Məhkəmə qərarları › İş №2(103)-760/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-760/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-760/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4523/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi, 1 saylı evin 5 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00050 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd samovar, 1 ədəd dəmir peçi istifadə edilir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə (bundan əvvəl xx.xx.2018-ci il tarixdə) bu evə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş baxış zamanı bu ünvanda təbii qazdan sayğacdan sayğacdan (ilk akt sayğacda olan qüsur əsası ilə tərtib edilmişdir) kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində müvafiq olaraq 1.944 m3, 8.856 m3, 2.952 m3 və 2.755 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə aktlar tərtib edilmiş və göstərilən həcmdə qazın dəyərini təşkil edən 1.944 manat, 885,60 manat, 295,20 manat və 275,50 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərarlar qəbul edilmişdir. Qeyd edilən aktlar cavabdehin nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda aktlarda abonentin aktları imzalamaqdan imtina etməsi barədə qeydlər aparılmışdır. Eyni zamanda, keçirilmiş baxışın nəticəsində fotoşəkillər çəkilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu **********00050) əsassız olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş (9.720 m3) qazın bərpasına görə 1.944 manat borcun, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında (8.856 m3) dəymiş ziyana görə 1.062,72 manat hesablanmış borcun, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında (2.952 m3) dəymiş ziyana görə 354,24 manat hesablanmış borcun və xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında (2.755 m3) dəymiş ziyana görə 330,60 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev onun mülkiyyətindədir. Həmin ünvana quraşdırılmış abonent kodu **********00050 olan qaz sayğacı onun anası X3 adınadır və hazırda onun istifadəsindədir. ünvan 1 ünvanındakı ev 1989-cu ildən bu günə kimi onun mülkiyyətindədir və həmin mənzildə anası X4, atası X6 və o, yaşayıbdır. Həmin evdə qazdan çox az-az istifadə olunurdu. Demək olar ki, ay ərzində bir neçə gün həmin evə gedərək, qazdan istifadə edirdi. 2021-ci ilin may ayında Covid 19 xəstəliyinə tutulduğu üçün o, ümumiyyətlə həmin evə gedə bilmədi. Bu yaxınlarda evdə təmir bərpa işləri aparmaq istəmiş və qaz sayğacına borc yazıldığını görmüşdür. Bundan sonra cavabdehə müraciət etmiş, yaranmış problemi onlara danışmışdır. Cavabdehin əməkdaşları isə ona qaz sayğacının artıq uzun müddətdir ki, dəyişdirildiyini və Birliyə borcunun olduğunu bildirmişdilər. Onun borcunun haradan yarandığını soruşanda cavabdehin əməkdaşları ona xx.xx.2018-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktlara əsasən ziyan hesablandığını bildirmişdilər. Beləliklə, bütün bu əsassız aktlar əsasında cavabdeh tərəfindən abonent kodu **********00050 olan qaz sayğacına 3.691,56 manat borc hesablanmışdır. Halbuki, o sayğaca müdaxilə etməmiş və bu barədə cavabdehin əməkdaşlarına bildirmişdir. Belə ki, 2018-ci ildə həmin evdə ümumiyyətlə yaşayış olmamışdır. Ondan sonrakı dövrlərdə də çox nadir hallarda həmin ünvanda yaşayış olmuşdur. Ümumiyyətlə 2020-ci ilin fevral, mart və aprel aylarında ardıcıllıqla onun ünvanına akt tərtib olunması əsassızdır. Həmçinin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında sayğacı dəyişərək yerinə yeni sayğac quraşdırılmış, evdə yaşayış olmadığı üçün ona həmin sayğacın dəyişdirilməsi barədə akt təqdim etməmişdirlər.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4523/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********000050) hesablanmış 2.514,70 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X12)

5. Məhkəmənin mübahisəyə hüquqi qiymət verərəkən sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsinin öz təsdiqini tapmadığını və qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq iddia tələbinin 1.944 manat borcun silinməsi hissəsində əsaslı hesab etmişdir. Məhkəmə digər aktlara əsasən dəymiş zərər üzrə borcun silinməsi hissəsinə qiymət verərkən qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunmuş məbləğlər aktlar üzrə hesablanmış borc məbləğlərinə uyğun deyil. Məhkəmə aktların qanuniliyinə qiymət verərkən tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alaraq qeyd etmişdir ki, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən şəkillərin hansı aktlara aid olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, hesab etmişdir ki, iddia qismən, yəni qeyriqanuni sayğacdan istifadə üzrə ilk tərtib olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,60 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir. Belə ki, abonentə məlumat verilmədən və məhkəməyə də təqdim edilməyən akt üzrə iddiaçıdan həmin pulun tələb edilməsi əsaslı deyil. Nəticədə məhkəmə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsinə görə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,60 manat məbləğini saxlamaqla, digər aktlar üzrə hesablanmış 2.514,70 manat məbləğində borcun silinməsi qənaətinə gəlmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1097-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.2-ci, 119.2-ci, 217.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianı həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar və digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Tərtib edilmiş aktların bir nüsxəsi iddiaçıya təqdim edilmişdir, iddiaçının həmin aktları imza etməkdən imtina etməsi onların qanunsuz olmasına dəlalət etmir. Həmçinin, aktlar tərtib edilərkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, iddiaçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdikləri halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini tam rədd edərdi. Belə ki, iddiaçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halı aşkar edilən zaman çəkilmiş fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Odur ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq, vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddianın təmin edilən hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən vurğulayır ki, iddiaçı barəsində dörd dəfə akt tərtib edilmişdir. Birinci akt iddiaçı tərəfindən sayğacın çıxış plastmas borusunun deşilməsi əsası ilə xx.xx.2018-ci il tarixdə, sonrakı üç akt (xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il) isə iddiaçının kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi əsası ilə tərtib edilmişdir. İddiaçı da bu aktlarla razılaşmayaraq, onları mübahisələndirmiş və hesablanmış cərimə məbləğinin silinməsini tələb etmişdir.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

22. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli akt sayğacın çıxış plastmas borusunun deşilməsi əsası ilə tərtib edilmişdir. Belə ki, həmin vaxt çıxarılmış sayğacın laboratoriya şəraitində müayinə edildiyi və nəticədə onun üzərində belə bir qüsurların aşkar edildiyi iddia edilir. Halbuki, laboratoriya müayinəsinin nəticələrinə dair akt cavabdeh tərəfindən təqdim edilməmişdir.

23. Lakin nəzərə alınmalıdır ki, həmin sayğac evin daxilində deyil, xaricində yerləşir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də cavabdeh tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir.

24. İddiaçının belə bir əmələ yol vermədiyini, aşkar edilmiş qüsurlarda onun təqsirinin olmadığını iddia etdiyi bir halda, qaz sayğacının iddiaçının təqsiri üzündən zədələnməsini sübut etmək məhz bu halı müəyyən edən və hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Lakin cavabdeh sayğacın iddiaçının, habelə ümumiyyətlə insan fərdinin müdaxiləsi nəticəsində texniki baxımından bu vəziyyətə düşməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Həmin sayğacın laboratoriya şəraitində müayinə edilərək, onda qüsurların aşkar edilməsi və bunun nəticəsi olaraq akt tərtib edilməsi də bu vəziyyətin yaranmasında iddiaçının təqsirli olmasını təsdiq etmir.

25. Digər tərəfdən cavabdeh təkcə sayğacda qüsurların aşkar edilməsi deyil, aşkar edilmiş qüsurların sərf edilmiş qazın həcminin düzgün göstərməsinə təsir etməsi və nəticədə sərfin düzgün qeydə alınmaması mövqeyindən çıxış edir. Belə olan halda, ilk növbədə bu qüsurların sərf edilmiş qazın həcminin düzgün qeyd edilməsinə təsir etməsi sübuta yetirilməlidir. Belə ki, sayğacın çıxış plastmas borusunun deşilməsi sərfin məhz iddiaçının maddi maraqlarına uyğun düzgün göstərməməsinə səbəb olmalıdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilmir. Ümumiyyətlə iddiaçının həmin ərəfədə qeyd edilən evdə yaşaması öz təsdiqini tapmır. İddiaçı da məhz bu mövqedən çıxış edir. Qeyd edilənlər öz növbəsində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktın və onun əsasında qəbul edilmiş qərarın etibarsız olduğunu, bu sənədlərdə göstərilmiş 1.944 manat borcun isə əsassız hesablandığını təsdiq edir.

26. Məhkəmə kollegiyası xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli aktlara münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən də iddiaçı tərəfindən abonent olduğu ünvan üzrə təbii qazdan sayğacından kənar, yəni qaz xəttinə qeyri-qanuni birləşmə ilə istifadə edildiyi müəyyən edilmir. Həmin şəkillərdən birində boru, digər şəkildə isə giriş qapısı əks etdirilmişdir. Lakin bu şəkillərin ümumiyyətlə birinin-digərinə aidiyyətinin olmasını (vahid mənzərə yaratmır) müəyyən etmək olmur. Bu səbəbdən həmin fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Fotoşəkillərlə müqayisədə mötəbərliyi baxımından bu halı daha dəqiq və etibarlı şəkildə təsdiq edən videogörüntü isə cavabdeh tərəfindən təqdim edilmir.

27. Həmin ərəfədə iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi iddiaçıya aid abonent saldosundan da birmənalı şəkildə müəyyən edilmir. Belə ki, 2020-ci ilin may ayından 2021-ci ilin may ayınadək bu ünvan üzrə müxtəlif həcmdə təbii qazdan istifadə edilmiş və 2020-ci ilin noyabr (45,90 manat) və dekabr (55,60 manat) istisna olmaqla digər aylar üzrə ən yüksək sərf məbləği 2020-ci ilin may ayına təsadüf etməklə 12,90 manat təşkil etmişdir. Bu da öz növbəsində aktların tərtib edildiyi ərəfədə iddiaçının həmin ünvanda ümumiyyətlə yaşamadığına dəlalət edir, eyni zamanda cərimə məbləğinin əsassız olaraq yüksək yazıldığını təsdiq edir. İddiaçının həmin aktları imzalamaqdan imtina etməsi halının öz təsdiqini tapmaması isə ümumiyyətlə onun bu aktlar barədə məlumatlı olmamasını təsdiq edir və yenə də iddiaçının həmin evdə yaşamaması səbəbindən bu aktların ona fiziki baxımdan təqdim edilməsinin qeyrimümkün olması qənaətinə gəlməyə əsas verir.

28. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının təbii qazdan sayğacdan kənar, yəni sayğacı zədələmə və qanunsuz qoşulma yolu ilə istifadə etməsi öz təsdiqini tapmır. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlar və onların əsasında qəbul edilmiş eyni tarixli qərarlar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4523/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar