Məhkəmə qərarları › İş №2(103)-7598/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7598/2020

22.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7598/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, İddiaçı Nürəddin qızının iştirakı ilə İddiaçı Nürəddin qızının Cavabdeh-yə qarşı “üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməklə iş yerinə qaytarılması” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3897/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Nürəddin qızının Cavabdeh-yə qarşı – "Sabit Orucov" gəmisində aşpaz vəzifəsinə üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməklə, iş yerinə qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Nürəddin qızı Cavabdeh-yə qarşı "Sabit Orucov" gəmisində aşpaz vəzifəsinə üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməklə, iş yerinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən X2 Donanmasında aşbaz vəzifəsində işləmişdir. 2016-cı ilin iyul ayında X2 Donanmasında işləyən bütün aşpazları, eyni zamanda o da köçürmə yolu ilə cavabdeh “xxxx” QSC-nə köçürülmüşdürlər. O, 2016cı ildən xx.xx.2020-ci ilə qədər “General Əsədov” və “Sabit Orucov” gəmilərində işləmişdir. İşlədiyi bütün illər ərzində kollektivin hörmətini qazanmış, öz vəzifəsinə vicdanla yanaşmışdır. 2020-ci ilin mart ayından növbəti məziniyyətə çıxmış və bu ilin iyun ayının 01-dən məzuniyyəti qurtarıb və iddiaçı öz işinə qayıdaraq “Sabit Orucov” gəmisində fəaliyyətini davam etdirmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da cavabdeh təşkilatın nümayəndəsi menecer Güləsər xanım onun mobil telefonuna zəng edərək bildirdi ki, onun əvəzinə çalışdığı aşpaz vəzifəsinə başqa şəxs göndərilmişdir, ona görə də o, bu gündən “Sabit Orucov” gəmisində deyil, “Şamaxı” gəmisində işləməlidir. İddiaçı buna etiraz etmiş və bildirmişdir ki, 10 ildən artıq o, “Sabit Orucov” gəmisində işləmişdir, bütün bu illər ərzində həmin gəminin kollektivi ilə qaynayıb-qarışmış, lakin Güləsər xanım onu heç dinləmək istəməmişdir. İddiaçı hesab edir ki, onun xəbəri və razılığı olmadan iş yerimin dəyişdirilməsi intizam məsuliyyətidir. İddiaçı isə işlədiyi bütün illər ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Belə olan surətdə onun iş yerinin dəyişdirilməsi ciddi qanun pozuntusudur. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş İddiaçı Nürəddin qızı ilə işəgötürən Cavabdeh arasında bağlanmış GC-235 saylı xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Nürəddin qızı gəmi struktur bölməsinə, aşpaz (əsas iş yeri) vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı Nürəddin qızına məxsus 70.1 nömrəli hesab kartından çıxarışdan görünür ki, İddiaçı Nürəddin qızına xx.xx.2020ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əmək haqqı ödənişi edilmişdir. İş materiallarında olan Cavabdeh-in nizamnaməsinin surətindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli XA 1162 saylı Xidmət Müqaviləsinin surətindən görünür ki, icraçı Cavabdeh sifarişçi “xxxx” QSC-nm nəzdində olan X1 və X2 Donanmasının gəmilərində, habelə Sifarişçinin quruda olan obyektlərində iaşə xidmətlərini bu Müqavilədə nəzərdə tutulan şərtlərə əsasən göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü maddəsinə əsasən, icraçı sifarişçi qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli XA 1162 saylı Xidmət Müqaviləsinin müddətinin uzadılması haqda xx.xx.2019-cu il tarixli Razılaşmanın surətindən görünür ki, xx.xx.2016-cı il tarixli XA 1162 saylı Xidmət Müqaviləsinin müddəti eyni müddətə daha 3 il müddətinə uzadılmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında iddiaçı gəmi struktur bölməsinə aşpaz vəzifəsinə təyin edilmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin şərtlərində iddiaçının konkret bir gəmiyə işə təyin edilməsi göstərilməmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı iki müxtəlif gəmilərdə xx.xx.2020-ci il tarixə qədər çalışmış, daha sonra ona gəmisinin dəyişdiriləcəyi barədə məlumat verilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən işə çıxmadığı günlər üçün iyul və avqust aylarında əmək haqqı ödənişi edilmişdir. Hazırda isə iddiaçı üzrlü səbəbdən işə çıxmadığı günlərə görə ona əmək haqqı ödənişi edilməsini və sonuncu işlədiyi “Sabit Orucov” gəmisində saxlanmasını xahiş edərək, işəgötürənin onun iş yerini dəyişməsini əmək qanunvericiliyi baxımından qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Nürəddin qızının iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, ilk növbədə iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsində Cavabdeh-nin “xxxx” QSC ilə bağladığı xidməti müqaviləsindən irəli gələn, sonuncuya məxsus gəmilərdə xidmət göstərilməsi ilə əlaqədar olaraq iddiaçı gəmi strukturunda aşpaz vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən isə müəyyən olunur ki, iddiaçının əsas iş yeri gəmi strukturunda aşpaz vəzifəsini icra etməkdir. Yəni əmək müqaviləsində işçinin iş yerinin hər hansı bir konkret gəmidə olması göstərilməmişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsi bağlanadığı vaxtdan iki müxtəlif gəmidə çalışması və həmçinin aralarında bağlanmış müqavilədə yalnız bir gəmidə çalışmalı olmasının qeyd edilməməsi onu göstərir ki, cavabdehin iddiaçının iş yerini dəyişərək, onu başqa gəmiyə keçirilməsi əsassız olmamışdır. Digər tərəfindən qeyd edilməlidir ki, əmək münasibətlərin subyektləri işçi və işəgötürən istənilən əmək müqaviləsi bağlanmasında sərbəst və azad öz seçimini edə bilərlər. Belə ki, işçi işəgötürənlə əmək münasibətlərini davam etməsində lüzum görmədikdə, qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürənlə əmək münasibətlərinə öz təşəbbüsü ilə xitam verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35.4-cü maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” bəndinə əsasən, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.8 və 3.9-cu maddələrinə əsasən, iş yeri -işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası -əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Qeyd edilən Məcəllənin 69.1 və 69.2-ci maddələrinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən işə çıxmamağını hansı üzürlü səbəbdən baş verdiyinin lazımı qaydada əsaslandırılmadığından, iddiaçıya faktiki işləmədiyi dövr üçün əmək haqqı işəgötürən tərəfindən ödənildiyindən, məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi “üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməsinə” dair hissəsində də haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzəz alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Nürəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar