Məhkəmə qərarları › İş №2(103)-760/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-760/2021

02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-760/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-4156/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2 və sonuncunun azyaşlı qızı X4 ilə birlikdə qeydiyyatda olduqları və uzun müddət yaşadıqları ünvan 1 B ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1985-ci ildə nikaha daxil olmuş və ailə qurduğu gündən qaynatasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən evdə yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.1986-ci təvəllüdlü X3, xx.xx.1988-ci il təvəllüdlü Xəlilova Könül Novruz qızı və xx.xx.1991-ci il təvəllülü İddiaçı2 anadan olmuşlar. 3 il orada yaşadıqdan sonra 1955-ci ildə Xətai rayonu, Tələt Şıxəliyev küçəsi 3, mənzil 10-da yerləşən evə köçmüşlər. Onlar orada yaşayarkən iddiaçının həyat yoldaşı X8 ağır əməliyyata düşdüyündən onlara pul lazım olmuş və onlar yaşadıqları evi satmaq məcburiyyətində qalmışlar. Evi 11000 manata evi satıb Sabunçu rayonunda yerləşən torpaq sahəsi almışlar. Torpaq aldıqdan sonra özünün və qızlarının zəhmətləri hesabına min bir əziyyətlə evi tikib ərsəyə gətirmişlər. 2019-cu ilə qədər qızı İddiaçı2 ilə orada yaşamışlar. Baxmayaraq ki, bu evin ərsəyə gəlməsində iddaçının və qızının əziyyəti keçmişdir, Cavabdeh bir müddət sonra onları evdən qovmuşdur. Hal-hazırda çox acınacaqlı vəziyyətdədirlər. Onlar dəfələrlə barışığa cəhd etsələr də, cavabdeh qəti olaraq buna qarşı çıxmış və razılıq verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)- 4156/2020 saylı qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, İddiaçı1 ilə nikahlarının 2003-cü ildə pozulması, lakin uşaqlarının anası olduğu üçün ona 2019-cu ilin fevral ayının 20-dək ona mübahisə predmeti olan ünvan 1 B ünvanında yerləşən evdə yaşamasına izazə verməsi, hazırda yeni ailə həyatı qurması, bu səbəbdən də iddiaçılarla birlikdə yaşamağın mümkün olmaması, lakin iddiaçıları evdən qovmaması, onların öz istəkləri ilə evdən çıxmaları kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yaşayan qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı1 və İddiaçı2 2004-cü ildən 2019-cu ilə qədər Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində 19B ünvanında yaşamışlar. İşdə olan Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 1/130 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 2019-cu ilin fevral ayınadək Sabunçu qəsəbəsi, M.İbrahimov (keçmiş Stansiyayanı) küçəsi, ev 19B ünvanında yaşamışlar. Lakin 2019-cu ilin fevral ayından hal-hazıradək həmin ünvanda yaşamırlar. Nümayəndəlikdəki mövcud ev kitablarına əsasən , İddiaçı1 və İddiaçı2 xx.xx.2004-cü il tarixdən hal-hazıradək həmin ünvanda qeydiyyatdadırlar. İşdə olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilən AZ-İİİ 742567 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. X2, anası İddiaçı2dır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, iddiaçılarla 5 ildir qonşudular. Onların evin tikilməsində əziyyəti çox olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, iddiaçılarla 10 ildir qonşudular. 2019-cu ilin fevral ayına qədər iddiaçılar həmin evdə yaşamışlar. Lakin sonra Novruz onları qovmuşdur. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşin faktiki hallarından və izahatlardan aydın olur ki, İddiaçı1 ilə Cavabdeh ər-arvad olmuş, İddiaçı2 isə onların övladıdır. İddiaçılar təqribən 2003-2004-cü ildən etibarən 2019cu ilin fevral ayınadək mübahisəli yaşayış sahəsində yaşamış, oraya yaşayış yeri üzrə qeydiyyata alınmış, birgə təsərrüfat idarə etmişlər. Cavabdeh apellyasiya şikayətində iddiaçıların uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamasını mübahisələndirməmiş, lakin hazırda yeni ailə həyatı qurmasını, onlarla birlikdə yaşamasının mümkün olmamasını göstərmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Hazırki iş üzrə müəyyən olunmalı olan əhəmiyyətli hal - iddiaçıların mübahisəli yaşayış sahəsinə köçərək uzun zaman ərzində oradan yaşayış sahəsi kimi istifadə etməsi, beləliklə kifayət qədər davamlı əlaqələrinin mövcudluğudur. İddiaçıların tələbi mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının tanınması deyil, məhrum edildikləri yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddia əsaslı olmuş, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Qətnamə qanuni və əsaslıdır. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini əsalandıra bilməmiş, etirazının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» işüzrə xx xxxx 2008-ci il tarixli QərarındaAvropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-4156/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-4156/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar