Məhkəmə qərarları › İş №2(103)-76/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-76/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-76/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6 və X7 qarşı mənzildən çıxarılma tələbinə dair 2(004)-4963/2019 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən X9 (İddiaçı qardaşı) ilə Cavabdeh arasında 31 avqust 2002-ci il tarixində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 21 oktyabr 2003-cü il təvəllüdlü X10, 05 oktyabr 2004-cü il təvəllüdlü X11 və 25 dekabr 2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay hər uşağa görə 170 manat, ümumilikdə 510 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

3. Apellyasiya icraatı aparılan dövrdə X10 və X11 yetkinlik yaşına çatdıqlarından, iş üzrə cavabdeh qismində cəlb edilmişlər.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzildən çıxmamış, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(004)- 4963/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. (hakim Rəşad Cavadzadə)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzildən çıxmamış, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin atası 2002-ci ildə ünvan 2 ünvanında yerləşən mənzili almış və bu mənzili cavabdehin keçmiş əri X5 adına rəsmiləşdirmişdir. 2010-cu ildə onlar həmin mənzili satmış və satışdan əldə olunmuş pulla öz Ceyhunun adına ünvan 1 ünvanında yerləşən mənzili almışlar. 6-7 ildir ki o, uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Mənzildə kommunal xidmətlərə görə müqavilələr X5 adına olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, həmin mənzil qanunsuz olaraq "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2012-ci il tarixli müqaviləyə əsasən Ceyhunun qardaşı İddiaçı adına rəsmiləşdirilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Abdulla İsgəndərov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ –subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

16. İş materiallarından göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrindən 20 iyul 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzildən çıxmamış, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh məhkəmədə sözügedən mənzilin iddiaçının qardaşı X9 ilə onun birgə nikahı dövründə atasının vəsaiti hesabına alındığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir.

17. Cavabdeh İddiaçı, X8 və "xxxx" MTK-ya qarşı mübahisəli mənzilin alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılmasına dair iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(004)- 6586/2019 saylı qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 fevral 2022-ci il tarixli 2(103)-495/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli 2(102)-3830/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 fevral 2022-ci il tarixli 2(103)-495/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qənaətini qanuni, müvafiq olaraq da apellyasiya şikayətinin bununla əlaqədar dəlillərini əsassız hesab edir.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(004)- 4963/2019 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar