Məhkəmə qərarları › İş №2(103)-7576/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7576/2022

09.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7576/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərzəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Milli Azərbaycan Tarixi Muzeyi Baş direktorunun xx.xx.2022-ci il tarixli 57- K nömrəli əmri etibarsız hesab olunsun, iddiaçı əvvəlki vəzifəsinə - Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin böyük laborantı vəzifəsinə bərpa olunsun və mənəvi zərərin əvəzi kimi ona 5.000 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edlsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayədəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsində böyük laborant vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi Muzeyin Baş direktorunun xx.xx.2022-ci il tarixli 57-K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Həmin maddəyə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Attestasiya Komissiyasının xx.xx.2022-ci il tarixdə keçirdiyi attestasiyanın nəticəsinə görə, iddiaçı tutduğu vəzifəyə uyğun deyil. Lakin cavabdeh bu əsasla əmək müqaviləsini ləğv edəkən qanunvericilikdə müəyyən edilmiş müddəti pozub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 3.3-cü bəndində qeyd olunub: “Attestasiya komissiyasının tövsiyələri müssisəsə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ... işdə azad etməyə yol verilmir”. Cavabdeh həmin qadağanı pozub, əmək müqaviləsini 37 gün sonra, yəni 30 təqvim günü bitdikdən sonra ləğv edilib. Belə ki, attestasiyanın nəticəsi xx.xx.2022-ci il tarixdə elan olunub, əmək müqavilənin ləğv edilməsi barədə əmr isə xx.xx.2022-ci il tarixdə verilib. O cümlədən müəyyən edilir ki, 30 günlük müddətin axımına təsir edən hallar baş verməyib, yəni attestasiyanın nəticəsi elan olunduqdan sonra iddiaçıya münasibətdə xəstəliklə bağlı əmək qabiliyyətinin itirilməsi halı baş verməyib, habelə o, məzuniyyətdə və ya ezamiyyətdə olmayıb. Bunu hər iki tərəf təsdiq edir. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, işəgötürənin əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçıya mənəvi zərər vurulduğu müəyyən edilmədiyinə görə məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Milli Azərbaycan Tarixi Muzeyi Baş direktorunun xx.xx.2022-ci il tarixli 57-K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə - Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya elmi-fond şöbəsinin böyük laborantı vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İlkin mediasiya sessiyasına görə ödənilmiş xərcin əvəzi kimi 50 manat Milli Azərbaycan Tarixi Muzeyindən alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar