Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7596/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(009)-2026/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə məhkəməyə müraciət edərək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi və ilkin Mediasiya sessiyasında xidmət haqqı və digər xərclərə görə ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdeh LPO Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(009)- 2026/2023 saylı qərardadı ilə mülki işin icraatına “işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından” xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilməli olan kompensasiyanı haqsız olaraq qeydə alınan və növbəlilik qaydasında ödənilməli olan kreditor tələblərinə aid etmişdir. Halbuki Banklar haqqında Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilən növbəlilik Bankın müflis elan olunması anınadək mövcud olmuş və müflis elan olunma nəticəsində yaranmış tələblərin ödənilməsi növbəliliyini özündə ehtiva edir. Qanunun 76-cı maddəsində müflis elan olunmuş banka qarşı tələblərin bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalı olduğu göstərilmişdir. Əmək müqaviləsinə xitam verilmədən işçinin istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi tələb etmək hüququ olmadığından qeyd edilən tələbin qeydə alınmasının mümkünsüz olduğu və qanunvericinin qanunun müvafiq maddəsində məzuniyyətə görə pul əvəzinin ödənilməsini növbəlilik qaydasında ödənilməli olan tələblərə aid etmədiyi bir daha məlum olur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(009)- 2026/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən "xxxx" ASC tərəfindən şikayətə etiraz daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, LPO Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 131/1 saylı əmri ilə bankın müştəri xidməti Departamentinin koorperativ müştərilərə xidmət şöbəsinin aparıcı mütəxəssisi X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 2018-2019-cu iş ili üzrə 7 təqvim günü müddətinə, xx.xx.2022-ci il tarixli 172 saylı əmri ilə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2018-2019-cu il iş ili üzrə 12, 2019- 2020-ci iş ili üzrə 2 təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş, xx.xx.2023-cü il tarixli 59-2023 saylı əmrinə əsasən isə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası “Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə əsasən xitam verilmişdir İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-3(103)42/2023 saylı qərarına əsasən Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmiş, Cavabdeh ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində Bankın işçilərinin əmək haqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla) habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun «Bankın müflis elan olunmasının nəticələri» başlıqlı 72.1.3-cü maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda göstərilmişdir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında" Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. Əmək Məcəlləsinin 178.2-ci maddəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Həmin Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Göründüyü kimi iddiaçının tələbləri kreditor tələbi olduğu üçün yalnız «Banklar haqqında» Azərbaycan Qanununun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciət iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Məhz bu səbəblə də qanunverici iflas prosesində olan banka qarşı yeni ididalar üzrə məhkəmə icraatının başlanılmasını imperativ şəkildə qadağan etmişdir («Banklar haqqında» AR Qanununun 72.1.3-cü maddəsi). Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim həmin iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması yol verilməz hesab edilməli və iddiaçıya müvafiq məsələnin həlli ilə bağlı müvafiq tələbləri «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürməsi, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazları olduqda isə iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şikayətin dəlilləri ilə bağlı kollejiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına istinadən qeyd edir ki, Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. Göründüyü kimi, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməlidir. İddiaçının hazırki tələbi də məhz müflis elan edilmiş bankların işçilərinin əmək haqqı tələbləri ilə bağlı olduğundan birinci instansiya məhkəməsi İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın pul əvəzinin verilməsi tələbinə dair mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, mülki işin icraatına “işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından” xitam verilməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Səbail rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(009)-2026/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(009)- 2026/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7596/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7596/2023
19.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver