Məhkəmə qərarları › İş №2(103)-7594/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7594/2022

06.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7594/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(004)- 4148/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (TeliaSonera AB mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən TeliaSonera Eurasiya ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(004)- 4148/2022 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı (TeliaSonera AB mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya münasibətdə əmək müqaviləsinə xitam verilməsi qərarının razılaşdırılmasına dair sənədlər onun şəxsi işinə aid sənədlərə aiddir. Bu zaman, məhkəmə nəzərə almamışdır ki, qanunverici hansı sənədlərin işçinin şəxsi işinə aid edildiyini dəqiq müəyyən etmişdir. Onların iddia tələbi isə TeliaSonera Eurasiya ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə məlumatları ehtiva etməklə, iddiaçının şəxsi işinə aid sənədlər kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında xx.xx.2022-ci il tarixdə baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e- 2(004)-4148/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, hazırkı iddia tələbi bundan öncə tərəflər arasında olan məhkəmə mübahisəsinin baxışının predmeti olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırda iddiaçı tərəflər arasında mübahisəyə dair əvvəllər keçirilmiş məhkəmə prosesində cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən TeliaSonera Eurasiya ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçıya münasibətdə əmək müqaviləsinə xitam verilməsi qərarın razılaşdırılmasına dair sənədlər onun şəxsi işinə aid sənədlərə aiddir. İddiaçı iddiası əsasında onun şəxsi işində olan bütün sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s. tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixi qətnamə ilə iddia rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Odur ki, şəxsi işində olan bütün sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan şəxsi işə aid olan ayrı-ayrı sənədlərin və qeyd edilən sənədlərlə bağlı məlumatların verilməsi ilə bağlı iddia tələbinə yenidən baxıla bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış iş üzrə tərəflər ilə hazırki iş üzrə tərəflər eyni olsa da, mübahisənin predmeti fərqlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-1599/2020 saylı iş üzrə iddia tələbi cavabdehin iddiaçının müraciətinə cavab verməməsinin qanunsuz hesab edilməsi, İddiaçı şəxsi işində olan bütün sənədlərin, o cümlədən iddiaçının işə qəbul olunması barədə sənədlərin, habelə 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsindən ibarət olmuşdur. Hazırki iş üzrə isə iddia tələbi cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən TeliaSonera Eurasiya ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsindən ibarətdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin 7-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(004)- 4148/2022 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar