Məhkəmə qərarları › İş №2(103)-7578/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7578/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7578/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili İftixar Əhmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(004)-4213/2020 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianın təminetmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 557-ci məhəllə, 85 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisindəki 68.7 kv.m qeyri-yaşayış sahəsinin müvəqqəti olaraq özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 557-ci məhəllə, 85 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisindəki 68.7 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ əsasında cavabdehə məxsus olması barədə ərizəyə hər hansı sənəd əlavə edilmədiyindən iddianı təmin etmə tədbiri tətbiq edilməmişdir. Lakin bu halı təsdiqləyən sənədi məhkəmə iclasında təqdim etmişdir, buna görə iddianı təmin etmə tədbiri tətbiqinə dair ərizəsi təmin edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri cavabdehə qadağan etmək barədə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Baxılan iş üzrə iddiaçının tələbi cavabdehdən pul vəsaitinin tutulmasıdır. İddianı təmin etmə tədbiri qismində qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyri-mümkün edə bilər. Ona görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4213/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin olunsun. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 557ci məhəllə, 85 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisindəki 68.7 kv.m qeyriyaşayış sahəsinin müvəqqəti olaraq özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar