Məhkəmə qərarları › İş №2(103)-7595/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7595/2022

31.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7595/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361 və 361.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirdiyi göstərilməlidir. 01 oktyabr 2022-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavənin 12-ci bəndinə əsasən, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin iddiaçı Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada apellyasiya şikayəti verməyib, yəni Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavənin 12-ci bəndinə əsasən, apellyasiya şikayətində tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirdiyini ümumiyyətlə göstərməyib, eləcə də məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini bildirməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar