Məhkəmə qərarları › İş №2(103)-7595/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7595/2023

18.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7595/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “ləğv prosesində olan banka qarşı kreditor tələbi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2133/23 saylı, xx.xx.2023-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə məhkəməyə müraciət edərək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzinin cavabdeh LPO Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 3(103)-42/2023 saylı qərarına əsasən Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh ASC-nin Hüquq Departamentinin direktoru İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR “Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə əsasən xitam verilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2133/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi» tələbinə dair mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələbə qiymət verilməsi ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyətlərində olmadığından, işə mahiyyəti üzrə baxılması mümkün deyil. İddiaçının tələbləri kreditor tələbi olduğu üçün yalnız «Banklar haqqında» AR Qanununun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciət iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Məhz bu səbəblə də qanunverici iflas prosesində olan banka qarşı yeni iddialar üzrə məhkəmə icraatının başlanılmasını imperativ şəkildə qadağan etmişdir («Banklar haqqında» AR Qanununun 72.1.3-cü maddəsi). Hazırki işdə cavabdeh müəssisə ləğv edilməmiş, müflis elan edildiyindən, işçilərə ödənməli ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməli olduğundan işçi hazırki məsələnin həlli ilə bağlı banka müraciət etməli, bank isə öz növbəsində tələbi qəbul edilmiş və ya etiraz edilmiş tələblər siyahısına daxil etməli, bundan sonra isə siyahıya daxil edilən tələblər üzrə ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. Əgər iddiaçının tələbi etiraz edilmiş tələblər sırasına daxil edilərsə, o zaman həmin siyahını təsdiq etdiyi zaman məhkəmə bankdan etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün sübutlar tələb edə bilər. İddiaçının etiraz edilmiş yaxud qəbul edilmiş tələbi hazırda məhkəmənin icraatında olduğu təqdirdə isə iddiaçı həmin məsələyə baxan məhkəməyə müraciət etmək və dinlənilmək hüququna malikdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 2133/2023 saylı qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv olumasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək CavabdehASC-nin Hüquq departamentinin direktoru işləmişdir. Cavabdeh ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü iltarixli 2- 3(103)-42/2023 saylı qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması fondu banka ləğvedici təyin edilmişdir. Bank müflis elan edilməsinə baxmayaraq Əmanətlərin Sığortalanması Fondu ilə daimi işçi kimi əmək münasibətləri davam etmişdir. xx.xx.2023cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Ləğvprosesində olan bankın əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməsi məsələləri qanunvericiliklə ləğvedicinin səlahiyyətlərinə aid edilib. Belə olan halda, əmək münasibətləri əsasında yaranmış hazırkı mübahisənin tərəfləri kimi ləğvedici və işçi hesab olmalı, onların bir-biri qarşısında qanunvericiliklə nəzərdə tutulan hüquq və öhdəliklərinin mövcud olması nəzərə alınmalıdır. “Banklar haqqında” Azərbaycan RespublikasıQanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. İşlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyəti günləri qalmış və əmək müqaviləsinə xitam verildikdən sonra həmin məzuniyyət günlərinin əvəzinə pul əvəzi ona ödənilməmişdir. xx.xx.2023-ci il tarixdə cavabdehə müraciət edərək istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması və pul əvəzi ona ödənilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, müraciəti cavabsız qalmışdır. İlkin mediasiya sessiyasında qarşı tərəfin nümayəndəsi bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında ödəniləcək. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsində bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələblərinin növbəlilik qaydasında ödənilməli olduğu göstərilmişdir. Həmin bu maddədə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya növbəlik qaydasında ödənilməsi təsbit edilməmişdir. Qeyd edilən maddədən də göründüyü kimi istifadə edilməmiş məzuniyyətlərə görə ödənilməli olan pul əvəzi növbəlilik qaydasında ödənilməli olan tələblərə daxil edilməmişdir. İstifadə edilməmiş məzuniyyətlərə görə ödənilməli olan pul əvəzi nə əmək haqqı, nə də ki müavinət hesab olunmur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(009)- 2133/2023 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-2133/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Cavabdeh LPO Cavabdeh ASC şikayətə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbində birbaşa LPO Cavabdeh ASC-dən istifadə edilməyən məzuniyyət günlərinə görə pul əvəzinin İddiaçı xeyrinə tutulması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 14 iyul 2023-cü il tarixində İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən 0255 reyestr nömrəli kreditor tələbi qeydə alınmışdır. Sözügedən tələb 2.905,73 (iki min doqquz yüz beş manat 73 qəpik) manat məbləğində olmuşdur. Fond tərəfindən qeydə alınmış tələb təhlil edilmiş və 2.034,01 (iki min otuz dörd manat 01 qəpik) manat hissəsi etiraz edilmiş tələblər siyahısına daxil edilmişdir. Etirazın səbəbi kimi isə, “bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövrdən əvvəlki dövrə” aid olması qeyd edilmişdir. 871,72 (səkkiz yüz yetmiş bir manat 72 qəpik) manat məbləğində vəsait isə qəbul edilmiş tələblər siyahısına daxil edilmişdir. LPO Cavabdeh ASC hazırda 82.1.2-ci maddənin fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqress hüququ üzrə tələblərinin ödənilməsi mərhələsinin icrasını təmin edir. Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Plenumunda qeyd olunmuşdur ki, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Bank sahəsi spesifik sahə olduğuna görə, eyni hüquq münasibətlərini tənzimləyən konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmçinin Əmək Məcəlləsinin 142.1-ci maddəsinin tələblərinə görə, məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Həmin Məcəllənin 140.4-cü maddəsinə əsasən, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Yuxarıda göstərilən halları nəzərə alaraq bildirirəm ki, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya birbaşa olaraq işçinin orta aylıq əmək haqqına əsasən verilir. “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinin tələblərinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri ondan əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödəniləcəkdir

Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllənin

10. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

12. 262.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

13. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

14. Əmək Məcəlləsinin 178.2-ci maddəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun

15. 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.

16. 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. 17.77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 18.77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 19.82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 2. fiziki şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun reqress hüququ üzrə tələblər; 3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 8. təminatsız kreditorların tələbləri.

20. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən ... Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun xitam verməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 3(103)- 42/2023 saylı qərarına əsasən Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmiş, Cavabdeh ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində Bankın işçilərinin əmək haqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla) habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır.

24. Belə ki, mövcud qanunvericiliyə görə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmiş banklar, ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərməyə başlayır, “Banklar haqqında" Qanuna görə müflis elan olunmuş və barəsində iflas proseduru başlanılmış banklara qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür, bankın və banka təyin olunan ləğvedicinin fəaliyyəti isə yalnız borclarının qaytarılması, debitor borclarının alınması, banka məxsus olan əmlakların qiymət baxımından sərfəli və tez bir zamanda satılmasından ibarət olur. Ləğvedici həmçinin kreditorların mübahisəsiz tələblərinin qəbulu, tələblərin ödəniş növbəliliyi və s. bu kimi məsələlərlə məşğul olur.

25. Təcrübədə də müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, mübahisənin hüquqi təbiətinə görə fərqlənir. Qeyd edilənləri nəzərə alan Konstitusiya Məhkəməsinin Plenumu öz 13 iyun 2017-ci il tarixli Qərarında göstərilən fərqləndirici əlamətlərə görə ləğv prosesində olan banka qarşı iddiaları iki əsas qrupa böldü. Bunlar bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə əlaqəli olan iddialardır. Bu fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və ya iflas proseduruna məhkəmə nəzarəti qaydasında, yəni birinci instansiya məhkəməsi olaraq müvafiq apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası tərəfindən inzibati icraat qaydasında baxılmalı olmasını şərtləndirir.

26. Göründüyü kimi Konstitusiya Məhkəməsi kreditor tələblərini müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan tələblərə aid etmiş, bu tələblər üzrə işlərə iflas proseduruna məhkəmə nəzarəti həyata keçirən məhkəmə tərəfindən inzibati icraat qaydasında baxılmalı olmasını müəyyən etmişdir. Ləğv prosesində olan bankın kreditorlarının tələbləri də, bankın borclu olduğu fiziki və hüquqi şəxslərin pul tələblərindən ibarətdir.

27. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmadığından, müflisləşmə nəticəsində iflasa uğrayan kredit təşkilatından əmək haqqını və ödənilməli olan digər ödəncləri tələb edən işçilər həmin təşkilatın kreditorlarından birinə, onların pul tələbləri isə kreditor tələblərinə çevrildiyindən, hazırki iddia ləğv prosesində olan banka qarşı kreditor tələbi kimi yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər. Belə ki, bu tələb lisenziyası ləğv olunmuş banka qarşı yönəlməli və “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi qaydasında ödənilməlidir.

28. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, hazırki mülki işin icraatına xitam verilməlidir, apellyasiya şikayətində qeyd edilən dəlillər isə mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2133/23 saylı, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar