Məhkəmə qərarları › İş №2(103)-7620/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7620/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7620/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı 30.07.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək,İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə (evinə) köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin köçürülməklə həmin evə istifadə hüququnun tanınması, həmin fərdi yaşayış evinə sərf edilən vəsaitdə onun ½ hissədə payının müəyyən olunması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 2014-cü il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra o, ünvan 3 ünvanına gəlin köçmüşdür. Bir müddət həmin mənzildə yoldaşı ilə birlikdə yaşamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin mənzil həyat yoldaşının birinci nikahından olan ailəli qızı X3 adınadır. O, mənzili xəbərsiz satmış və həmin mənzilin pulunu mənimsəmişdir. Mənzilin pulundan atasına 10000-12000 manat pul göndərmişdir. Mənzil satılandan sonra onlar ünvan 1 ünvanında iki otaqlı ev almışlar. Mənzildə təmir işləri apardıqdan sonra oraya köçmüşlər və orada uzun müddət təmir işləri aparmışlar. Əsaslı təmir nəticəsində yaşayış evinin dəyəri nəzərəçarpacaq dərəcədə artmışdır. Evin mülkiyyət sənədi mövcud deyildir. Cavabdeh ünvanda yalnız pasport qeydiyyatındadır. İddiaçı isə ünvanda heç vaxt yaşamamışdır, sadəcə formal qeydiyyatdadır, orada ümumiyyətlə yaşayış üçün şərait yoxdur. Cavabdeh iddiaçının həmin mənzildən çıxıb getməsi üçün ünvanda dözülməz şərait yaratmış və ona psixoloji təsir göstərmişdir. İddiaçıya məlum olmuşdur ki, cavabdeh ondan xəbərsiz evin kommunal təchizatını başqa bir şəxsin adına keçirməklə mənzili onun adına rəsmiləşdirmək istəyir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur. İddiaçı 7 ilə yaxındır ki, həmin ünvanda yaşayır. Həmin ünvanda olan əmlaklarından istifadə edə bilmir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini azaltmış, onun Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qpaydada təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə Xətai Rayon Məhkəməsində baxılmasından onun xəbəri olmamışdır. O, neft işçisi olduğu üçün yaşadığı ünvana hər 15 gündən bir gələ bilir və bu müddətdə ona poçt xidməti tərəfindən hər hansı bildiriş təqdim olunmamış, o belə bir bildirişi almamış və bu barədə imza atmamışdır. Bu səbəbdən də o, cavabdeh olaraq iş üzrə tərəf kimi ona qarşı baxılan bu işdən, ümumiyyətlə, xəbərsiz olmuşdur. Buna baxmayaraq, məhkəmə baxışı iclası onun iştirakı olmadan keçirilmiş və nəticədə onun üçün müəyyən neqativ hüquqi nəticələr yaradan qətnamə qəbul edilmişdir. Bundan əlavə, iddia tələbinin mahiyyəti üzrə bildirmək istəyir ki, hazırki iş üzrə İddiaçı mübahisə predmeti olan yaşayış evinə dair subyektiv hüququ olan şəxs deyildir. Belə ki, daşınmaz əmlaka dair mülkiyyət hüquqları, eləcə də onun ayrı-ayrı tərkib hissəsi olan istifadə və yaşama hüquqları belə əmlakın, və ya hüquqların dövlət reyestrində qeydiyyatı nəticəsində əmələ gəlir. Bu da o deməkdir ki, hazırki iş üzrə İddiaçı mübahisə predmeti barədə subyektiv hüquqa malik olmadığından onun bu barədə iddiaçı qismində məhkəməyə müraciət etmək hüququ olmamışdır, eyni zamanda məhkəmə tərəfindən onun həmin fərdi yaşayış evinə dair hər hansı hüququnun təsbit edilməsi tamamilə qanunsuz və əsassızdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən, məhkəmə iclaslarında Cavabdeh iştirakını və təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə görə Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşə apellyasiya qaydasında baxan kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin edilməsini xahiş edən cavabdehin, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi, cavabdehin iştirakı təmin edilmədiyindən, bununla da çəkişmə prinsipi pozulduğundan ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilmələrək, iddia tələbi təmin edilməlidir. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə (evinə) köçürülməlidir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 öz izahatında bildirmişdir ki, o, İddiaçı qonşusudur. O, 1997-ci ildən, Çiçək xanım isə 2014-cü ildən orada yaşayır. Gedişgəlişləri vardır. İddiaçı sözügedən ünvanda daimi yaşamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 öz izahatında bildirmişdir ki, o, iddiaçı və cavabdehə məxsus olan ünvanda təmir işləri aparmışdır. 4-5 il ərzində həmin ünvanda öz usta yoldaşı ilə birlikdə işləmişdir. İddiaçı həmin müddət ərzində sözügedən ünvanda yaşamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 13 sentyabr 2014-cü il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuşlar. İddiaçı cavabdeh ilə birlikdə ünvan 1 ünvanında iki otaqlı ev alaraq oraya köçmüşlər. Həmin fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Beləliklə, məhkəmə tərəfindən mübahisəli evdə birgə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün iddiaçının evdən çıxmaq məcburiyyətində qalmasını müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehin mübahisəli evdə normal şərtlər daxilində yaşaması nəzərə alınsa, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni İddiaçı evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə cavabdehin razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından, cavabdehlə birgə təsərrüfat apardığından, tərəflərin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi iddiaçının özünəməxsus evi olmadığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada hüquqlar əldə etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə (evinə) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar