Məhkəmə qərarları › İş №2(103)-7614/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7614/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7614/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin yerinə yetirilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-511/2017 nömrəli 28 sentyabr 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İlk iddia tələbi üzrə İddiaçı 19 fevral 2013-cü il tarixli müqavilə üzrə ödənilmiş 78500 abş dolları və 21300 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə, qarşılıqlı iddia üzrə Cavabdeh isə İddiaçı ilə aralarında bağlanmış 19 fevral 2013-cü il tarixli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, cavabdeh İddiaçı ilə arasında "xxxx" QSC-nin xüsusi mülkiyyətində olan “Vüsal” Şadlıq Sarayının qarşılıqlı iddianın təsviri hissəsində göstərilən şərtlərlə 19 fevral 2016-cı il tarixədək ona icarəyə verilməsinə dair 15 dekabr 2012-ci il tarixli icarə müqaviləsinin bağlanmış hesab olunması, cavabdeh İddiaçı həmin icarə müqaviləsi üzrə ödənilməmiş 27020 manat pulun alınaraq xüsusi mülkiyyəti olan "xxxx" QSC-nin bank hesabına ödənilməsi, cavabdeh İddiaçı xəstəlikdən müalicəsi üçün 2016-cı ilin mart-aprel aylarında borc verdiyi 1100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-511/2017 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 78500 ABŞ dolları məbləğində borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq manatla və 21300 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-511/2017 nömrəli 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi mübahisələndirilən qətnamə fiziki şəxslər arasında müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı olmuşdur. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və sonuncu tərəfindən müvafiq qətnamə ilə maraqlarına toxunduğunu sübut edə biləcək hər hansı bir əsas məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, Maraqlı şəxs şikayətinin dəlillərindən müəyyən edilir ki, onun mübahisələndirdiyi, yəni narazılığına səbəb olan hal qətnamənin icra mərhələsində icra məmurunun hərəkətləri ilə bağlıdır. Digər tərəfdən Kollegiya qeyd edir ki, hazırda mübahisələndirilən qətnamə apellyasiya və kassasiya qaydasında yoxlanılmışdır. Mülki Prosessual Məcəllənin 423.2-ci maddəsinə görə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Qanunvericiliyin tələbinə uyğun olaraq Maraqlı şəxs Ali Məhkəmənin qərarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Qeyd olunanlara əsasən Kollegiya apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-511/2017 nömrəli 28 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar