Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7594/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun vəkili X4 Cavabdeh iştirakları ilə, İddiaçı Gülbala oğlunun Cavabdeh qarşı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi olmaqla “şəxsi mülkiyyətindəki torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-491/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Gülbala oğlu Cavabdeh qarşı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi olmaqla iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2278 saylı, sahəsi 0,1027 ha olan torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi və həmin qanunsuz tikinti aparmış Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 21 fevral 2018-ci ildə o, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindən 2278 saylı, sahəsi 0,1027 ha olan torpaqsahəsi almış və Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsindən həmin torpaq sahəsi üzrə çıxarış əldə etmişdir. Qeyd olunan torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt etmiş, orada qanunsuz yolla ona məxsus olan mişar daşıyla tikinti işləri aparmışlar. Bununla əlaqədar olaraq 29 mart 2018-ci ildə o, Daxili İşlər Nazirliyinin 42 saylı Sabunçu rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun şikayəti əsasında cinayət işi başlanmış, uzun müddət lazım olan sənədi göndərməmiş, həmin sənədi sonralar gedib almışdır. Həmin sənədi alarkən ona məlum olmuşdur ki, cinayət işinə xitam verilmiş və bununla onun problemi həll edilməmiş və heç bir nəticə olmamışdır. O, yenidən həmin torpaq sahəsinin ərazi sərhədlərini dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Məkan Xidmətinə ərizə ilə müraciət etmiş və onların göstərişi ilə mühəndis onun iştirakı ilə yenidən həmin ərazidə koordinatlarını müəyyənləşdirmiş və ona göstərmişdir. Bir daha aydın olmuşdur ki, Cavabdeh və onun ailə üzvləri təqribən 2000 ədəd mişar daşı ilə ona məxsus ərazidə hasar hördürmüş və darvaza qoydurmuşlar. Buna görə də, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmağına baxmayaraq, o hələ də bu mülkiyyətindən istifadə edə bilmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-491/2020 saylı, 11 snetyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinnin təmin edilməsi, İddiaçı Gülbala oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0,1027 ha olan 2278 saylı bağ sahəsində Cavabdeh tərəfindən tikilən qanunsuz tikililərin sökülməsi və həmin qanunsuz tikinti aparmış Cavabdeh İddiaçı Gülbala oğluna məxsus torpaq sahəsindən (mişar daşı ilə hasara alınıb giriş qapısı qoyulmuş 429 kv.m və yarımçıq hasar olan 230 kv.m sahələrdən) çıxarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Gülbala oğluna ödənilməsi, iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri 127.30 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən verilmiş 21.02.2018-ci il tarixli № ******* saylı çıxarışla iddiaçıya məxsus Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2278 saylı bağ sahəsinin ölçüsü 0,1027 ha göstərilmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidmətinin 11 avqust 2020-ci il tarixli mütəxəssi rəyində hüquqmüəyyənedici sənədə zidd olaraq iddiaçıya məxsus torpaq səhəsinin 0.12 ha olduğu göstərilmiş və bu ölçü əsas göstərilərək tərəfindən guya iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması barədə rəy verilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında ekspert rəyinin düzgün olmadığını bildirib, apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinini nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi - 0,1027 ha olan 2278 saylı bağ sahəsi 21.02.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 avqust 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən reyestr nömrəsi **********11 olan çıxarışa əsasən İddiaçı Gülbala oğlunun mülkiyyətində olan 2278 nömrəli, 0.1200 hektar bağ sahəsinin sərhədləri daxilində cavabdeh tərəfindən 429 kv.m ərazi mişar daşı ilə hasara alınıb giriş qapısı qoyulmuşdur. İddiaçı Gülbala oğluna məxsus torpaq sahəsində mövcud olan mişar daşı ilə hasara alınıb giriş qapısı qoyulmuş 429 kv.m və yarımçıq hasar olan 230 kv.m sahələr iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2278 nömrəli, 0.1200 hektar bağ sahəsindən istifadəsinə məhdudiyyət yaradır. Hazırda mübahisə predmeti olan torpaq sahəsi reyestr nömrəsi **********1 olan çıxarışa əsasən İddiaçı Gülbala oğlunun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.11.2021-ci il tarixli **********40 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh tərəfindən hasara alınıb giriş qapısı qoyulan 429 kv.m ərazi İddiaçı Gülbala oğlunun mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Apellyasiya instansiya məhkəməsində mübahisə üzrə obyektiv nəticəyə gəlmək üçün tikintitexniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 29.11.2021-ci il tarixli 10/4271 nömrəli rəydə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0,1027 ha olan 2278 saylı bağ sahəsinin eninin 25 metr, uzunluğunun 41 metr təşkil etdiyi müəyyən edilir. Torpaq sahəsinin koordinatları və digər texniki göstəriciləri 15.02.2018-ci il tarixda tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən üzərində mişar daşı ilə hasara alınıb giriş qapısı qoyulmuş 429 kv.m torpaq sahəsi ilə İlham Gül-Bala oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi - 0,1027 ha olan 2278 saylı bağ sahəsi üst-üstə düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət2 hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz-mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindan məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azerbaycan Respublikasının Konstiutsiyasının qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən zəbt etdiyi ərazinin ona məxsus torpaq sahənin hüdudları daxilində olması iş materiallarında olan sübutlarla öz təsdiqnin tapmışdır. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının məbləği olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-491/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya instansiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri 100 manat Cavabdeh tutularaq X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7594/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7594/2021
29.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver