Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7622/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(008)-4064/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ünvan 1 ünvanda "xxxx" ASC tərəfindən **********29001 abunə kodu ilə qeydiyyata alınmışdır.
2. xx.xx.2022-ci il tarixli, 252605 saylı akt əsasında sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmış, xx.xx.2022-ci il tarixdə işıq sayğacı yenisi ilə əvəz edilmişdir.
3. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Akt- Protokola əsasən sayğacın faza xəttinin giriş yuvasının texniki təsir nəticəsində yanması, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığı, sayğacın istismara yararsızlığı müəyyən edilmişdir.
4. İddiaçıya aid abunə haqqında sənədə (saldo) əsasən yeni sayğac xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdə 440,64 manat və limitdən artıq sərfiyyat kimi 260,40 manat, xx.xx.2022-ci il tarixdə 1 manat, cəmi 702,04 manat ödənilməmiş sərfiyyat hesablanmışdır. Həmin saldodan eyni zamanda görünür ki, iddiaçı tərəfindən hər ay hesablanmış sərfiyyata dair ödənişlər aparılmışdır.
5. "xxxx" ASC tərəfindən iddiaçıya müraciətin araşdırılması barədə xx.xx.2022-ci il tarixli cavabd məktubu ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 659,33 manat məbləğində borcun fərdi yaşayış evində istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barəldə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qalıq borc kimi göstərilən 702,04 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır və həmin mənzil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları mənzilin sayğacına baxış keçirmiş, sayğacın qriftinin əridiyi, ekranının oxunmadığını müəyyən etmiş, bu səbəbdən də sayğacın dəyişdirilməsi qərara alınmışdır və bu barədə xx.xx.2022-ci il tarixli, 252605 saylı akt tərib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə işıq sayğacı yenisi ilə əvəz edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Akt-Protokolda isə qeyd edilir ki, sayğacın faza xəttinin giriş yuvası texniki təsir nəticəsində yanıb. Xəta faizlərini yoxlamaq mümkün deyil. Sayğac istismara yararsızdır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq, "xxxx" ASC 702,04 manat dəyərində elektrik enerjisi sərfiyyatı hesablayaraq, iddiaçının hesabına borc kimi qeyd edilmişdir. Aşağıdakı səbəblərə görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən akt-protokolu əsassız hesab edir. Sayğacın dəyişdirilməsinə səbəb olmuş hallar iddiaçının təqsiri və yaxud müdaxiləsi nəticəsində baş verməmişdir. Budan əlavə qısa bir müddət ərzində istifadə olunan elektrik enerjisinə görə 702,04 manat borcun hesablanması da düzgün deyildir. Göründüyü kimi bu məbləğ cavabdeh tərəfindən şişirdilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları elektrik enerjisindən istifadə nəticəsində "xxxx" ASC-yə 702,04 manat borcun yaranmasını qeyd etsə də, bu məbləğin necə hesablanması, necə müəyyən edilməsi barədə heç bir məlumat verməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(008)- 4064/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı qalıq borc kimi hesablanmış 702,04 manat borc məbləğinin silinməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən hər ay hesablanmış sərfiyyata dair ödənişlər aparılmışdır. Cavabdeh tərəfindən sayğac yenisi ilə əvəz edildikdən sonra saldoda əks olunmuş 702,04 manat borcun yaranmasına dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqmda” Qanununun 7.4-cü, 7.6-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan **********20001 saylı abunə haqqında məlumatın və abonentin hərəkət cədvəlinin təhlilindən aydın olur ki, iddiaçının iddia verilən tarixədək olan qalıq borcu 686.02 manat təşkil edir və qeyd edilən borc istehlak edilmiş lakin dəyəri ödənilməmiş sərfiyyat borcudur. Belə ki, xx.xx.2022-ci il tarixli 252605 saylı akt əsasında iddiaçının yaşadığı ünvandakı elektrik sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac yenisi ilə əvəz olunarkən köhnə sayğacın üzərində olan 440.64 manat sərfiyyat borcu və limitdən artıq sərfiyyat kimi hesablanmış 260.40 manat, cəmi 701 manat sərfiyyat borcu yeni sayğacın balansına yüklənmiş və yaranmış qalıq borcun ödənilməsi barədə abonentə müvafiq bildiriş göndərilmişdir. Qeyd edilməlidir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği abonent tərəfindən sərf edilmiş lakin dəyəri ödənilməmiş elektrik enerjisinin borcunu təşkil edir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının mənzilində olan sayğac yenisi ilə əvəz edilən vaxt sayğacda olan ödənilməmiş borc ümumilikdə 702 manat hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədən iddia tələbini təmin etmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, əvvəlki sayğacının dəyişdirilməsinə səbəb sayğacın ekranının oxunmaması olmuşdur. Lakin sayğaca hər hansı müdaxilə edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinın qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqmda” Qanununun 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
17. Həmin Qanunun 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
Apelyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hər ay hər ay hesablanmış sərfiyyata dair ödənişlər aparılmışdır. Cavabdeh tərəfindən isə sayğac yenisi ilə əvəz edildikdən sonra saldoda əks olunmuş 702,04 manat borcun yaranmasına dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia təmin edilməklə, həmin məbləğ silinməlidir.
24. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, belə ki, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ödənişlər aparılmış eləcə də yenisi ilə əvəz edilən sayğacda görünən son rəqəmin borc kimi qeyd edilməsinə əsas olan hallar barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir.
25. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə ləğv edilə görə bilməz.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
33. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın qiyməti 702,04 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i :
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(008)- 4064/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov