Məhkəmə qərarları › İş №2(103)-7587/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7587/2022

15.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7587/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5467/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 113/A saylı əmrin ləğv edilməsi və icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)- 5467/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin qaytarılması qərara alınmışdır. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(004)-5467/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının iki tələbi bir-biri ilə əlaqəlidir. Belə ki, iddia ərizəsində o, Cavabdeh ASC tərəfindən verilmiş Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 113/A saylı əmri mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun işə bərpa olunmağı və cavabdehlə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 593 saylı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab olunması qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası müddətində borclu Cavabdeh ASC qətnamənin icrasına hər cür maneələr yaratmağa başlamışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində elektron sistem üzərindən əmək müqaviləsinə xitam verilməsi barəsində bildirişin ləğv edilməsi ilə sanki onun işə bərpa olunmağı görüntüsünü yaratmış, lakin iddiaçı faktiki olaraq vəzifələrinin icrasına buraxılmamış, öz işinə bərpa olunmamışdır. Daha sonra isə hazırda mübahisələndirilən əmrlə onun işə yuxarıda qeyd olunan əmri də sanki müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə ləğv etmişdir. Hər iki əmr icra sənədinin icrası qaydasında və icra sənədinin icrasına maneə yaratmaq məqsədilə verilmişdir. Mübahisələndirilən əmr iddiaçının işdən azad edilmə əmri kimi qiymətləndirilə bilməz. Digər bir tələbi yenə də icra sənədinin icrası ilə bağlıdır ki, cavabdehin üzərinə icra sənədinin icrası öhdəliyi qoyulsun. Yəni mübahisələndirdiyi əmrin ləğvi ilə cavabdehin üzərinə icra sənədinin icrası öhdəliyi qoyulmalıdır. Çünki Cavabdeh ASC sanki icra sənədinin icra olunması, onun işə bərpa olunmağı, sonra isə işdən azad olunmağı görüntüsünü yaratmış, bununla da icra sənədinin icrasını mümkünsüz etmişdir. Ona görə də mübahisələndirilən əmrin ləğvi ilə iddiaçının işə bərpa olunmağı ilə bağlı icra sənədinin icrası davam etdirilməlidir. Cavabdehin qeyd olunan əmrindən də çıxış edərək icra sənədinin icrası mümkünsüz olmuşdur. Göründüyü kimi hər iki iddia tələbi bir-biri ilə bağlıdır. Yəni icra sənədinin icrası ilə əlaqəlidir, icra sənədinin icrasına yaradılmış maneələrin aradan qaldırılması ilə bağlıdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, iddiaçının qanuni qüvvədə olan məhkəmə qərarları ilə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi və s.) Cavabdeh ASC-yə qarşı “işə bərpa və s.” tələblərinə dair iddiası təmin olunmuş, lakin sonuncu məhkəmə qərarını tam icra etməmiş, onu faktiki olaraq əvvəlki işinin icrasına buraxmamış, icranı süni yolla uzatmışdır (8 saylı Filialın hüquqi ünvanını dəyişmiş, ona başqa iş təklif olunmuş və s.). Sonradan ona məlum olmuşdur ki, guya onu işə bərpa edib, yenidən digər əsasla (ƏM-nin 68-ci maddəsinin “ç” bəndinə əsasən – müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) 26 iyul 2022-ci il tarixli əmrlə işdən azad etmişlər. Bu səbəbdən də hesab edir ki, həmin əmr ləğv olunmalıdır. Göründüyü kimi, iddiaçı cavabdehin 26 iyul 2022-ci il tarixli əmrini mübahisələndirmiş, eyni zamanda həmin əmrin məhz əvvəlki məhkəmə qərarının icrasından yayınmaq üçün qanunsuz verilməsini və s. bu istiqamətdə dəlillərini göstərmişdir. Birinci instansiya məhkəməsi bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsini əsas gətirərək iddia ərizəsini icraata qəbul etmədən qaytarmış, lakin iddia tələbinin mahiyyətini tam dəqiqləşdirməmiş (zərurət yarandığı halda, MPM-nin 151.2-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər), nəticədə iddiaçının dinlənilmə, məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi sonradan (iddia tələbinin mahiyyətini dəqiqləşdirməklə) hər hansı tələbi baxılmamış saxlamaqda və ya iş üzrə icraata qismən xitam verməkdə də haqlıdır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı “əmrin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5467/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5467/2022 saylı qərardadı ləğv edilsin və iş iddia ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar