Məhkəmə qərarları › İş №2(103)-7579/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7579/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7579/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin təmin edilməsi vəzifəsinin cavabdehlər üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(009)- 2327/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı "xxxx" MTK və "xxxx" MTK tərəfindən bağlanılmış müqavilə üzrə öhdəliklərin təmin edilməsi vəzifəsinin cavabdehlər üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(009)- 2327/2022 saylı qərardadına əsasən iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı müxtəlif inzibati orqanlara qarşı tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddiaçı şikayətində mübahisənin mülki xarakterli olmasını qeyd etsə də, iddia ərizəsindən (həmçinin şikayətin dəlillərindən) iddiaçı ilə cavabdeh inzibati orqanlar arasında mülki-hüquqi sahədə münasibətlərin yaranması görünmür. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin təmin edilməsi vəzifəsinin cavabdehlər üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(009)- 2327/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(009)-2327/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar