Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7610/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (anası) Vəkil, Cavabdeh, üçüncü şəxslər Umlibanu Hüseynova və Azər Hüseynovun iştirakı, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Binəqədi rayonu, 7-ci mikrorayon, ev № 5B-də yerləşən 21 №-li mənzilə (bundan sonra – mənzil) iddiaçının və onun iki azyaşlı uşağının – 09.03.2018-ci il təvəllüdlü X2 və 18.08.2019-cu il təvəllüdlü X1 istifadə hüquqları tanınsın və onlar mənzilə köçürülsünlər. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçının və iki uşağın mənzilə istifadə hüququ tanınsın, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh, üçüncü şəxslər Umlibanu Hüseynova və Azər Hüseynov apellyasiya şikayətinin əsalı olduğunu, iddiaçının nümayəndəsi (anası) Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər üçüncü şəxslər - Fərid Hüseynov və Binəqədi Rayon MKTB-nin 80 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı 22.11.2016-cı ildə üçüncü şəxs Azər Hüseynovla nikah bağlayıb. Cavabdeh iddiaçının qayınatası, üçüncü şəxs Umlibanu Hüseynova iddiaçının qayınanası, üçüncü şəxs Fərid Hüseynov isə iddiaçının qaynıdır. İddiaçı nikah bağlandıqdan sonra mənzilə köçüb və orada yaşayıb. Sonradan tərəflərin münasibətləri gərginləşib. Ona görə də iddiaçı hazırkı iddianı qaldırıb. Mənzilə iddiaçının istifadə hüququ tanına bilməz. Mənzil dövlət mənzil fonduna aiddir, müvəqqəti yaşamaq üçün cavabdehə ayrılıb. Belə ki, Binəqədi RİHB-nın 29.10.1993-cü il tarixli, 884 nömrəli sərəncamından görünür ki, mənzil cavabdehə ailəsi ilə birlikdə müvəqqəti (mənzil növbəsi çatana qədər) yaşaması üçün ayrılıb. Buna görə də mənzilə dair cavabdehin adına order verilməyib və kirayə müqaviləsi bağlanmayıb. İddiaçı mənzilə köçən zaman (2016-cı ildə) və mənzildə yaşadığı müddətdə (2016-cı ildən halhazıra kimi) cavabdeh (iddiaçının qayınatası) mənzilin kirayəçisi hesab olunmayıb. Bu isə Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından onu təsdiq edir ki, iddiaçının mənzilə istifadə hüququ yaranmayıb. Mənzilə köçürülmə barədə tələb təmin olunmalıdır. Belə ki, iddiaçı mənzili zəbt etməyib, mənzil onun və uşaqlarının yaşayış yeridir, o, 2016-cı ildən etibarən mənzildə yaşayıb. Sonradan münasibətlərin gərginləşməsi üzündən cavabdeh iddiaçının mənzildə yaşamasına imkan verməyib. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. İddiaçını yaşadığı mənzildən məhrum etmək üçün cavabdehin qanuni əsası yoxdur. Ona görə də mənzilə köçürülmə barədə tələb təmin olunmalıdır. İddiaçının hazırda mənzilə yaşaması mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsinə mane olmur. Belə ki, tərəflərin münasibətləri gərgindir, əvvəllər iddiaçı mənzildən qovulub, sonradan mənzilə qayıdıb. İstifadə hüququnun tanınması mümkün olmadığına görə mənzilə köçürülmə barədə qətnamənin qəbul edilməsi münasibətlərə müəyyənlik gətirəcək, iddiaçıya mənzildə yaşamağa və əks tərəfin qanunsuz hərəkətlərindən qorunmağa imkan verəcək, gələcəkdə bir daha mənzildən qovulduğu halda ora qayıda biləcək. Beləliklə, birinci instansiya məhkəməsi işin halları düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı uşaqları X2 və X3 ilə birlikdə Binəqədi rayonu, 7-ci mikrorayon, ev № 5B-də yerləşən 21 №-li mənzilə köçürülsün. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7610/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7610/2021
17.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver