Məhkəmə qərarları › İş №2(103)-7580/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7580/2022

13.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7580/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7580/2022 (Açar sözlər: mənzilə köçürülmə, maneənin aradan qaldırılması) Bakı şəhəri, 13 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “mənzilə köçürülmə və maneçiliyin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – onun yeni qurduğu ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,09 kv.metr olan 4 yaşayış otağından ibarət 29 nömrəli mənzilə köçürülməsi və bu hüquqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 1997-ci ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü oğulları Məhəmməd anadan olmuşdur. Birgə nikahda olduqları müddətdə cavabdehlər tərəfindən mənzilə dair törədilmiş mübahisələr elə bir həddə çatmışdır ki, 22 il əvvəl bağlanmış nikahları xx.xx.2019-cu il tarixdə Cavabdeh1 iddiasına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmşdur. Birgə nikah müddətində onlar, hazırda cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,09 kv.metr (yaşayış sahəsi 47,29 kv.metr, köməkçi sahələri 34,8 kv.metr) olan 4 otaqlı, 29 nömrəli mənzili, xx.xx.2013-cü il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlamaqla əldə etmiş və həmin mənzil xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Mənzilin alqı-satqısı gününüdən nikahlarının pozulması günədək iddiaçı cavabdehlərlə birgə yaşamışdır. Lakin, nikah pozulandan sonra cavabdehlər birləşərək iddiaçını, mülkiyyət hüququ ilə ona məxsus mənzilinə buraxmamışlar. İddiaçı kirayələrdə yaşamağa məcbur olmuş və hal-hazırda da bu hal davam edir. Dəfələrlə iddiaçı mənzilində yaşamağa cəhd etsə də, cavabdehlər buna şərait yaratmamışlar və əksinə həmişə qarşıdurma törətmişlər. İddiaçı artıq digər şəxslə X4 ilə nikah münasibətlərindədir və iddiaçının bu evlilikdən bir övladı xx.xx.2020-ci il tarixdə X5 anadan olmuşdur. İddiaçı yeni qurduğu ailəsi ilə birlikdə mülkiyyət hüququ ilə məxsus olan mənzilə köçüb yaşamağa cəhd etsə də, mübahisələr yaranmışdır. Mübahisənin məhkəmədənkənar həlli ilə əlaqədar cəhdlər heç bir nəticə verməmişdir. Cavabdehlər isə bu yönümdə mübahisə etməkdə davam edirlər. Cavabdehlərin hərəkətləri barədə iddiaçı ərazi üzrə polis orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamış və sonda iddiaçıya mübahisənin mülki xarakter daşıması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Heç bir razılaşma alınmadığından, iddiaçı məcbur olub mübahisənin hüquq müstəvisində həlli ilə əlaqədar, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, onun yeni ailə qurduğu həyat yoldaşı və körpə övladı ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandorov küçəsi, ev 12-də yerləşən, 4 yaşayış otağından və köməkçi sahələrdən ibarət 29 nömrəli mənzilinə köçüb yaşamaq hüququ vardır. İddiaçının bu hüququna cavabdehlər tərəfindən törədilmiş maneçiliklər aradan qaldırılmalı, müvafiq məhkəmə qərarı qəbul edilməlidir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı yeni qurduğu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə köçürülməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən olunan maneələrə son qoyulması qət edilmişdir (Hakim: Lalə Rəhimli).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddaçı İddiaçı olduğu haldaonun ailə üzvü olan həyat yoldaşını birgə iddiaçı qismində çıxış etmədiyi təqdirdə onun da mənzilə köçürülməsini qət etmişdir. Bu hal qanunsuzdur. Məhkəmə qətnaməsi üzrə yuxarıda qeyd edilən maddi hüququ normaları düzgün tədbiq edilməmişdir. Hətta iddia predmetindən kənara çıxaraq iddiaçı olmayan şəxsin mənzilə köçürülməsini qət etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına qətiyyən uyğun gəlmir. Məhkəmə araşdırmamışdır ki, mübahisə halında nikahı pozulan şəxslərin birgə yaşaması hansı şəraitdə mümkün ola bilər. Nəzərə alasaq ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulmuşdursa və yenisi ilə ailə qurmuş iddiaçının həmin ailə üzvü ilə birlikdə bu mənzilə köçürülməsi istər birgə yaşayış qaydalarına, istərsə də millimental dəyərlərə zidd hesab edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

11. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

12. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

13. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

14. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2019-cu il tarixində ləğv edilmişdir.

19. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

20. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın tam, qarşılqılı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə dair ½ hissədə X2, qalan ½ hissədə isə İddiaçı paylarının (mülkiyyət hüququları) müəyyən edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2033-cü il tarixədək hər növbəti ayın 5-dək 154,74 manat pul Cavabdeh1 tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

21. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasında “X2” sözləri “İddiaçı” kimi, “X1” sözləri “Cavabdeh1” kimi oxunması qərara alınmışdır.

22. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2674/2020 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır.

24. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 103-32381 saylı məktubun surətindən görünür ki, ona göstərilən xüsusatlar mülki xarakterli olduğundan pozulmuş mülki münasibətlərdən irəli gələn hüquqlarının bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

25. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “İddiaçı” anası “X4” qeyd edilmişdir.

26. Kollegiya işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, tərəflər İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə payları (mülkiyyət hüquqları) müəyyən edilmişdir.

27. Hazırda İddiaçı mübahisəli mənzilə cavabdehlər tərəfindən buraxılmadığından yeni qurduğu ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi və bu hüquqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Qanunvericinin tələbinə görə, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə keçə bilər. Hazırkı iş üzrə mübahisəli mənzil iddiaçının adına ilkin olaraq qeydiyyata alınsa da, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həm iddiaçının, həm də Cavabdeh1 ½ hissədə mənzilə payları (mülkiyyət hüquqları) müyyən edilmişdir.

30. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli mənzilə köçürülməyə dair birinci instansiya məhkəməsi iddia tələbini yalnız İddiaçı münasibətdə təmin etməkdə haqlı olmuşdur.

32. Kollegiya iddiaçının mübahisəli mənzilə yeni ailə üzvləri ilə (arvadı və oğlu) birlikdə köçürülməsini mülki qanunvericiliyin tələblərinə zidd hesab edir.

33. Belə ki, Mülki Məcəllənin qeyd edilən 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

34. Qeyd edilən müddəanın mahiyyətindən görünür ki, qanunverici paylı mülkiyyətdə olan əşyadan istifadəni bütün mülkiyyətçilərin razılaşması ilə şərtləndirmişdir. İş materiallarından aydın olur ki, digər paylı mülkiyyətçi olan cavabdeh iddiaçının yeni ailə üzvlərinin həmin evdə yaşamasına (istifadə etməsinə) razı deyildir.

35. Eyni zamanda, Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

36. Qeyd edilən normanın mahiyyətindən görünür ki, qanunverici yalnız paylı mülkiyyətin mülkiyyətçisinin istifadə hüququnu tanımışdır. Belə olan halda, paylı mülkiyyətçi olan iddiaçının yeni ailə üzvlərinin də həmin mənzilə köçürülməsi digər mülkiyyəçinin mülkiyyət hüquqlarını pozur.

37. Birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Çünki, hazırda mübahisələndirilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti deyil, ümumi paylı mülkiyyətidir. Mülki Məcəllənin qeyd edilən 228-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu tənzimləyir. Hazırki mülki işdə tərəflər paylı mülkiyyətçilərdir. Belə olan halda onlar arasında olan mülkiyyət münasibətlərinə Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri tətbiq edilməlidir.

38. Kollegiya qeyd edilən hallara, Mülki Məcəllənin 215.1 və 215.2-ci maddələrinə əsasən vurğulayır ki, iddiaçı özü paylı mülkiyyətçi olduğundan onun mübahisəli mənzildən istifadə hüququ olsa da, onun ikinci nikahdan olan ailə üzvlərinin həmin mənzildən istifadə hüququ yarana bilməz.

39. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə tərəflərin 2/1 hissədə payları müəyyən edilmişdir. Həmin mənzil naturada bölündüyü təqdirdə iddiaçı yeganə mülkiyyətçi kimi əvvəlki paylı mülkiyyətçinin razılığı olmadan əmlakdan istədiyi kimi istifadə edə, yeni ailə üzvləri ilə həmin mənzildə yaşaya bilər. Lakin, iş materiallarından sözügedən mənzilin naturada bölgüsünə dair məhkəmə qərarının olması görünmür.

40. Hazırda mübahisələndirilən əmlak iddiaçı və cavabdehin ümumi paylı mülkiyyəti olduğundan, iddiaçının yeni ailə üzvlərinin həmin mənzilə köçürülməsi yalnız cavabdehin razılığını tələb edir ki, iş materiallarından və apellyasiya şikayətinin dəlillərindən cavabdehin buna razılığının olmadığı müəyyən edilir.

41. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni iddiaçının ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

45. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

46. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – iddiaçının ikinci nikahdan olan ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar