gün müddətində 36.000 manat pulu düzəldib Vəli ilə birlikdə Abbas və onun qohumu Natiq adlı şəxslə görüşmüşdür. Natiq mənzilin iddiaçıya satılması barədə ərizə yazmış və mənzilin iddiaçının adına rəsmilləşdirilməsi barədə müqavilə və “Maliyyə arayışı” iddiaçıya təqdim etmişdir. İddiaçı 36.000 manat məbləğində pulu anasının yanında sayıb Vəliyə verdikdən sonra sonuncu 2014-cü ilin dekabr ayınadək binanın tikintisinin başa çatacağını, ondan sonra mənzildə təmirə başlayacaqlarını iddiaçıya demişdir. Cavabdehlər mənzili iddiaçıya satarkən mənzilin heç bir probleminin olmadığını bildirmişlər. Buna baxmayaraq bir müddətdən sonra iddiaçıya məlum oldu ki, cavabdehlər tərəfindən ona satılmış mənzil başqa şəxsə məxsus olmuş, müqavilə və "xxxx" imzalar isə MMC-nin rəhbərlərinə məxsus deyil. Həmin müqavilə və “Maliyyə arayışının” cavabdehlər tərəfindən hansı şəraitdə hazırlaması iddiaçıya məlum deyil. Ona görə də iddiaçının və digər şəxslərin şikayəti əsasında MMC-nin rəhbər işçiləri barəsində cinayət işi başlanmış və cinayət işinə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə qəbul etdiyi 22.10.2019-cu il tarixli hökmü ilə həmin şəxslər məhkum olunmuşlar. Nəticədə iddiaçı, mənzilsiz qalmışdır. İddiaçı, mənzilin pulunu MMC-nin rəhbərliyinə deyil hazırki iş üzrə cavabdehlərə vermişdir. Cavabdehlərin bu barədə cinayət işi materiallarında ifadələri də vardır. Ona görə də iddiaçı hesab edir ki, mənzilə görə cavabdehlərə verdiyi 36.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mənzilə görə iddiaçının ödədiyi pul məbləğinin iddiaçıya qaytarılması məqsədi ilə 36.000 manat, iddianın verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə isə 30 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ona qarşı irəli sürülmüş iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi Cavabdeh2 iştirakı olmadan baxmaqla onun müdafiə hüququnu pozmuşdur. Bundan başqa Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermişdir. Belə ki, iddiaçının tutulmasını tələb etdiyi pul məbləği “X5” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Çünki Cavabdeh2 sözügedən mənzili MMC-nin razılığı ilə iddiaçıya verərək əvəzində MMC-yə ödədiyi 36.000 manat pul məbləğini almışdır. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) A.Tağıyev apellyasiya baxışı iclasında iştirak edən apellyasiya şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına və məzmununa uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə “X5” MMC-nin adından sıxış edən X2 arasında bağlanmış 30.10.2014-cü il tarixli, alğı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı olan MMC tərəfindən alıcı olan iddiaçıya Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında, binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 kv.metr olan mənzil satılmışdır. MMC tərəfindən verilmiş 30.10.2014-cü il tarixli “Maliyyə arayışından” görünür ki, iddiaçı həmin mənzilin dəyərini tam ödəmiş, onun borcu qalmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmündən (İş № 1(101)-598/2019) görünür ki, Cavabdeh2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, MMC-nin təsisçisi Aqil Qədirova 34.000 manat pul verməklə yeznəsi Cavabdeh3 adına aldığı 50,2 kv.metr ölçülü bir otaqlı mənzili 37.000 manata satması barədə ev alğı-satqısı ilə məşğul olan Cavabdeh1 adlı qonşusuna deyəndən bir neçə gün sonra sonuncu müştəri olduğunu deyib özünün ofisinə gəlməsini demişdir. Ofisdə görüşdüyü mənzili almaq istəyən Elxan adlı şəxs və qohumları ilə mənzilin qiymətini 36.000 manata razılaşandan sonra mənzilin pulunun bir hissəsini əvvəldən, bir hissəsini sonra ödəməyi təklif etmələrinə baxmayaraq pulu tam düzəltmələrini deyib gözləyəcəyini bildirmiş, 10-15 gündən sonra isə Vəli pulun hazır olduğunu demişdir. 30.10.2014-cü il tarixdə MMC-nin ofisində Elxanın arvadı və qohumları ilə görüşmüş, Cavabdeh3 mənzildən imtina etməsi, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə ərizə yazmış, 36.000 manat pulu almış, mənzillə bağlı İddiaçı adına müqavilə və maliyyə arayışı verilmişdir. Aldığı puldan Cavabdeh1 və Cavabdeh3 pul verməmiş, həmin mənzilin əvvəlcədən başqasına satılmasından xəbəri olmamışdır. Hökmdən həmçinin görünür ki, İddiaçı adına mənzilin rəsmiləşdirilməsi barədə 30.10.2014-cü il tarixli müqavilə və maliyyə arayışında imzalar X2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Yasamal Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 09.12.2017-ci il tarixli “şahidi dindirmə protokolundan” görünür ki, Cavabdeh2 ifadəsində göstərmişdir ki, Aqil Qədirovun sözügedən mənzili onlardan əvvəl başqasına satdığını bilməmişlər. O, mənzilin satışından əldə etdiyi puldan Natiqə, Vəliyə və ya digərlərinə verməmişdir. Həmin pul onun özünə qalmışdır. Göstərilənlərə əsasən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Cavabdeh2 mənzilin satılmasına görə İddiaçı 36.000 manat pul almışdır. Lakin Cavabdeh2 razılaşmadan irəli gələn öhdəliyini icra etməmiş və buna baxmayaraq pulu da qaytarmamışdır. Bunları nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 pulu əsassız olaraq geri qaytarmadığından iddia tələbi ona münasibətdə təmin olunmalıdır. Rayon Məhkəməsi iddia tələbini Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsassız hesab etməsini isə belə əsaslandırmışdır ki, pulun onlarda olması iş materialları ilə sübut olunmur. Məhkəmə, Rayon Məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, 36.000 manat məbləğində pulun iddiaçı tərəfindən Cavabdeh2 verilməsi və pulun Cavabdeh2 olması işin halları kimi müəyyən olunur. Rayon Məhkəməsi tərəfindən işin halları tam müəyyən olunmuş, həmin hallar işdə olan sübutlarla təsdiq olunur, Rayon Məhkəməsinin gəldiyi nəticə işin müəyyən olunmuş hallarına uyğundur. Rayon Məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozulması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məcəllənin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili, yəni Cavabdeh2 sözügedən mənzili MMC-nin razılığı ilə iddiaçıya verərək əvəzində MMC-yə ödədiyi 36.000 manat pul məbləğini alması, belə olan halda iddiaçının tutulmasını tələb etdiyi pul məbləğinin MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə dəlili əsassızdır. Məhkəmə, apellyasiya şikayətinin Cavabdeh2 məhkəmə iclası barədə məlumatlandırılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, mülki iş materiallarından görünür ki, Cavabdeh2 məhkəmə bildirişləri vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıqlar edilmişdir. MPM-nin 138-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir (maddə 138.1.). İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar (maddə 138.2.). İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (maddə 138.3.). Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər (maddə 138.4.). MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, Cavabdeh2 müzakirə edilən bu dəlili də əsassızdır. Rayon Məhkəməsinin qətnaməsi çəkişmə şəraitində qəbul edilmiş sayılır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar