Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7601/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-25/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməklə, onların əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxx 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 12480 manata almış, ona həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh mənzili ona təhvil verməsi və 5 ay müddətində qeydiyyatdan çıxması barədə öhdəlik götürsə də, üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınaraq həmin mənzildə qızı Cavabdeh1 ilə birlikdə yaşamaqda və pasport qeydiyyatında qalmaqda davam edir. Cavabdehlər ona qarşı əsassız iddialar qaldırmaqla mənzili boşaltmaqdan boyun qaçırırlar. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 25/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 90 saylı mənzil onların yeganə yaşayış yeridir. Uzun müddətdir ki, həmin mənzillə bağlı məhkəmə mübahisələri davam edir. Həmçinin birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınmasına əsas görməmiş və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-25/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə və 9 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısına dair xx xxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Cavabdeh2 övladları X2 və X1 müxtəlif vaxtlarda verdikləri eyni məzmunlu iddiaları da təmin edilməmişdir. Beləliklə, iş materialları ilə sübut olunur ki, Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospektində yerləşən 140A saylı evin 90 saylı mənzili İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Beləliklə, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyi qanunsuz olduğundan, mənzilin mülkiyyətçisi olan İddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hər iki cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh2 məhkəmə hazırlıq və baxış iclaslarında iştirak etmiş, hər iki cavabdeh ərizə və vəsatətlərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 25/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7601/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7601/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver