Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7621/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oglu ilə 08 iyul 1979-cu ildə ailə qurmuş və birgə nikahdan 10 fevral 1981-ci il tarixdə X2, 27 mart 1983-cü il tarixdə X3, 07 noyabr 1984-cü il tarixdə X4 adlı övladları olmuşdur. Ailə münasibətləri əvvəllər normal olmuş, lakin, sonradan pozulmuşdur. Belə ki, 29.01.2014-cü il tarixdə cavabdehlə aralarında olan nikaha məhkəmə qaydasında xitam verilmişdir.O, cavabdehlə nikah dövründə 06.01.2012- ci il tarixdə əldə edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi olan evində yaşamışdır. 17.01.2019-cu il tarixdə yaşadığı evdən səhər işə getmişdir. Həmin gün axşam işdən evə qayıdan zaman evin bayır qapısının qıfılının cavabdeh (keçmiş həyat yoldaşı) Cavabdeh oglu tərəfindən dəyişdirilməsi ilə əlaqədar evə daxil olmamışdır. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan evdə hazırda onun 40.000 manat dəyərində əşyaları var.Hal hazırda onun başqa yerdə yaşamağa yeri yoxdu. Cavabdeh tərəfindən istifadə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə onun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzrəində olan evə istifadə hüququ yaranır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019 saylı, 28 mart 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının başqa bir evdə qeydiyyatda olmaqla yaşaması, birinci instansiya məhkəməsinin isə bu hala qiymət verməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırda qızının və kürəkəninin yanında yaşadığını bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 184050 saylı, 29.01.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına 06.01.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 fevral 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1nin üzərinə həbs qoyulmuşdur (üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir). Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə cavabdehin qızıdır. 2006-cı ildə ailə həyatı qurmuşdur, 2011-ci ildə atası Cavabdeh onlara sürpriz etdiyini bilidrərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərindəki mübahisəli evi onlara göstərmişdir. Anası 2011-ci ildə mübahisəli daşınmaz əmlaka köçmüş və 2019-cu ilin yanvar ayına kimi həmin evdə yaşamışdır. Həmin vaxtdan sonra isə anası İddiaçı evin qapısının açarlarının Cavabdeh tərəfindən dəyişdirildiyi üçün həmin evə daxil ola bilmir. Bununla əlaqədar İddiaçı hazırda böyük qızının evində müvəqqəti yaşayır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə Cavabdeh doğma qızıdır. Mübahisəli ev atası Cavabdeh tərəfindən ailəyə sürpriz olaraq təqdim edilmişdir. Valideynləri 2011-ci ildən etibarən həmin ünvanda yaşamışdır. Daha sona valideynləri arasında münasibətlər korlanmış və onlar boşanmışlar. Həmin tarixdən etibarən anası uenə mübahisəli ünvünda yaşamış, atası isə həmin evdən çıxaraq başqa ünvana köçərək özünə yeni ailə həyatı qurmuşdur. Anası 2019-cu ilin yanvar ayına kimi həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Başqa sözlə, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqi nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İşin hallarında isə görünür ki, cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Müəyyən olunur ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Kollegiya, həmçinin, hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019 saylı, 28 mart 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apelyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7621/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7621/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver