Məhkəmə qərarları › İş №2(103)-7605/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7605/2020

21.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7605/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzaədin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-831/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” MMC-yə qarşı “işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının birinci xanımı, vitse-Prezidenti, X3 prezidenti tərəfindən əvvəllər təmin edildiyi rəngsaz işinə cavabdeh “xxxxxxxx” MMC-nin baş direktoru Axundov X4 tərəfindən yenidən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının birinci xanımı, vitse- Prezidenti, X3 prezidenti M.Əliyevaya xx.xx.2008-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Onu xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən H.Əliyev adına dərin özüllər zavoduna göstəriş verib, rəngsaz işi ilə təmin etmişlər. Bir müddət işlədikdən sonra həmin zavodun bazasında xx.xx.2012-ci il tarixdə “xxxxxxxx” MMC yardımçı şirkəti yaranmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən hədə-qorxu gələrək Neft Şirkətinin işçilərinə elan etmişlər ki, kim onlar tərəfə keçməsə işdən çıxarılacaq. “xxxxxxxx” MMC yardımçı şirkətinin işçisi az olduğuna görə, o da işdən azad olunmadığına görə həmin şirkətə keçmişdir. Bir müddət işləyəndən sonra xx.xx.2018-ci il tarixdə ixtisara salmışlar. Həmin şirkətdə şəhid ailələrini, müharibə veteranlarını, məcburi köçkünləri saxlamışlar. Onun da ata-ana himayəsindən məhrum olduğunu, iki azyaşlı uşaqlarının olmasını, dövlətin ona qayğısını, acınacaqlı vəziyyətini nəzərə almadan, onu Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən hədə- qorxu gəlib işdən azad etmişlər. Onun yerinə başqa adamı pulla işə götürmüşlər. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ciil tarixli, 2(002)-831/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-831/2020 saylı qətnaməsinin apellyasiya qaydasında ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə qeyd olunur ki, məhkəməyə 12 ay müddətində müraciət etməli idi, o, isə 18 aya müraciət etmisdir. Onun da, şikayəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının birinci xanımı, vitse-prezidenti, X3 prezidenti xanım Mehriban Əliyevaya xx.xx.2008-ci ildə iş ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdi. Onu xx.xx.2008-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Heydər Əliyev adına Bakı dərin özüllər X5 göstəriş verib, onu rəngsaz işi ilə təmin etdi. Bir müddət işlədikdən sonra həmin zavodun bazasında yerləşən xx.xx.2012-ci ildə “xxxxxxxx” MMC şirkəti yarandı. AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, cavabdeh “xxxxxxxx” MMC şirkəti hədəqorxu gələrək neft şirkətinə elan etdilər ki, kim onların tərəfə keçməsə, işdən çıxaracaqlar. “xxxxxxxx” MMC şirkətinin işçisi az olduğuna görə o, da işdən azad olunmamağına görə keçdi. Bir müddət işlədikdən sonra xx.xx.2018-ci ildə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddəti bitdiyinə görə İnsan Resursları üzrə menecer Cavanşir Əliyevdən xahiş etdi ki, onu iki azyaşlı uşağı, ana-ata himayəsindən məhrum olduğunu, dövlətin ona olan qayğısını, acınacaqlı vəziyyətini nəzərə almadan əmək müqaviləsinin müddəti qurtardığına görə müqavilənin müddətini artırmadan onu işdən azad etdilər. xx.xx.2020-ci il qətnamənin elan edildiyi vaxt dedi ki, şirkətlə danışmış, çağıracaqlar. O, da xx.xx.2020-ci il tarixində məhkəmədə iştirak edən “xxxxxxxx” MMC şirkətinin nümayəndəsi Ziyad müəllimlə telefonla 15:51 radələrində danışdı. Dedi ki, məhkəmədə proses gedən zaman hakimə söz verdiniz ki, işə çağıracağıq, o, da gözləyir. Ona dediyi isə bu oldu ki, o, işə heç kimi çağırmır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxx” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edərək, izahatında qeyd etdi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi, müddətli əmək müqaviləsi olmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli BS 165365 saylı müddətli əmək müqaviləsi, “xxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 1017/18ir saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ləğv edilmişdir. “xxxxxxxx” MMC Əmək Məcəlləsinin 11-ci maddəsində təsbit olunmuş hüququndan istifadə etməklə əmək müqaviləsinin müddətinin bitməsi səbəbinə görə iddiaçı ilə əmək münasibətlərinə davam etməmiş və iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli, BS 165365 saylı müddətli əmək müqaviləsini xx.xx.2018-ci il tarixli, 1017/18ir saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən və həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində göstərilən qaydada əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ləğv etmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti də üzrsüz səbəblərdən ötürülmüşdür. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsindən vaxtında xəbərdar olmuş, əmrlə tanış olmuş, əmrin surətini və əmək kitabçasını almışdır. Lakin heç bir üzrlü səbəb olmadan, 1 aylıq prosessual müddəti ötürməklə, yalnız 18 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının iddiası əsassız olmaqla yanaşı, həmçinin qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəb olmadan ötürmüş, müddətin bərpası barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-831/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, BS 165365 saylı əmək müqaviləsi müddətli olmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 1 ay müddətinə bağlanmışdır. “xxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 1027/18ir saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ləğv edilmişdir. İş materiallarından görünür ki, işdən azad olunan gün iddiaçı əmrlə tanış edilmiş, əmrin surəti və əmək kitabçası ona təqdim olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında onların iradəsini ifadə edən əmək müqaviləsi bağlanmış, iddiaçının mübahisələndirliyi əmr Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi ilə müəyyən edilmiş əsasla xitam verilmiş, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən iddiaçının Əmək Qanunvericiliyində nəzərdə tutulan heç bir hüququ pozulmamışdır. Göründüyü kimi, cavabdeh tərəf müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə müəyyən edilmiş əsasla, həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xitam vermişdir. Kollegiya iddiaçının yetim olması, uşaqlarının olmasının nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsinə əsasən qeyd olunan hal müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı nəzərə alınmır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan arətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia aydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı xx xxxx 2018-ci ildə işdən azad edilərkən, o, əmrlə tanış olmuş, əmək kitabçası ona təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulduğunu bildiyi gün, xx xxxx 2018-ci ildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Kollegiya hesab edir ki, cavabdeh tərəfin ərizəsi əsasında iddiaçının hazırki tələbinə həmçinin bir illik iddia müddətini məhkəmə düzgün olaraq tətbiq etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 831/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar