Məhkəmə qərarları › İş №2(103)-762/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-762/2023

10.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-762/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsi ilə İddiaçı arasında bağlanmış xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır.(İş.v. 42 - 45)

2. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əlavədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.(İş.v. 46)

3. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********5 saylı, 25 noyabr 2020-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi İddiaçı əmək intizamını və etik davranış qaydalarını pozaraq xidməti vəzifəsində yol verdiyi nöqsana görə ciddi xəbardarlıq edilmiş, 3 ay müddətində təkrar belə hallara və digər xidməti nöqsanlara yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən intizam tənbeh tədbirlərindən birinin görüləcəyi bildirilmişdir.(İş.v. 48)

4. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir.(İş.v. 67) İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, 30 may 2022-ci il tarixində gecikdirilməklə ödənilmiş son haqq-hesabın gecikdirildiyi hər gün üçün 1 faiz olmaqla, ümumilikdə 18 gün üçün 18 faiz hesablanmaqla cavabdehdən tutulması, iş vaxtından artıq işlənilmiş vaxtın hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2002-ci ildən 2022-ci ilə qədər Dövlət Sosial Müdafiə Fondunun müxtəlif strukturlarında fərqli vəzifələrdə işləmişdir, 18 ildir ki, dövlət qulluqçusu olmuşdur. Son olaraq xx.xx.2020-ci il tarixli müvafiq əmrlə həmin tarixdən etibarən AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baş mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmişdir. Lakin işlədiyi vaxtda demək olar ki, təqvim ayının bütün günləri (istirahət günləri sayılan həftəsonu və bayram günlərində) iş vaxtından artıq işlər görmüşdür. Adi iş günlərində isə 9-10 saat, bəzən isə daha çox işləmişdir. Bunun nəticəsində onun sağlamlığına zərər dəymiş və müxtəlif müalicələr almışdır. Bununla bağlı tibbi rəy də vardır. O, bu qədər ağır rejimdə artıq işləyə bilmədiyi ilə bağlı Filialın direktoru Hüseyn Paşayevə ərizə yazmış və onu daimi əsaslarla daha yüngül işə keçirməyi xahiş etmişdir. Lakin bu rəhbərlik tərəfindən xoş qarşılanmamış, onlar bunu özlərinə qarşı hörmətsizlik olaraq qəbul etmiş və ona iş yerində təzyiqlər göstərməyə başlamışlar. Bütün bunların nəticəsində xx.xx.2022-ci il tarixli əmrlə onunla 3 ay müddətinə bağlanılmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermişlər. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. 20 ildən çoxdur mövcud sistemdə işləyir, bu sahədə kifayət qədər təcrübəsi vardır. Həmçinin o, 2022-ci ildə keçirilmiş imtahandan da kifayət qədər bal toplayaraq vəzifəyə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı vəziyyətdə işçi ilə 3 aylıq ardıcıl müqavilələr bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini göstərir və sübut edir. Cavabdeh bunu Əmək Məcəlləsinin 47-ci maddənin F bəndi ilə əsaslandırsa da, bu özlüyündə cəfəngiyatdır. Belə ki, həmin idarədə mindən çox işçi vardır və hər kəslə ardıcıl olaraq 3 aylıq müqavilələr imzalanır. İşçilər buna məcbur edilir və işçi ilə işəgötürən arasında olan müqavilə bərabərliyi prinsipi pozulur. Hesab edir ki, işçinin işlədiyi bütün iş vaxtından artıq saatlar hesablanaraq qanunvericiliyə uyğun olaraq ona ödənilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr 12 may 2022-ci il tarixdə verilsə də, ona son haqq hesab 30 may 2022-ci il tarixdə, yəni 18 gün sonra ödənilmişdir. Bu da ona əsas verir ki, son haqq hesabın gecikdirilmiş 18 faizi qədərində məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir.

7. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov), İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilmə, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmr ilə İddiaçı müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və Əmək müqaviləsinə xitam verilmişdir. Müddətin uzadılması üçün müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin (bundan sonra - ƏM) 11, 45, 47, 68, 73-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

12. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

13. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırma hissəsi bütünlükdə sadəcə bu cümlədən (işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir) ibarət olmaqla, iş üzrə məhkəmə iclaslarında və iddia ərizəsində göstərilmiş hallara toxunmadan və fikir bildirmədən qətnamə qəbul etmişdir. İşçi heç bir intizam pozuntusuna və qüsura yol vermədiyi halda, işəgötürən əsaslandırma etmədən işçi ilə müddətli əmək müqaviləsinə xitam vermişdir. Həmçinin bu əmək müqaviləsi daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılmış və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmışdır. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi işçi ilə niyə daimi deyil 3 aylıq müqavilə imzalanması məsələsi ilə maraqlanmamış, sadəcə iş üzrə formal qətnamə qəbul etmişdir. İşin halları ilə də sübut olunur ki, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin F bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməmişdir. Onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmuş və sənəd elektron imza ilə təsdiq edilməmişdir. Bu isə həmin sənədin qanuni olmamasına dəlalət edir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə əsasında nümayəndəsi Nümayəndə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

20. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

21. Maddə 45. Əmək müqaviləsinin müddəti:

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

22. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə.

23. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması.

24. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası:

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

25. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsi ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixli, xxxxxxx000300 saylı Əmək müqaviləsi bağlanmış və iddiaçı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF xx.xx.2022-ci il tarixli **********3 saylı əmrlə İddiaçı müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və Əmək müqaviləsinə xitam verilmişdir.

41. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, müddətin uzadılması üçün müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir. Eyni zamanda DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 2022-ci il may tarixli hesablaşma vərəqəsinə əsasən İddiaçı qalıq məzuniyyət kompensasiyası üzrə 471,52 manat və ödənilən iş günlərinin sayı üzrə 766,67 manat məbləğində son haqq-hesab pulu hesablanmış, tutulmalar üzrə hesablamadan sonra kartına 1012,36 manat pul köçürülmüşdür.

42. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürənin Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslıdır. İşəgötürənin əmri qanuni olduğundan əmrin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi ilə bağlı tələb iddiaçının iddia tələbində əsaslandığı hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən və qeyd olunan hallar iş materialları ilə müəyyən edilmədiyindən rədd edilməlidir.

43. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı verdiyi apelyasiya şikayətində qeyd etmişdir ki, o, heç bir intizam pozuntusuna və qüsura yol vermədiyi halda, işəgötürən əsaslandırma etmədən işçi ilə müddətli əmək müqaviləsinə xitam vermişdir. Həmçinin bu əmək müqaviləsi daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılmış və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmışdır. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. O, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməmişdir.

44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.

45. Məhkəmə kollegiyası İddiaçı əmək müqaviləsinin daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılması və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmasının qanunsuz olması ilə əsaslandırmaq üçün irəli sürdüyü bu dəlilini əsassız hesab edir. Belə ki, işin birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir.

46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmış işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmiş və ona görə də, cavabdeh haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.

47. Apelyasiya şikayətində iddia edilmişdir ki, cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, İddiaçı apelyasiya şikayətində əmək müqaviləsinin məhz bu şərtlərlə imzalanmasının ona diqtə olunmasını və imzalamasa onun işdən azad olunacağı barədə hədə-qorxu gəlinməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

50. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

51. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar