Məhkəmə qərarları › İş №2(103)-7611/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7611/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7611/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı (tələbkar) İddiaçı iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2019 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh” MTK-ya qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2620/2019 saylı qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, ümumi sahəsi 79.0 kv.m., yaşayış sahəsi 33.98 kv.m. olan 2 otaqlı, 48 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh “Cavabdeh” MMC-yə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, ümumi sahəsi 79.0 kv.m., yaşayış sahəsi 33.98 kv.m. olan 2 otaqlı, 48 saylı mənzildə İddiaçı təmir işləri aparmasına münasibətdə cavabdeh “Cavabdeh” MMC tərəfindən maneçiliyin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Cavabdeh “Cavabdeh” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14160/2019 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı (tələbkar) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2620/2019 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Emil Abiyev də ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə tələbkar İddiaçı mənzilin ona təhvil verilməsindən başqa mənzilə dair bütün sənədlərin ona verilməsini tələb etdiyini, lakin bununla bağlı icra vərəqəsində heç bir qeyd aparılmadığını bildirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2620/2019 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2019 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2620/2019 saylı qətnaməsinə izah verilməsinə dair iddiaçı (tələbkar) İddiaçı və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Emil Abiyev tərəfindən verilmiş ərizələr təmin edilməməsi qərara alınmışdır. İddiaçı (tələbkar) apellyasiya şikayəti verərək,Bakı şəhəri Yasamal rayoıı Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(004)-2620/2019 saylı qərardadını ləğv edib, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2620/20l9 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində müqaviləyə əsasən mənzilin ona təhvil verilməsi (mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün tələb olunan sənədlər daxil edilməklə) anlamını şərh edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Qətnamənin icraya yönəldilməsindən uzun müddətin keçməsinə baxmayaraq, qətnamə hələ də icra olunmamışdır. Buna səbəb “Cavabdeh” MTK-naın əvvəlki kimi əlavə pul tələb etməsidir ki, bu səbəbdən borclu “Cavabdeh” MİK tərəfindən mənzilə dair çıxarış almaq üçün (bina dövlət qurumları tərəfindən təhvil alınmışdır) tələb olunan MTK-nın protokolu və tam pulun ödənilməsinə dair arayışı vermir. “Cavabdeh" MTK ona qarşı əsassız pul tələblərini irəli sürərək, göstərirlər ki, mənzilə dair çıxarışın alınması üçün lazım olan sənədlərin verilməsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(0040-2620/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində öz əksini tapmır. Ərizələrin təmin edilməməsi üçün qərardadda hal kimi "müqaviləyə əsasən mənzilin ona təhvil verilməsi (mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün tələb olunan sənədlər daxıl edilməklə) məzmununda qətnaməyə izah verilməsi onun məzmununun dəyişdirilməsinə gətirib çıxaracağı üçün ərizələr təmin edilməməlidir. Mənzilin təhvil verilməsi bir mübahisənin bir predmeti təmir üçün isə maneələrin aradan qaldırılması məsələsi ikinci tələbi olmuşdur. Mənzilin təmir üçün açarların ona təhvil verilməsi, mənzilin təhvil verilməsi ilə eyniləşdirmək olmaz. Mübahisə predmeti daşınmaz əmlak-mənzildir. Borclu "Cavabdeh" MİK müqavilə üzrə öhdəliyin icra edib, mənzili tikib təhvil verməlidir. Mənzilin təhvil verilməsi mənzilin fiziki olaraq verilməsindən başqa mənzilə mülkiyyət hüquqlarını əldə etmək üçün tələb olunan sənədlərin ona təhvil verilməsini də özündə ehtiva edir. Mənzil sənədsiz bir əşya (mebel oyuncaq və s.) deyil ki, həmin əşya ona verildiyi andan əşyanın təhvil verilməsi anlamına gəlsin və icra işi bununla yekunlaşsın. Yasamal rayon Məhkəməsi daşınmaz əmlakın hüquq cəhətdən mənzilin borcluya təhvil verilməsini qavraya bilməmiş, mənzilin təhvil verilməsini yalnız fiziki olaraq təmir işlərinin aparılması üçün ona verilməsi kimi anlayaraq səhv nəticəyə gəlmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, mənzilin sənədlərinin verilməsini tələb etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 2, 8, 9, 230.1, 263-269, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Kollegiya şikayətdə qeyd edilən dəlillərə münasibətdə qeyd edir ki işə baxmış hakimin qətnamənin məzmununu dəyişdirmədən izah etməyə haqlı olduğu qanunvericiliyin izah verilməsi barədə müddəasında öz əksini tapmışdır. MPM-in 220–ci maddəsində əks edilən qətnamənin məzmununun təfsif edilməsinə yönəlik müddəanın əsaslarına uyğun ərizədə qeyd edilmiş dəlillər iş üzrə (qətnamənin məzmununda) müəyyən edilməmişdir. Ona görə qətnamənin məzmunundan (dispozitiv imkandan) kənar izah vermə hüquqlardan suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Qətnamənin icra edilməməsi ilə bağlı dəlillər isə hərəkətlərindən şikayət verilməsi mümükün olan icra məmurunun vəzifə səlahiyyətlərinə aid məsələdir və izahla bağlı heç bir əlaqəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2019 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar