Məhkəmə qərarları › İş №2(103)-7615/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7615/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7615/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X8 və vəkili-nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehin yetkinlik yaşına çatmamış övladı X11 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından olan X11 adlı uşaqlarının anasının himayəsində saxlanması qərara alınmışdır. Həmçinin, məhkəmənin həmin qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı2 alimentin tutularaq Cavabdeh ödənilməsi də qərara alınmış, İddiaçı2 aliment öhdəliyini daim vaxtında icra etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1914/2004 saylı, 10 sentyabr 2004-cü il tarixli qətnaməsinə əsasən, X5 ünvan 1-ə istifadə hüquqları tanınmaqla onun azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Qətnamə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Lakin, cavabdehlə İddiaçı2 arasında olan razılaşmaya əsasən, cavabdeh mübahisəli mənzilə köçməmiş, bunun müqabilində isə Cavabdeh kompensasiya olaraq 2013-cü ildən hal-hazıra kimi oğlu ilə kirayədə yaşadıqları Bakı şəhəri, M.Cəlal küçəsi, ev 56B, mənzil 25-ə 2019-cu ilin avqust ayınadək hər ay 300 manat olmaqla kirayə haqqı İddiaçı2 tərəfindən ödənilmişdir. 7 il müddətində İddiaçı2 tərəfindən ümumilikdə 25200 manat kirayə pulu ödənilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 81 saylı mənzili mərhum X6 məxsus olmuşdur. İddiaçı1 4 nəfərlə 1979-cu ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. X1 vəfatından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 220 nömrəli, 11 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən mənzilin əsas icarədarı İddiaçı1dur. Cavabdeh iddiaçılarla bir evdə yaşamamışdır. Onun və oğlunun həmin mənzildə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin, cavabdehin həmin mənzildə hər-hansı əmlakı da yoxdur, bu günədək olmamışdır. İddiaçı2 cavabdehdən iddia tələbində göstərilən mənzildən qeydiyyatdan çıxmağı dəfələrlə xahiş etsə də, cavabdeh buna məhəl qoymamışdır. Buna görə də, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddianın verilməsi üçün ödənilmş dövlət rüsumunun iddiçaya aid edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-cu il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmamış uşağı X11 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 81 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın kirayə haqqı kimi ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə əlaqədar apellyasiya şikayəti tərtib edilərkən o da məlum olmuşdur ki, eyni tərəflər arasındakı eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə dair eyni vaxtda Binəqədi Rayon Məhkəməsində müxtəlif hakimlərinin icraatında iki mülki iş olmuşdur. Məhkəmənin 15 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinin cavabdeh Nəsirova ( Bağırova ) Sevinc Təyyar qızına qarşı “ kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi ” tələbinə dair ərizəsi məhkəmə qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardadda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərardadına istinad edilərək qeyd olunmuşdur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Beləliklə, tərəflər arasındakı mübahisəyə mahiyyəti üzrə baxıb qərar qəbul etməsə də, qəbul etdiyi qərardadda hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tətbiq edilməsini mümkün hesab etməmişdir. Tərəflər arasındakı mübahisəyə dair qətnamə qəbul etmiş hakim isə yalnış olaraq belə hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilməklə iddiaçıların tələbi təmin edilməlidir. Beləliklə, birmənalı şəkildə hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətinin həllində qüvvədə olan maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 və vəkilinümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlmədiklərindənvə bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "yaşayış yeri üzrə qeydiyyat haqqında” 03 iyul 2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh və 24 iyun 2003-cü il təvəllüdlü X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2005-ci il tarixli, 220 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mkr., Mir Cəlal küçəsi, 121 saylı binanın 81 saylı mənzilinin əsas icarədarı X9 vəfat etdiyindən mənzilin icarə müqaviləsi dəyişdirilmiş, İddiaçı1 Ağalar oğlu mənzilin əsas icarədarı hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli, 2- 1914/2004 saylı qətnaməsinə əsasən, Bağırova (Nəsirova) Sevinc Təyyar qızının Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(103)-568/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1914/2004 saylı, 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək X5 Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun yetkinlik yaşına çatmamış övladı X11 ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(102)-3653/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(103)- 568/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. X14 ilə İddiaçı1 arasında bağlanımş 01 iyun 2013-cü il tarixli "daşınmaz əmlakın icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı1 həmin tarixdən ayda 300 manat icarə pulu ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddianın təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. Həmçinin, yuxarıda qeyd olunan qərarda göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı2 Cavabdeh kirayədə yaşadığı evin kirayəpulu kimi 2013-cü ildən 2019-cu ilin avqust ayınadək ayda 300 manat ödəməsi faktı Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsində Cavabdeh izahatı hissəsində də öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, bu, işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 24 iyun 2003-cü il təvəllüdlü X7 yetkinlik yaşa çatanadək anası Cavabdeh yanında saxlanması qərara alındığından Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış uşağı ilə birlikdə iddia tələbində göstərilən mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-cü il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarında qeyd edilmişdir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəli ev xüsusi mülkiyyətdə olmasa belə mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. İddiaçı2 Cavabdeh ilə 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq, cavabdeh mübahisəli mənzilə gəlin köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, Mm-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Məcəllənin 228.1ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Kollegiya qeyd edir ki, cavabdehlər Cavabdeh kompensasiya olaraq 2013-cü ildən halhazıradək kirayədə yaşadığı Bakı şəhəri, M.Cəlal küçəsi, ev 56B, mənzil 25-ə 2019-cu ilin avqust ayınadək hər ay 300 manat olmaqla kirayə haqqının 7 il müddətində İddiaçı2 tərəfindən ümumilikdə 25200 manat kirayə pulu ödənilməsinə istinad etsə də, qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi kompensasiya məbləği istifadə hüququ itirilən zaman müəyyən edilir. Cavabdeh üçün əvvəllər kirayə haqqının ödənilməsi, kompensasiya təyin edildiyi halda kompensasiya məbləğinin həmin məbləğlə əvəzləşdirilməsinə əsas ola bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, işin qeyd olunan əhəmiyyətli hallarını nəzərə almamışıdır. Bununla da, yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Nəsirova (Bağırova) Sevinc Təyyar qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar