Məhkəmə qərarları › İş №2(103)-7603/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7603/2021

29.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7603/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh, üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsinin və evin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-129/21) iddia təmin edilməmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30.11.2005-ci il tarixli 1654/1 saylı sərəncamına əsasən Binəqədi qəsəbəsinin ərazisindən 200 kv.m torpaq sahəsini alqı-satqı müqaviləsi ilə almışdır. Belə ki, o, uzun müddətdir istifadəsində olan boş qalmış torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün alqı-saqtı yolu ilə mülkiyyətinə verilməsi barədə ərizə ilə Binəqədi rayon bələdiyyəsinə müraciət etmiş, həmin torpaq sahəsinin alqı-satqı üçün “Kapital Bank” hesabından 800.000 manat ödəniş edilmiş və torpaq sahəsinə dair sərəncam verilmişdir. Sonradan həmin torpaq sahəsində tikinti işləri aparmaqla 2009-cu ildə iki otaq, mətbəx və sanitar qovşaq inşa etməklə, həmin evi bacısıgilin istifadəsinə vermişdir. Sonradan bacısına məcburi köçkün kimi ev verildiynə görə onlar həmin evdən köçmüşlər. Evin boş olmasından istifadə edən bacısı gəlini həmin evi saxta sənədlərlə cavabdeh Zahid adlı şəxsə satmışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş ev iddiaçıya məxsus olmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə həmin evi boşaltmaqdan imtina edir. Cavabdeh həmin evdən hər hansı hüquqmüəyyənedici sənədi olmadan istifadə edir. Cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi iddiaçının ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri ala bilər. Torpaq və Torpaq islahatları icra orqanları tərəfindən verilmiş ilkin sənədi torpağın sahibliyi kimi tanınır. Binəqədi qəsəbə Bələdiyyəsinin 1654/1 nömrəli, 30.11.2005-ci il tarixli sərəncamı ilə 200 kv.m torpaq sahəsinin ona məxsus olması öz təsdiqini tapır. İddiaçının nümayəndəsi S.Quliyeva məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Binəqədi rayonunun ərazisində yerləşən 200 kvm torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evidir. İddiaçı Binəqədi qəsəbəsinin ərazisində yerləşən 200 kv.m torpaq sahəsini Binəqədi qəsəbə Bələdiyyəsinin 1654/1 nömrəli, 30.11.2005-ci il tarixli sərəncamına əsasən alqısatqı yolu ilə əldə etdiyini və orada fərdi yaşayış evi tikdiyini, torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olduğunu və cavabdehin həmin evə və torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən və evdən çıxarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 157.2, 158, 164.1, 164.2, 166.3cü maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən digər sübutlarla yanaşı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 28.01.2021-ci il tarixli mühəndis-texniki ekspertizasının rəyini və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin verdiyi 27.04.2021-ci il tarixli mütəxəssis rəyini də əsas götürmüşdür. Həmin rəylərə əsasən mübahisələndirilən tikilinin (hazırda cavabdehlərin yaşadığı ev) yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olub sənaye təyinatlı torpaq kateqoriyasına aiddir. Eləcə də, Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən ekspert və mütəxəssis iddiaçıya verilmiş torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən edə bilməmişdir. Qətnamədən narazı qalan iddiaçının apellyasiya şikayətinin əsas dəlili onun torpaq sahəsinin qanuni sahibi olması və bunun məhkəmə tərəfindən nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi mütəxəssis və ekspert rəylərinə görə isə mübahisələndirilən tikilinin (hazırda cavabdehin yaşadığı ev) yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyəti olub, sənaye təynatlı torpaq kateqoriyasına aiddir. Yəni, həmin torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsinin mülkiyyətində olması sübut olunmur. Digər tərəfdən, iddiaçının mötəbər sübut kimi istinad etdiyi Binəqədi qəsəbə Bələdiyyəsinin 1654/1 nömrəli, 30.11.2005-ci il tarixli sərəncamında iddiaçıya ayrılan 200 kvm torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində yerləşdiyi göstərilsə də, mübahisələndirilən evə dair təqdim olunmuş digər sənədlərdə ("xxxx" MMC-nin qiymətləndirmə aktı, kommunal ödəniş qəbzləri və s.) cavabdeh tərəfin hazırda yaşadığı mübahisəli evin Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsində yerləşdiyi və ünvanının “M.Aslanov küçəsi 10” olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddianın və apellyasiya şikayətinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə, mübahisələndirilən ərazinin dövlətin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi rəylərə əsasən mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən həmin torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ da müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv araşdırılmasının aparılması təmin olunmuş, tərəflərə prosessual hüquqlarının həyata keçirilməsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müvafiq köməkiliklər göstərilmiş, mübahisəli torpaq sahəsinin tərəflərdən hansına məxsus olmasını müəyyən etmək üçün qanunla nəzrdə tutulmuş bütün tədbirlər görülmüş, lakin əldə olunmuş mütəxəssis və ekspert rəyləri ilə həmin torpaq sahəsinin tərəflərdən hansına məxsus olduğunu müəyyən etmək mükün olmamışdır. Nəticə etibarilə, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması nə onun özü tərəfindən təqdim olunmuş, nə də araşdırma zamanı məhkəmə tərəfindən əldə edilmiş sübutlarla birmənalı şəkildə təsdiq olunmadığından məhkəmə haqlı olaraq iddia tələbinin əsası kimi istinad edilən halların sübuta yetirilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar