Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7616/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “nikahın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4339/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Azərbaycan Respublikasının Ankara Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 635675 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin uşaq vaxtlarından dostluq münasibətləri var. Belə ki, onların valideynləri uzun müddətdir ki, yaxınlıq edirlər. İddiaçı Türkiyə Respublikasının universitetlərindən birində imtahan verib rezidenturaya qəbul olunmuş, bu barədə xəbər tutan cavabdeh onu telefonla təbrik etmiş və görüşməyi təklif etmişdir. Görüşdükləri zaman söhbət əsnasında cavabdeh iddiaçıya bildirmişdir ki, o da Türkiyədə təhsilini davam etdirmək, orada rezidenturaya qəbul olunmaq istəyir. Söhbət zamanı hər ikisi Türkiyədə təhsil almaq və yaşamaq üçün güzəştli şərtlər və müəyyən imtiyazlar əldə etmək üçün (oturum izni, oxuduğun universitetdən əlavə yaşadığın yerə yaxın başqa universitetə qəbul olunmaq üçün sınaqlarda iştirak hüququ və s.) rəsmi nikahda olmağın vacibliyindən bəhs etmişlər. Bu zaman iddiaçı cavabdehə Türkiyə Respublikasında yuxarıda göstərilən imkanları əldə etmək naminə formal olaraq rəsmi nikaha girməyi təklif etmiş, cavabdeh əvvəl tərəddüd etmiş, lakin iddiaçı cavabdehi dilə tutaraq bildirmişdir ki, hər ikisinin mənafeyi naminə formal olaraq bağlayacaqları nikahı istədikləri zaman poza biləcəklər və ancaq kağız üzərində olacaq nikah onlar üçün gələcəkdə hər hansı narahatlıq və maneə yaratmayacaqdır. Beləliklə, onlar ailələrindən xəbərsiz şəkildə nikah bağlamaq qərarına gələrək, 21 iyun 2022-ci il tarixdə nikaha daxil olmuşlar. Bununla bağlı onlara xx.xx.2022-ci il tarixli 635675 nömrəli şəhadətnamə verilmişdir. Nikah bağladıqdan sonra onlar Türkiyə Respublikasına getmiş, cavabdeh orada rezidenturaya imtahan versə də, qəbul oluna bilməmişdir. Bundan sonra cavabdehin rezidenturaya daxil ola bilmədiyini öyrənən valideynləri artıq onun Türkiyədə qalması üçün heç bir səbəb olmadığını bildirərək, Bakıya geri qayıtmasını tələb etmişlər. İddiaçı ilə cavabdeh Bakıya qayıtdıqdan sonra valideynlərinə onlardan xəbərsiz nikah bağladıqlarını bildirmiş, hər ikisinin valideynləri bu özbaşınalığa görə onları möhkəm danlamış və formal olaraq qeydə aldırdıqları nikahın etibarsızlığı barədə dərhal məhkəməyə müraciət etməyi onlardan tələb etmişlər. Cavabdeh iddiaçının təklifi və xahişi ilə belə bir addım atdığını və buna görə də, məhkəmədə iddia qaldırmaq məsələsini iddiaçının həll etməli olduğunu bildirərək, məhkəməyə müraciət etməyi ondan xahiş etmişdir. Əsl niyyəti ailə qurmaq deyil, başqa ölkədə təhsil almaq və yaşamaq üçün daha əlverişli şərait əldə etmək olduğundan, planları baş tutmadığına görə formal nikahlarının qalmasının artıq lüzumsuz olduğunu anlayaraq, iddiaçı nikahın etibarsızlığı barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikasının Ankara Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikah saxta olduğundan etibarsız hesab edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4339/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Günay Abidova ) Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində iddia ərizəsində qeyd etdiyi hallara əsaslanmış, eyni zamanda rayon məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, nikah formal olaraq bağlanıb, məqsəd Türkiyə Respublikasında təhsil alarkən həmin dövlətin qanunlarına əsasən müəyyən imtiyaz və güzəştlərdən yararlanmaq olub. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. AZ-İ seriyalı 635675 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 001/22 nömrə ilə qeyd edilmişdir.
9. MŞB/5-02720 saylı xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə 34. Nikah hüququ İ. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. İİ. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Ailə Məcəlləsi:
11. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
12. Maddə 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
13. Maddə 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
14. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.
15. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:
16. Maddə 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;
17. Maddə 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);
18. Maddə 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
19. Maddə 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
20. Maddə 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
21. Maddə 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;
22. Maddə 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);
23. Maddə 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
24. Maddə 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır.
25. Maddə 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
26. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İddiaçı Türkiyə Respublikasında təhsillə bağlı imtiyaz və güzəştlərdən yararlanmaq üçün belə bir addım atdıqlarını bildirsə də, bunun təsdiqi kimi, yəni həmin imtiyaz və güzəştlərin konkret olaraq nədən ibarət olması, eləcə də bu imtiyazları nəzərdə tutan hər hansı rəsmi sənəd və ya digər sübutu məhkəməyə təqdim etməmişdir.
40. Məhkəmə kollegiya rayon məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, hazırkı halda nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun düşünülmüş şəkildə hərəkət etmiş, onların hazırkı mövqeləri də tam eyniyyət təşkil edir, nikah isə qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyri-müəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi faktdır. Belə olan halda həmin nikahın etibarsız hesab edilməsi üçün iddiaçı istinad etdiyi hallara dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağl tələblərə cavab verən və hər hansı şübhədən kənar sübut verməlidir. İddiaçının isə belə sübutları yoxdur.
41. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini təmin etməkdən imtina edən rayon məhkəməsi bu qənaəti, eləcə də cavabdehin iddian etirafına münasibətdə verdiyi qiymət hazırkı işin müəyyən olunmuş faktiki halları və maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Belə ki, rayon məhkəməsi MPM-in 52.5-ci maddəsinin tələbinə əsasən hesab etmişdir ki, cavabdehin etirafı qanuna (Ailə Məcəlləsinin yuxarıda istinad olunan normalarına ) zidd olduğundan qəbul edilə bilməz. Nəticə:
43. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək iddia tələbini təmin etməmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
45. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə edilməlidir.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4339/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev