Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7578/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(004)-1481/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.01.2014-cü il tarixli, 14R000012218 saylı kredit razılaşması üzrə 18 iyun 2019-cu il tarixli mədaxil orderi əsasında artıq ödənilmiş 3400,89 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh QSC ilə bağladığı 14 yanvar 2014-cü il tarixli 14R000012218 saylı kredit razışlaşması əsasında, ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi iddiaçının ona və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 13224,55 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmeti olan ona məxsus Badamdar qəsəbəsində yerləşən mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, mənzil satıldıqdan 1 ay sonra onun və Ə.M.Qədirovanın mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılıb banka təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, işə apellyasiya qaydasında baxmış Şirvan Apellyasiya Məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası keçirmiş və ekspertizanın nəticələrini əsas tutaraq 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi pulun tutulması hissəsində ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 7683,45 ABŞ dollarının tutulması, mənzilin ilkin satış qiymətinin 115000 manat məbləğində müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Onun məhkəmə mübahisəsi dövründə ödədiyi pul məbləği isə 11084,34 ABŞ dolları təşkil etmişdir. Hazırda məhkəmə qətnamələri qanuni qüvvəsini aldığından və həmin qətnamələrlə onun tərəfindən 3400,89 ABŞ dolları məbləğində pulun banka artıq ödənilməsi öz təsdiqini tapmışdır. Buna görə də, o, 30 mart 2020-ci il tarixdə Cavabdeh QSC-yə müraciət edərək 14 yanvar 2014-cü il tarixli, 14R000012218 saylı kredit razılaşması üzrə artıq ödənilmiş 3400,89 ABŞ dolları məbləğində pulun ona geri qaytarılması üçün göstəriş verilməsini xahiş etmiş, lakin bu günə qədər müraciətə bank tərəfindən cavab verilməmiş və artıq ödənilmiş pul məbləği geri qaytarılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(004)- 1481/2021 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, cavabdeh tərəfindən kredit borcunun könüllü şəkildə bağlanması, həmin vaxt Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul olunmaması, qanuni qüvvədə olan məhkəmə qərarının olmaması, əsassız varlanmanın baş verməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən iddiaçının qardaşı X3 bankda krediti olmuş, həmin kredit müəyyən güzəştlər tətbiq edilməklə bağlanmışdır. Bundan bir neçə gün sonra isə iddiaçının krediti bağlanmışdır. Lakin, həmin vaxt Şirvan Apellyasiya Məhkəməsində işə baxılırdı və bir müddət sonra qətnamə qəbul olunmuş, kredit borcunun məbləği daha az müəyyən olunmuşdur. Həmin vaxt qətnamədən kassasiya şikayəti vermişlər və məqsəd iddiadan imtina etmək olmuş, lakin Ali Məhkəmə qətnaməni qüvvədə saxlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən qardaşı özünün iddiaçı banka olan kredit borcunu ödəmiş, həmin vaxt bank tərəfindən qardaşına müəyyən güzəştlər həyata keçirilmiş, nəticədə qardaşının artıq pulu yaranmış, həmin pul vəsaitini onun kredit borcunun ödənilməsinə yönəltmişdir. Lakin, bir müddət sonra Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul olunmuş və onun kredt borcunun daha az olması qət olunmuşdur. Bank həmin qətnamədən şikayət versə də, Ali Məhkəmə şikayəti təmin etməmişdir. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə onun kredit müqaviləsi üzrə öhdəliyinin (borcunun) 7683,45 ABŞ dolları olması müəyyən olunmuşdur. Lakin, bank ondan əsassız olaraq 11084,34 ABŞ dolları almışdır. Bu səbəbdən də hesab edir ki, artıq ödənilmiş 3400,89 ABŞ cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim ollunmuş sübutlarla – Şirvan Apelyasiya Məhkəməsinin 17.06.2019-cu il tarixli, 2(106)-19/2019 saylı qətnaməsi ilə iddiaçının bankla bağlanmış 14.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun cəmi 7683.45 ABŞ dolları olması, lakin iddiaçının 18.06.2019-cu il tarixli mədaxil orderinə əsasən banka 11084.34 ABŞ dolları, yəni öhdəlikdən kənar 3400,89 ABŞ dolları məbləğinin ödənilməsi təsdiq edildiyindən iddia əsaslıdır. Cavabdeh apellyasiya şikayətində dolayısı ilə qəbul etmişdir ki, kredit borcu ödənilmiş məbləğdən daha az olmuş, lakin etirazının əsası kimi pul ödənilərkən məhkəmə qərarının mövcud olmamasını, iddiaçının könüllü olaraq kredit ödənişini həyata keçirməsini göstərmişdir. Lakin bu halın mövcudluğu iddiaçı tərəfindən öhdəlikdən kənar ödənişin edilməsi halını aradan qaldırmır. Qanuni qüvvədə olan məhkəmə qərarları (Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2019 tarixli qərarı) ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ümumi borcun 7683,45 ABŞ dolları olması müəyyən olunduğu halda, iddiaçının ödədiyi məbləğ 11084,34 ABŞ dolları təşkil etmiş, bununla da 3400,89 ABŞ dolları artıq ödəniş həyata keçirilmişdir. Mülki Məcəllənin (bundan sonra-MM) 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Həmçinin, qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi izahatında iddiadan imtina olunması üçün Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsini, lakin qətnamənin qüvvədə saxlanılmasını göstərsə də, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2019 tarixli qərarından görünür ki, cavabdeh kassasiya şikayətində kredit borcunun düzgün müəyyən olunmamasını, borcun daha artıq olmasını və s. mübahisələndirmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(004)-1481/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(004)- 1481/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7578/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7578/2021
21.09.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver